TOFİQ ZÜLFÜQAROV:"PAŞİNYAN QARABAĞ DANIŞIQLARINI APARA BİLMƏYƏCƏK"

12.12.2018 17:35     Müsahibə     1387

"Başqa yolumuz yoxdur, güc yolu ilə torpaqlarımızı azad etməliyik"

"İşğalçı ölkədə ixtilaflar parlament çərçivəsində yox, digər formada yaşanacaq. Yəni Ermənistanda terror aktlarının baş verməsini istisna etmirəm"

 
 
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun "Sherg.az"a müsahibəsini təqdim edirik.
 
- Dekabrın 9-da Ermənistanda növbədənkənar parlament seçkiləri keçirildi. Bu seçkini hansı amillər zəruri edirdi ?
 
-Bu seçki Qərbin əsas tələblərindən biri idi. Nikol Paşinyan və onun komandası da məhz həmin tələbi gerçəkləşdirdi. Məqsəd ondan ibarətdir ki, N.Paşinyan öz hakimiyyətini gücləndirib bu və ya digər tələbləri həyata keçirsin. Yəni Paşinyan və komandası Rusiyadan uzaqlaşıb, qərbyönümlü siyasət həyata keçirməlidir. Seçkilərin əsas məqsədi bu idi. Seçkinin nəticələri də onu göstərdi ki, seçilən deputatların əksəriyyəti Paşinyanın tərəfdarlarıdır və onlar qərbyönümlü siyasətçilərdir.
 
- Amma seçki o qədər aktiv keçmədi. Seçicilərin fəallığı olduqca aşağı idi...
 
- Doğrudur. Qeyd edim ki, bunun da iki səbəbi ola bilər. Birincisi, ondan ibarətdir ki, adı seçicilərin siyahısına daxil olub, amma Ermənistanda olmayan insanların sayı çox idi. Ona görə də, seçkidə iştirak edən seçicilərin sayı bu qədər aşağı idi. Bu, Ermənistanın "seçki təcrübəsi"ndə həmişə yaşanan haldır. Serj Sarkisyan və Robert Koçaryan da ölkəni tərk etmiş ermənilərin səsindən istifadə ediblər. Eyni zamanda onlar bununla Ermənistanda yaşayan insanların sayını çox göstərmək istəyirlər. Amma bilirik ki, Ermənistanda demoqrafik böhran dərinləşir. Seçicilərin fəallığının aşağı olmasının ikinci səbəbi də odur ki, seçkilərin nəticəsi bəlli idi və Paşinyanı dəstəkləməyən insanlar bu seçkilərdə iştirak etmədi.
 
-Paşinyan hakimiyyətə gəldiyi gündən Ermənistanda onun tərəfdarları və Qarabağ klanı arasında qarşıdurma yaşandı. Seçkidən sonra bu ziddiyyətlər daha da kəskinləşə bilərmi və bu daxili çəkişmə Ermənistana nə vəd edir ?
 
-Paşinyan və "Qarabağ klanı" arasında qarşıdurma parlament çərçivəsində deyil, digər müstəvilərdə davam edəcək. R.Koçaryanın həbsi onu göstərir ki, N.Paşinyan "Qarabağ klanı"na qarşı tədbirləri sərtləşdirəcək ki, bu da daxili qarşıdurmanı daha da şiddətləndirəcək. Yenə də qeyd edirəm ki, bu ixtilaf parlament çərçivəsində yox, digər formada yaşanacaq. Yəni Ermənistanda terror aktlarının baş verməsini istisna etmirəm.
 
- Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesi barədə nə düşünürsünüz ?
 
- Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair birmənalı danışıqlar aparılmayacaq. N.Paşinyan əsas üstünlüyü daxili siyasətə verəcək. Bu halda hansısa real danışıqlar aparmaq nə Paşinyanın, nə də başqasının imkanı daxilində olacaq. Ona görə də danışıqlardan heç nə gözləmirəm.
 
- Qeyd etdiniz ki, münaqəşinin həllinə dair danışıqların aparılması Paşinyanın imkanları daxilində deyil. Maraqlıdır, bu danışıqlar kimin və ya hansı ölkənin iradəsindən asılıdır ?
 
