“Qarabağ 2025-26 -ci illərdə işğaldan azad olunacaq” - İqbal Ağazadə “180 dərəcə” layihəsində | Reaksiya

“Qarabağ 2025-26 -ci illərdə işğaldan azad olunacaq” - İqbal Ağazadə “180 dərəcə” layihəsində

"Övladınla dost olacaqsansa, atalığı itirəcəksən"

Tanınmış jurnalistlər Samir Feyruzov və Zaur Qəriboğlunun təqdimatı ilə yeni media layihəsinə start verilib. “180 dərəcə” adlanan yeni media layihəsində müsahiblərlə bütün məsələlər ərtafında qeyri-rəsmi, səmimi müzakirələr aparılacaq. Ümid edirik ki, açıq sual-cavablar üzərində qurulan müsahibələr oxucuların da diqqətini cəlb edəcək. “180 dərəcə” layihəsinin ilk qonağı “Ümid” Partiyasının sədri, sabiq millət vəkili İqbal Ağazadədir. 

İqlab bəyi müsahibəyə razı salmaq elə də çətin olmadı, bircə zəng müsahibənin taleyini həll etdi. İlk telefon danışığımızda müsahibəni restoranların birində çay süfrəsi ətrafında keçirməyi də təklif etdik. Razılaşdı! Ofisdə görüşüb getməli idik. Amma İqbal bəy bizi ofisdə çaya qonaq etdi. Səbəbini ən yaxşı özü bilir. Saydıq, 49 dəqiqə davam edən müsahibə zamanı İqbal bəy nə az-nə çox düz 7 ədəd siqaret çəkdi. Belə başa düşdük ki, İqbal bəy təxminən hər 9 dəqiqədən bir siqaret çəkir.

26696371 1809306409143825 199038537 n


S.F- İqbal müəllim, səhhətiniz necədir?

- Şükür Allaha, normaldır. Ara-sıra kiçik problemlər olur, onları da həll etməyə çalışırıq. Görünür yaş və problemlər öz sözünü deyir.

S.F- Son üç ildə həkimdə olmusunuzmu?

- Mən hər 6 aydan bir həkim müayinəsində oluram.

S.F- Bilirsinizmi niyə soruşuram,  sizin üçün 2015-ci ilin  payızımı daha çətin idi, yoxsa 2018-ci ilin yazı?

- 2018-ci ilin yazı çox çətindi. Mən insan həyatındakı məğlubiyyətləri,  qələbələri onun fərdi uğur və uğursuzluqları kimi qiymətləndirmirəm. Biz tək yaşamırıq bu cəmiyyətdə. Bizi nələr narahat edir, diqqət edin. Bizim yaxınlarımızdan biri vəfat etsin, bu bizi narahat edir. Mən çox pis oluram. Ola bilər ki, 2015-ci ilin seçkilərində parlamentdə muxalifət də olmadı... 

Z.Q.- Yəni deyirsiniz ki, parlamentdə müxalifət yoxdu!?

- Mən demirəm ki, orda müxalifət yoxdu, sadacə mənim kimi çıxış edən yoxdu. 

Z.Q.- Bayaq dediniz ki, həkimdə çox olursunuz. Musahibələrinizin birində də qeyd etmisiniz ki, "siyasətçi olmasaydım, bəlkə də həkim olardım".

- Olardım.

28721598 1809307729143693 640537069 n

Z.Q.- Azərbaycanda həkim olmaq çətin deyil?

- Mən insana qulluq etməyi sevirəm. İnsana yaxşılıq etməyi və insanı sevindirməyi sevirəm. Həkim də belədi: o, fərdlərin həkimidi, siyasətçi isə cəmiyyətin. Siyasətçi də cəmiyyətin probləmlərini həll  edir. Mən bunları bir-birinə  yaxın peşə hesab edirəm. Siyasəti və həkimliyi heç də bir-birinə uzaq peşə hesab eləmirəm.  

Z.Q.- İqbal bəy, futbolçu olsaydınız ən çox hücumçu olardız, qapıçı ya müdafiəçi?

-Qapıçı olardım. Mən uzun müddət qapıçı olmuşam. Yaxşı da qapıçıyam (gülür). Məktəb komandasında da, Milli Məclisin komandasında da uzun müddət qapıçı olmuşam.

