Sərkisyan hiyləsi: Qarabağın bir hissəsi qaytarılır və…

Sərkisyan hiyləsi: Qarabağın bir hissəsi qaytarılır və…
Tarix: 03.11.2017 15:21
Oxunma sayı: 1092
Paylaş:

Ermənistan Prezidenti Serj Sərkisyanın hakim Respublika Partiyasının siyasi məktəbində çıxışı, müttəfiqi Rusiyadan sonra Ermənistanın da Bakı-Tiflis-Qars dəmiryolu layihəsinə qoşulmaq arzusu ilə bağlı Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun Axar.az-a müsahibəsini təqdim edirik:

- Ötən gün Ermənistan prezidenti ilk dəfə açıq şəkildə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsində güzəştlərdən bəhs edib. Güzəştlərlə bağlı Ermənistanı ağrılı qərarların gözlədiyini etiraf edən Serj Sərkisyan Qarabağ probleminin həlli yolunun bunsuz mümkün olmadığını dedi. Sərkisyanın bu açıqlaması Ermənistanın növbəti siyasi oyunudur, yoxsa reallıq?

- Görünür, Sərkisyan alver qabağı şərtləri qəbul etmək istəyir. Ermənilərin mövqeyi hədər veriləndə onlar ən yüksək tələbləri qoyurlar. Bəs bu tələblər nədən ibarətdir? Onlar hesab edirlər ki, Dağlıq Qarabağ və onun hüdudlarından kənarda olan rayonlar Ermənistana məxsusdur. Yəni işğal olunmuş torpaqların bir hissəsini ağrılı şəkildə kompromisə gedib Azərbaycana versələr, bunun əvəzində Dağlıq Qarabağ və işğal olunmuş torpaqların digər qismi birbaşa Ermənistana birləşəcək. Reallıqda İrəvanın hazırkı mövqeyi məhz bundan ibarətdir. Təbii ki, bu, bir növ siyasi oyundur və Sərkisyanın açıqlamasını ciddi qəbul etmək olmaz. Fikir verin, Dağlıq Qarabağda yaşayan erməni icmasının təhlükəsizliyini və bu ərazinin inkişafı ilə bağlı şərtləri müdafiə edən ermənilər indi necə yüksək tələblərlə çıxış edirlər. Bu, İrəvanın növbəti alveridir, ona görə də ciddi yanaşmağı tövsiyyə etmirəm.

- Tofiq müəllim, Sərkisyan məlum müsahibəsində Dağlıq Qarabağ məsələsinin tənzimlənməsində güzəştlərlə bağlı hissədə hansısa qərarlara da eyham vurub. Söhbət hansı qərarlardan gedə bilər?

- Söhbət Dağlıq Qarabağ ətrafında işğal olunmuş torpaqların kiçik bir qisminin Azərbaycana qaytarılmasından gedir. Bunun üçün xüsusi siyasi mexanizmlər də nəzərdə tutulub. Onlar hesab edirlər ki, Azərbaycanla bu sazişi bağlayanda BMT-nin xüsusi bir qətnaməsi və həmsədr dövlətlərin bəyanatları olmalıdır ki, ermənilərin təhlükəsizliyi təmin edilsin və Dağlıq Qarabağda sülhməramlı qüvvələr yerləşdirilsin. Ermənilərə görə onlar yalnız bundan sonra Azərbaycandan ola biləcək hərbi təhlükədən özlərini sığortalayıb, Dağlıq Qarabağın müstəqilliyini, ya da Ermənistana birləşdirilməsini elan edəcəklər. Hesab edirəm ki, onların hazırkı strategiyası təxminən bundan ibarətdir. Ermənistan işğal olunmuş torpaqların bir hissəsini Azərbaycana geri qaytarmaqla beynəlxalq ictimaiyyəti İrəvanın konstruktiv və kompromis mövqeyinə inandırmaq məqsədi güdür.