Z.Q.- Bildiyim qədəri ilə sədri olduğunuz “Ümid” Partiyasının təsisçisi siz olmamısınız?

-Yox

Z.Q. - Necə oldu ki, siz partiyaya gəldiniz?

- Biz 2002-ci ilin noyabrın ayının 24-də “ Ümid” Partiyasının o vaxtkı rəhbərliyi ilə danışıqlar apardıq, mən  də partiyaya üzv kimi gəldim və 2002-ci ilin dekabr ayında partiyanın ümumi qərarı ilə sədr seçildim.

S.F.- İqbal bəy, siyasətdən çox danışacağıq. Yaxşı olardı ki, bir az da ailənizdən danışasız.        

- Oğlum Azərbaycan Diplomatiya Akademiyasının biznesin idarə olunması fakültəsində ikinci kursda təhsil alır. Onun təhsilindən də, tərbiyəsindən də çox razıyam. Qızım orta məktəbdə oxuyur.

Z.Q.- Necə atasınız?

-  (Düşünür) Necə ata olduğumu övladlarım deyə bilər.  Mən çalışmışam ki, onlar üçün ata olum. Bəzən deyirlər ki, övladla dost olmaq. Əslində isə dost yox, ata olmaq lazımdı. Atalığın içərisində hər şey var: dostluq da, yoladaşlıq da, sərtlik də, qınaq da... Övladınla tək dost olacaqsansa, atalığı itirəcəksən.

 

"Atatürk Türkiyə, Corc Vaşinqton Amerika üçün  şablon cızdı,  Azərbaycan üçün hələki şablon yoxdu"

 

S.F.- Həkimin övladı xəstədi, kardioloqun ürəyi. Alimin, müəllimin övladı savadsızdı. Həqiqətənmi ağır xəstəliyə tutulmuşuq?

- Xəstə olmamışıq, cəmiyyətə epidemiya yayılıb. Cəmiyyəti qorumalı olan siyasətçilər bu epidemiyanın qarşısını alacaq təsirli vasitələr tapa bilmirlər. Hər yerdə epidemiya var. Bir sahə üzrə deyil. Mənəviyyatda da epidemiya var.., siyasətdə də, davranışlarda da. Bilirsinizmi, insanı heç vaxt yaxşılıqlar çəkmir. Çox nadir hallarda  yaxşı şeylərə meyl edirik. İnsanı həmişə pis şeylər çəkir. Bilmirəm nədəndi, amma təəssüf ki, belədi. Diqqət etsəniz, kütlə düşüncəsində ixtira, savad, yenilik və kəşf yoxdu. Bunlar hamısı fərdlərin üzərinə düşür. Bax, o kütlə epidemiyası bizdə geniş yayılıb. Bu gün millət üçün bu  şablonu cızacaq siyasətçilər yoxdu. Atatürk Türkiyə, Corc Vaşinqton Amerika üçün  şablon cızdı. Ondan sonra o şablona rənglər qatan oldu. Amma şablonu dağıtmadılar.

S.F.-Azərbaycan üçün kim cizcaq bu şablonu?

- Azərbaycan üçün şablon yoxdu, onu cızacaq adam da yoxdu. Bu şablonu cızmaq siyasətçilərin üzərinə düşür. Hər kəs öz parametrinə uyğun şablon cızmağa çalışır. Doğru-dürüst cızılsa, millət üçün problem olmaz. Kimlərsə özünün, öz baxış bucağına uygun şablon cızır və milləti məcbur edir ki, ona uyğun getsin. Millət də o şablona sığmır. Cəmiyyətdə çətinliklər problemlər yaranır. 

S.F.- Kimi görürsüz şablon cızacaq?

- Vallah, biz çalışırıq ona. Kimi görsəydim gedib arxasında dayanardım. Amma heç kimi görmürəm. Özümüz də onun üçün çalışırıq,  bu şablonun ən az detallarını görürük. Mən belə tip adamam ki, görsəm kimsə millət üçün şablon cızır və bu doğru şablondu, gedib onun arxasında dayanaram.

Z.Q.- Cəmil Həsənli “REAL”a və Müsavata müraciət edərək, onları mitinqlərdə iştirak etməyə çağırdı. O siyahıda sizin adınız yox idi, sizi müxalifət hesab etmirlərmi?!