- Demək, söhbət heç də ilkin mərhələdə 5 və ya 7 rayonun qaytarılmasından getmir...

- Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi 4,4 min kv.km-dir. Ümumi işğal edilmiş ərazimiz isə 16 min kv.km-ə yaxındır. İndi Ermənistan bu 16 minin çox cuzi bir hissəsini Azərbaycana geri qaytarmaqla birinci mərhələnin üstündən xətt çəkməyi və bununla da özünə tam şəkildə beynəlxalq təminat almağı planlaşdırır.

- Tofiq müəllim, bir neçə gün öncə Azərbaycan Bakı-Tiflis-Qars dəmir yolu xəttinin açılışı ilə regionun tarixində qızıl səhifə açdı. “Dəmir ipək yolu” adlandırılan Bakı-Tiflis-Qars dəmiryolu xəttinin sosial-iqtisadi, strateji əhəmiyyəti ilə yanaşı, siyasi önəmi də az deyil. Bunlardan biri Qarsdan Naxçıvana birbaşa dəmiryolunun çəkilişi ilə Azərbaycanın ayrılmaz hissəsi ola bu bölgənin blokadadan çıxarılmasıdır. Ən mühüm isə Ermənistanın Bakı-Tiflis-Qars dəmiryolu layihəsində iştirakının Qarabağ danışıqları prosesinin ayrıca predmeti ola biləcəyi versiyalarının irəli sürülməsidir. Necə düşünürsüz, belə bir variant gündəmə gələ bilərmi?

- Konflikt başlayandan bu yana bir çox erməni politoloq və siyasi şərhçiləri, əsasən də Rusiyada yaşayan ermənipərəst siyasətçilər hər kəsi inandırmağa çalışırdılar ki, Qarabağ problemi Azərbaycanın və ümumiyyətlə o zamanlar yeni müstəqillik əldə etmiş türk dövlətlərinin Qərb və Türkiyə ilə interasiyasının qarşısını alır. Məqsəd təbii ki, regional layihələri əngəlləmək idi. Bakı-Tiflis-Qars dəmiryolu xəttindən öncə onlar açıq şəkildə bəyan edirdilər ki, Bakı-Tiflis-Ceyhan neft kəməri, TANAP layihələrinin reallaşmasında yeganə maneədirlər. Ancaq Azərbaycan ardıcıl şəkildə bu layihələri həyata keçirməklə müstəqil siyasət apardığını sübut etdi. Addım-addım Rusiyaya da bəlli oldu ki, ermənilərin bəhs etdiyi “təhlükələr” heç də təhlükə deyilmiş. Sözügedən layihələrin Qarabağ məsələsinə birbaşa təsirinə gəlincə, hesab edirəm ki, Azərbaycan Rusiya üçün faydalı tərəfdaş olarsa, Moksva İrəvanı Qarabağ məsələsində dəstəkləməyəcək. Əgər bu, baş versə, təbii ki, ermənilər öz işğalçı siyasətindən dönməli olacaqlar. Yəni adı çəkilən layihələrin Qarabağ məsələsinə birbaşa bağlılığı var. Doğurdan da, BTQ və Şimal-Cənub nəqliyyat xətti çox böyük layihələrdir. Təsəvvür edin, Türkiyə przidenti layihənin önəmini vurğulayaraq BTQ sayəsində Londondan Pekinə qədər çıxışın mümkün olacağını bildirib. Həmçinin Rusiya prezidenti digər bir coğrafiyadan bəhs edərək “Şimal-Cənub” dəhlizi ilə Sankt-Peterburqdan Hindistanın Mumbay limanına qədər dəmiryolunun çəkiləcəyini qeyd edib. Avrasiya qitəsinin səslənən coğrafi nöqtələrinin birləşməsinin Azərbaycandan keçməsi böyük uğurumuzdur.

Reaksiya.az

Şərhlər