-Vallah, mən müxalifət olmaq üçün heç vaxt çalışmadım, dava da aparmadım ki,  mən müxalifət olum. Mən uzun illərdir iqtidar olmaq üçün çalışıram. Kimsə müxalifət olmaq istəyir, kömək edərəm. Mən adamları düşüncə və təfəkkürünə, siyasi baxışına görə ittiham etməyi qəbul etmirəm. 

S.F.- Sərdar Cəlaloğlunu dəstəkləyəcəksinizmi?

- Sərdar Cəlaloğlu ilə şəxsi mənada münasibətlərim var, söhbətlərimiz də olub. Mən fərd olaraq istənilən şəxs haqqında qərar verə bilərəm. Amma partiya başqanıyam. Bu, partiyada müzakirə olunacaq və qərar veriləcək. Hələlik bu barədə müzakirə olmayıb. Sərdar bəyə gərək olan dəstəyi fərd olaraq verirəm.

Z.Q.-İqbal bəy valideynləriniz sağdı?

-Atam rəhmətə gedib, anam sağdı.

Z.Q.- Necə övladsınız?

- Bu yaxınlarda anamın ad  günü idi. Mən ona, "sənə nə hədiyyə edə bilərəm?" dedim. "Mən sənə sosial şəbəkələrdəki çıxışlarımın altındakı xoş sözləri- “Ananızın əllərindən öpürəm”, “Allah ananıza can sağlığı versin”  sözlərini hədiyyə edirəm dedim. Məncə,valideynə bundan gözəl nə hədiyyə etmək olar?!

28535058 1809305549143911 1456333223 n

Z.Q.- Siz əslən Füzulidə doğulmusunuz.  Uşaqlıq xatirlərlənizlə bağlı nələr tez-tez yadınıza düşür?

- Heç yadımdan çıxan bir şey varmı ki?! Havalar soyuq olanda mən çox pis oluram. Mənə elə gəlir ki, nəinki torpaq, orada indi ağaclarımız da üşüyür.  Bu yaxınlarda Füzulinin azad olunmuş kəndlərindən birində yas məclisində idim, ordan bizim kəndə iki kilometrdi.  Mən çalışıram ki,  o tərəflərə tez-tez gedim. Məni bu dünyaya bağlayan torpağa gedə bilmirəmsə, nədən boş danışırıq?! Orda mənim xatirələrim və  içimdə bir nisgil var. Bəzən deyirik ki, torpaqlarımızı qaytara biləcəyikmi? Torpaq heç yerə getməyib, öz yerindədir. Biz ora qayıtmalıyıq. 

S.F.- Qayıda biləcəyikmi?

-Mütləq! Qayıdacağıq!

S.F.- Buna inanırsız?

- Əlbəttə inanıram! Və siyasətçi olaraq inanıram.

S.F.- Artıq 30 il keçib...

- Olsun! 30 ildə yanaşmalar da fərqli olub. Bu gün də doğru deyil.

Z.Q.- İqbal bəy, mən dəfələrlə bunu yazılarımda da qeyd eləmişəm ki, "Ermənistan -Azərbaycan  Dağlıq Qarabağ münaqişəsi" ifadəsi doğru deyil. Ermənistan Azərbaycana silahlı təcavüz edərək torpaqlarımızı işğal edib. 

 -  Parlamentdə bununla bağlı çıxışım var.

Z.Q.-  Bu münaqişə deyil.

- Bilirsiniz necədi, adını nə istəyirsiniz qoyun. Fakt odur ki, bizim nəticə olaraq torpaqlarımız işğal olunub. Biz onu azad etməliyik. Biz öz torpaqlarımıza qayıtmalıyıq. Mən pafosla danışmıram. Biz ora qayıtmasaq da, heç nə olan deyil. Biz Göyçə, Zəngəzura da qayıtmamışıq. Göyçə, Zəngəzurun Qarabağdan nə fərqi var ki? Dünən bizim idi, bu gün bizdə deyil. İndi də Qarabağ bizdə deyil. Göyçə, Zəngəzur, İrəvanla Qarabağın heç bir fərqi yoxdu. Birini çoxdan, itirmişik, birini təzə. Torpaqlarımıza qayıtmağımız üçün əlimizdə çoxlu əsaslarımız var. Biz onları düzgün hesablamalıyıq, amma bunu bacarmırıq. Biz nə zaman, hansı addımları atacağımızın düzgün bazasını müəyyənləşdirməliyik.

Z.Q.- Ölkəmizin apardığı informasiya müharibəsinin səviyyəsindən razısınızmı?

- İnformasiya müharibəsi boş şeydi. Məsələn, Şri-Lankada nə olur, bilirsinizmi? Yox, nəyinizə lazımdı. Qaldı ki,siyasətçilərin mövqeyinə, mən siyasətçiyəm deyə daha çox maraqlanıram. Qarabağ həqiqqətlərini dünyaya yaymaq da həmçinin. Bilirsiniz, bir vətəndaşın “belə oldu, siz bunu bilirdinizmi?” deməsi  heç nəyi dəyişmir.

Z.Q.- İnformasiya müharibəsi deyərkən söhbət ondan getmir ki, yazmaq kimisə məlumatlandırmaq. Hər hansı bir siyasi addımı atmaq belə informasiya müharibəsindəki qələbənin təmin olunmasında mühüm rol oynayır.

- Dünya problemin mahiyyətini çox gözəl bilir. Nəyi çatdirmaq istəyirsiniz, Xocalını? Bunu Azərbaycan bilməyəndə dünya bilirdi. Rusiya, Amerika, Fransa da regionla  bağlı maraqlı dövlətlərdi. Bu gün də bilirlər burda nə baş verir, vəziyyət necədi. Məgər BMT-də oturanlar bilmir ki, 1992- ci  ilin 2 martında Azərbaycan BMT- yə hansı maraqlar çərçivəsində daxil olub? Biz çalışmalıyıq ki, o ölkələrin maraqlarını dəyişək. Ona heç nə öyrətməyə çalışmayaq. O heç nəyi öyrənməyəcək də. 

Z.Q.- Bəs bu sadaladıqlarımız da informasiya müharibəsidir də...

- Bu informasiya müharibəsi deyil, konkret siyasətin nəticəsidir. Siz mənə 100 gün təbliğat aparın: erməni yaxşıdı, erməni dostdur. O mənim maraqlarımı, tələblərimi dəyişdirmir. Erməni ilə mənim maraqlarımı uzlaşdıran məqamlar var. O həllini tapsa, yüz dəfə deyin ki, düşmənsiniz.  Dünyada da belədir.

Z.Q.- Amma bu gün dövlət buna kifayət qədər vəsait ayırır...

- Yenə deyirəm, bununla bağlı aparılan təbliğat mənim qəbul etdiyim səviyyədə deyil. Mən bunun əlehinəyəm.

28534076 1809281069146359 1427905299 n

S.F. - Azərbaycan telekanallarına baxırsınız?

- Telekanallarımıza demək olar ki, baxmıram. 

S.F. - Bəs seriallarımza?

Seriallarımız qarşıma çıxıb, təsadüfən görmüşəm. Seriallarımızda aktyor ifası olduqa zəifdir.  Gülüşümüz bərbad, satiramız bərbad... Yəni bu gülüş Azərbaycan insanını tərbiyə edəcək amil deyil.

S.F. - 1994-cü ildə dünyanın nəhəng 21 şirkəti “Əsrin müqaviləsi”ni imzaladı. Təbii ki, bu şirkətlər bilirdilər ki, Azərbaycanın ərazisi işğal atındadır və bir gün Azərbaycan öz torpaqlarını qaytara, müharibə edə bilər. Sizcə, bunu bilə-bilə ölkəmizə niyə sərmayə qoyurdular? Zəmanətmi almışdılar..?

 - Azərbaycanın müxtəlif dönəmlərdə üzərinə götürdüyü öhdəliklər var. Məsələn, atəşkəs rejimi 1994-cü ilin 12 mayında bağlanıb. Kontrakt isə sentyabrın 20-də imzalanıb. Demək ki, aradakı zaman məsafəsi atəşkəs haqqında bir sıra öhdəliklərə əməl olunacağından xəbər verir. Azərbaycan  Avropa Şurasına daxil olarkən Azərbaycan müxalifəti də, iqtidarı da müharibə etməyəcəkləri barədə öhdəlik götürdülər. Bu gizli olan bir şey deyil.

 

"Qarabağ 2025-26-cı illərdə işğaldan azad olunacaq"

 

S.F. - Bəs onda niyə deyirik ki, sülh olmayacaqsa, Qarabağı hərb yolu ilə geri qaytaracağıq?

- Onu deyənlərdən soruşun, mən deyə bilmərəm. Mən ona görə hər zaman  deyirəm ki, müharibə etmək elə də asan deyil. Biz Avropa Şurası qarşısında öhdəlik götürmüşük. Bundan başqa, 2006-cı ilin noyabrında  yaxın qonşuluq siyasəti çərçivəsində müqavilə bağlandı. Azərbaycan onda da problemin həlli ilə bağlı öhdəlik götürüb. Siz diqqət edirsiniz ki, atəşkəs pozulanda, dərhal beynəlxalq təşkilatlar narahatlıq keçirir, bəyanatlar verir, görüşlər təşkil edirlər. Müharibə etmək bu günkü gün üçün elə də asan deyil. Lakin müharibə etməyin də qarşısını alan mexanizm yoxdu.

S.F. - Sizi inandıran budurmu? Siz dediniz ki, inanıram torpaqlarımız qayıdacaq. Bu inam hardandı sizdə?

- Mən inamın hardan gəldiyini yox, bunun nə zaman baş verəcəyini, Qarabağın nə zaman işğaldan azad olunacağını deyə bilərəm. Bu problem 2025-26-cı illərdə həllini tapacaq. Həmin illərdə bu problem həllini tapmasa,  daha 30 il də həll olunmamış qalacaq. “PostPutin” dönəmində heç kimə sirr deyil ki, bu gün Ermənistanın arxasında dayanan, ümumiyyətlə, postsovet ölkələrində münaqişələr yaradan Rusiyadır. 2024-cü ildə “PostPutin” dönəmi bitir. 2025-26-ci illər Rusiyanın ən çətin dövrü olacaq. Mən əminəm ki, 2024-cü ildə Putin hakimiyyətdən gedəcək, növbəti mərhələyə qalmayacaq. Əslində, Qərbin sanksiyaları da “PostPutin” dönəminə hesablanıb. Onda Azərbaycan öz problemini həll edə bilər. Necə həll edəcək, onu bu gün demirlər. Amma ona qədər Azərbaycan alt yapını düzəltməlidir. Beynəlxalq  aləmdə, aparıcı dünya dövlətləri ilə münasibətdə, Avropaya inteqrasiyada və s. problemlər yaşamasın.

S.F. - Deyirsiniz ki, Putindən sonra Azərbaycan üçün fürsət yaranacaq. Sizə elə gəlmirmi ki, Putin gedəndən sonra taleyimizdə sual işarələrinin sayı daha da artacaq?

- Bu yaxınlarda səfirlərin iştirakı ilə Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı qapalı forum keçirilirdi. Ekspertlərin 6-sı Azərbaycandan idi, qalanları səfirlər. Orda Azərbaycan- Ermənistan münaqişəsinin yeni müstəviyə çıxarılması ilə bağlı bir dialoq gedirdi. Dialoqun mətni ondan ibarət idi ki, tərəflər bir-birləri ilə etimad limiti qazansınlar. Mən qeyd etdim ki, etimad limitini bir ilə qazana bilərsən, amma bir günlük atəşkəsin pozulması, 10 nəfər şəhidin olması bir illik əziyyətin üstündən xətt çəkər.  Və bu, Rusiyanın əlindədi. İstədiyi vaxt bunu edə bilər. Dedim ki, siz bu gün də qəbul etmək istəmirsiniz ki, 1992-93-cü illərdə Azərbaycan Avropaya daha yaxın olmaq, Rusiyadan qopmaq istəyirdi,  amma Dağlıq Qarabağı itirdi. 2014-cü ildə Ukrayna Rusiyadan ayrılıb Avropaya inteqrasiya etmək istədi, Krımı itirdi, Dombası itirdi. 2008 -ci ildə Saakaşvili eyni aqibəti yaşamışdı. Biz torpaqlarımızı ona görə itirmişik ki, Rusiyanın cızdığı çərçivədən çıxmışıq. Biz torpaqlarımızı ona görə itirmədik ki, Ermənistan torpaq istəyirdi. Ukrayna ona görə torpaqlarını itirmədi ki, Krım müstəqil olmaq istəyirdi. Məncə, bu plandan çıxmağın ən rahat yolu 2025-26-cı illərdi. Çünki Rusiyada problemlər yaranacaq. Məsələn, biz 1992-93-cü illərdə bir az fərqli siyasət tutsaydıq, torpaqlarımızı qaytara bilərdik. Çünki Rusiya zəifləmişdi, problemləri var idi. Amma neft kontraktlarının bağlanması və s. proseslər daha çox önə çıxdı. Və biz bu mərhələdən istifadə edə bilmədik. Mən sizi əmin edirəm ki, bu gün Qazaxstan Avropaya inteqrasiya etmək,  şəffaf, demokratik dovlət yaratmaq istəsə, onların aqibəti də bizdən betər olacaq. Buna əmin olun.

 

"Azərbaycanda mətbuat öz yerində deyil"

28535894 1809306702477129 2110073592 n

S.F. - Mətbuatın bugünkü durumu bir siyasətçi kimi sizi qane edirmi? Azərbaycan mətbuatı bu gün öz vəzifə borcunu yerinə yetirə bilirmi?

- Mətbuatın vəzifə borcu yoxdu. Əvvəlcə bundan başlamaq lazımdı. Mətbuat kommersiya sturukturudu. Biri inək alır, saxlayır, ət satır. Biri informasiya satır. Bunu açıq bazara çıxarmaq lazımdır ki, adamlar informasiyalarını sata bilsinlər. Və bu da qanunla tənzimlənməlidir. Mətbuat kommersiya sturukturu kimi pul qazanmalıdır. Lakin bu Azərbaycanda  yoxdu. Ona görə də mən bu gün deyə bilərəm ki, mətbuat öz yerində deyil.

S.F. - Dövlət adamalarından xususi münasibət bəslədiyiniz biri varmı?

- Hamıya xüsusi münasibət bəsləyirəm...

S.F. - Yox, elə olur ki bir nəfərə xüsusi simpatya olur...

- İnanın ki, mən istər dövlət adamı, istərsə də müxalifətdə olanlardan olsun, onlara insan olaraq qiymət verir, dəyərləndirirəm. Ola bilər ki, siyasətlərində qəbul etmədiyim nüanslar olsun. Onu da çox açıq şəkildə deyirəm. Mən insanları etmədiklərinə görə yox, etdiklərinə görə qınayıram. Hər hansı bir konkret addım olanda deyirəm ki,  bu səhvdir. Ümümiyyətlə, cəmiyyətdə olan insanlar bizim öz vətəndaşlarımızdı, hamısı azərbaycanlıdı. Mənim beş övladımın biri pis ola bilər, dördü yaxşı. Mən pis olan övladımı kənar tuta bilmərəm ailəmdən. Bəlkə onu çox danlayaram, amma çıxarmaram övladlıqdan. Siyasətçi olmaq da belədi. Bu gün pis  Azərbaycan vətəndaşını hərəkətinə görə pisləyə, qınaq obyektinə çevirə bilərəm. Amma onu necə özümüzünkü ola-ola düşmən hesab edim? Mən elə şeyi bacarmıram.

S.F. - Söz-söhbət gəzirdi ki, deputat mandatınızı itirdikdən sonra qohumunuz-yeznəniz də polis orqanlarından qovulub.

- Yox. Onun pensiya yaşı çatmışdı deyə işdən çıxdı.

S.F. - Nəyə görə cəbhəçilər və musavatçılar sizi hakimiyyətin adamı adlandırırlar?

- Çünki elə görmək istəyirlər.

Z.Q- Sizin seçki dairəsində sizi hamı dəstəkləyirdi.

 - Mən yenə deyirəm. Orda Araz Əlizadə yox, bir başqası da olsaydı yenə mənə uduzacaqdı. Mənim haqqım tapdalanandan sonra nə fərqi var ki, namizəd kimdi.

Z.Q. - Bəs niyə razılaşdınız?

 - Mən razılaşmadım. Onu hakimiyyət təyin edirdi. O dekorasiyanı hakimiyyət qurmuşdu və mən deyə bilməzdim ki, belə etmə, belə et.

Z.Q. - Belə bir söhbət gəzirdi ki, burda Eldar Mahmudov məsələsi də var.

- Araz Əlizadə sentyabrın 2-sində ən yüksək adamlardan xeyir-duasını alıb,  gəlib sənədlərini vermişdi. Onda heç MTN söhbəti yox idi. Və biz də partiyada bunu bilirdik. Cəmil Həsənli avqust ayında siyahı vermişdi ki, İqbal Ağazadənin dairəsindən Araz Əlizadə seçiləcək. Elə də oldu. Bu gün bunları demək absurddu. Adamlar sonradan kimlərisə gözdən salmaq üçün müxtəlif variantlara əl ata bilər. Amma təhlil edə bilən insanlar üçün bu informasiyalar var.

Z.Q. - Millət vəkili idiniz. 108 min pul alırdınız partiya üçün. İndi necədi vəziyyət?

- Bir işçimiz var. Qalan hamı işində-gücündə.

S.F. - Nə qədər üzvünüz var?

- 47 min üzvümüz var...

S.F. -İldə 108 min alanda da bir işçiniz var idi?

-Bəli.

S.F - Amma bu o demək deyil ki, müavinlər digərləri maaş almırdı... 

- Müavinlər maaş almır.

S.F - Bəs o vəsait hara, nəyə sərf olunurdu?

- O vəsait ümumiyyətlə maaş üçün verilmir. Vəsait verəndə təyinatı verilir və ona uyğun da xərclənir. Bununla bağlı da hər il hesabat verilirdi.

 

"Azərbaycanda biznesim yoxdur"

 

Z.Q. - Bəs indi necə idarə edirsiniz? Bildiyimiz qədəri ilə biznesiniz var?

-Mənim?

Z.Q. - Elə sizin də, qardaşınızın da...

- Qardaşımın mənə nə adiyyatı? Mənim çox biznesim ola bilər. Bunun kimə nə adiyyatı? Azərbaycan daxilində mənim biznesim yoxdu. Niyə biz muzdlu təfəkküründən kənara çıxa bilmirik? Niyə düşünürük ki, bunun heç nəyi olmamalıdır? Cəmiyyət bunu çox çətin qəbul edir. Filankəs bahalı maşınla gedir. Qoy olsun!  Maşını olsun, lap təyyarəsi olsun, bunun nəyi pisdi ki? Bu 30-cu illərin muzdlu təfəkkürüdü və sanki bir şantaj var orda. Kimlərəsə çatdırmaq istəyirik ki, görün onun nələri var.

28722005 1809282472479552 672836152 n

Z.Q. - Bildiyimiz qədəri ilə sizin imkanlarınız əvvəllər də olub. Hətta müsahibələrinizdə demisiniz ki, universitetə maşınla gedib gəlirdiniz.

- Bəli, lap əvvəldən olub.  Sürücü və mühafizə ilə gedirdim.

S.F - Səbəb?

-Elə-belə. Həm iş adamı, həm də tələbə idim. Amma onu da deyim, oxuduğum 5 il ərzində 53 imtahan vermişəm və bir dənə də olsun 4 qiymət almamışam. Bütün fənlərdən 5 almışam və ali məktəbi qırmızı diplomla bitirmişəm.

Z.Q. - Gec ailə qurmusunuz? 

- 29 yaşımda.

Z.Q. - Kiminlə?

- Yoldaşım öz rayonumuzdan tanıdığım bir ailənin  qızıdır. Tibb Universitetində oxuyub.

Z.Q. -Bəlkə həkim olmaq marağınız da ordan yaranıb?

-Xeyr.

S.F - Son oxuduğunuz kitab hansıdır?

- Ən son oxuduğum, indi də oxuyuram; “İnsan düşüncəsini necə dəyişdirmək mümkündür” kitabıdır. Türk dilindədir, amma xarici müəllifdir.

S.F - Fars dilini harda öyrənmisiniz?

- Mən orta məktəbdə fars dili keçmişəm və şərqşünaslığı bitirmişəm.

Z.Q. - Adətən millət vəkilləri, məmurlar bahalı saatlar taxırlar, amma qolunuza baxıram, siz sadə bir saat taxmısınız...

-Vallah, mən həmişə demişəm, mənim üçün 5 minlə  5 milyonun fərqi yoxdu.

Z.Q. - Hər zaman zövqlü geyinmək necə?

- Zövqlü və səliqəli geyinirəm. Onun bahalı olması şərt deyil.

Z.Q. - Sirr deyilsə, eynəyinizin nömrəsi neçədi?

-1.75. Uzun illərdi mən eynəkdən istifadə edirəm.

S.F -  Son zamanlar bir çox vəzifələrdə dəyişiklik oldu. Cəm dəyişdimi? 

- Qoyun yeni nəfəs gəlsin. Qohumluq, kimlik yavaş-yavaş sıradan çıxacaq. Çünki, artıq işləmək lazım olacaq. Yeni sistemə keçsək, o vəzifəsinin öhdəsindən gəlməyən qohumlar, bacıoğullar özü avtomatik atılacaq vəzifədən. Görəcəklər ki, işləyə bilmirlər. Amma biri də var ki, heç dəyişməyə. Sevinin ki, dəyişirlər.

 

"Bu seçkinin də fovariti İlham Əliyevdir"

 

S.F - MSK-ya 15 namizəd sənəd verib. Sizin fikrinizcə, ən real, ciddi namizəd kimdi onların arasında?

- Orda hamı ciddi adamlardı. Hafiz Hacıyev belə...

S.F - Hafiz Hacıyev İlham Əliyevə rəqibdirmi?

- Rəqiblik başqadı. Kim şanslıdır, o da başqa... Amma hamı ciddi adamlardı. Bu seçkinin də fovariti İlham Əliyevdir. Bu alternativsiz belədi. Bunu qəbul etsək də, etməsək də, bu dəyişməzdi.

Z.Q -  İqbal bəy, niyə bu dəfə namizədliyinizi vermədiniz?

- Mən seçkilərdə iki dəfə iştirak etmişəm. Bu dəfə biz açığı texniki tərəfdən çatdıra bilmədik.

Z.Q.- Partiyanızın Ali Məclisinin iclasında "millət üçün yıxılmağa, əzilməyə də razıyam" demişdiniz. 

 - Belə də olmalıdır. Həkim bir xəstə üçün 10 saat ayaq üstə ac-susuz durursa, siyasətçi də cəmiyyətin həkimidi. Xalq, millət üçün yaxşı olsun deyə hər şeyə hazır olmalıdı. Mən də həmçinin hazıram, təki cəmiyyətimiz üçün yaxşı olsun. Çünki bu cəmiyyət sənin,  mənim doğmalarımdan ibarətdi. Biz bunu onlar üçün edirik. Kənar adamlar üçün etmirik ki..? Orda hamının payı var.  Mən hamıya pay verə bilirəmsə, nə xoşbəxt insanam. Bunun üçün mən hər şeyə hazıram.

S.F -Sizcə, qarşıdakı on ildə Azərbaycanı nə gözləyir?

- Hər şey yaxşı olacaq, inanın buna. Bir az ağıllı, düşüncəli, bir az da bir- birimizi sevərək bu proseslərin ardınca getsək, hər şey yaxşı olacaq! 

 

P.S. İqbal Ağazadə taleyinin “17” rəqəmi ilə bağlı olan tərəflərindən də danışdı. Məsələn, sentyabr ayının 17-də anadan olub, oktyabr ayının 17-si həbs olunub, 17 ay həbsdə yatıb, yeri gəlmişkən, maşının də nömrəsi “017”dir. Nə deyək, taleyi “17” rəqəmi ilə bağlı olan İqbal bəyə mandat qazanmaq da nəsib olub. Qısası, 17 ay həbsdə yatmaq hələ son demək deyil. İqbal bəyin ötən əsrin 80-ci illlərində yaşadığı evə də baş çəkdik. Yeri gəlmişkən, İqbal bəy həmin evi də ofis edib. Yəni gen-bol qərargah sahibidir. Hazırda oturduğu qərərgahın vaxtilə mağaza olduğunu, həmin mağazanın fəhlə kimi suvağını da özünün çəkdiyini xatırladan İqbal bəy bildirdi ki, qərargahın arxasında yerləşən köhnə 9 mərtəbəli binada fəhlə də işləyib. İqbal bəy 2015-ci il parlament seçkilərində Araz Əlizadəyə qalib gəldiyini sübut eləyən MSK-nın rəsmi möhürlü-ştamplı sənədlərini də bizə göstərdi.  

 

28535173 1809279782479821 1279241613 n

 

28535929 1809305979143868 768582697 n

24135611 1809307909143675 1506208717 n

Reaksiya.az

Advertisement Banner

Şərhlər