- Danışıqlar Ermənistan və Azərbaycan arasında olmalıdır. Amma biz görürük ki, işğalçı ölkənin siyasi rəhbərliyi real danışıqların aparılmasında heç də maraqlı deyil. Çünki Paşinyanı və komandası Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə razılıq versə və ya danışıqlarda yumşalsalar, onları ciddi tənqid edəcəklər. Onlar da məhz buna görə real danışıqlara gəlmək istəmirlər.
 
-Münaqişənin həllində birbaşa vasitəçi olan ATƏT-in Minsk qrupunun həmsədrləri niyə susqundur ?
 
- Vasitəçilər də Ermənistana real təsir göstərmək nüfuzunda deyillər. Təcrübə onu göstərir ki, vasitəçilər sadəcə olaraq vəziyyəti nəzarətə götürməklə öz missiyalarını bitmiş hesab edirlər. Bu baxımdan əsas məsələ odur ki, Azərbaycan tərəfi vəziyyəti izləyib, öz maraqlarına uyğun addım atsın.
 
- Söhbətimizin əvvəlindən vurğuladınız ki, Paşinyan və komandası qərbyönümlü siyasət yürütmək istəyir. Paşinyan və komandasının Rusiya orbitindəın çıxaraq Qərbə meyl göstərməsi rəsmi Moskvanın hiddətinə səbəb olmayacaq ki ?
 
- Bu tendensiyaa seçkilərdən qabaq da var idi. Hətta Sarkisya hakimiyyətinin sonuncu günlərində də Rusiya ilə Ermənistan arasında problemlər mövcud idi. Xatırladım ki, Ermənistan Avropa İttifaqı ilə danışıqlar aparıb, amma bir gün ərzində bu danışıqlar pozulub. Sarkisyan məcbur olub Aİ -ilə danışıqların nəticəsindən imtina edib.
 
-Ermənistanın qərbmeyilli siyasəti nədən irəli gəlir ?
 
- Paşinyan analayır ki, iqtisadiyyatı böhrandan çıxarmaq, demoqrafik problemləri həll etmək üçün onlara ciddi investisiya lazımdır. Məzh bunun üçün də siyasəti dəyişmək zərurəti yarandı. Kiminsə fortpostu olmaqla məsələni həll etmək olmur. Onlar da qərbyönümlü siyasəti məhz buna görə həyata keçirirlər. Gözləyirlər ki, bunun nəticəsində böhrandan çıxa biləcəklər.
 
-Bəs, Rusiya buna imkan verəcəkmi?
 
- Problem də odur ki, Ermənistanın qərbyönümlü siyasət yürüdərək Rusiyadan təhlükəsizlik zəmanəti istəməsi mümkün olmayacaq. Bu mənada Rusiya ilə Ermənistan arasındakı əlaqələr tamamilə üzüləcək. Gözləyirik ki, günlərin birində rəsmi Moskva ilə rəsmi İrəvan arasında çox ciddi böhran yaranacaq.
 
- Ermənistandakı seçkilərdə ciddi pozuntuların aşkarlanmasına rəğmən bəzi Qərb institutları buna dair müsbət hesabatla çıxış etdilər. Bu ikili standartlar nədən irəli gəlir ?
 
-Kommunist dövrünün öz təbliğat üslubları vardı. İndiki demokratiya dövrünün də öz təbliğat metodları mövcuddur. Baxın, Fransada yüzlərlə nümayişçi həbs olundu. Türkiyə lideri Rəcəb Tayyip Ərdoğan da buna diqqət çəkdi və bu vəziyyətə süstlük nümayiş etdirən Avropa ölkələrini ikili standartlarda qınadı. Biz bu ikili standartları çox görmüşük və görməyə də davam edəcəyik. Bununla yanaşı Qərb maraqlıdır ki, rəsmi Moskavanın yanında olan ölkələr Rusiyadan uzaqlaşsın. Bu mənada Avropa hansısa məqamda tərifləyəcək, hansısa məqamda isə tənqid edəcək. Əslində onlar birmənalı oloraq Rusiyanı zəiflətmək istəyirlər. Amma şimal qonşumuz da Ermənistanın təhlükəsizliyinə zəmanət verməyəcək. Çünki Ermənistanın qərbyönümlü siyasət aparması Rusiyanın maraqların uyğun deyil. Hesab edirəm ki, gedişatı çox diqqətlə izləməliyik.
 
-Paşinyan da sələfləri kimi bu işğalçı siyasəti davam etdirsə, sülhə gəlməsə, Azərbaycan tərəfi konkret olaraq hansı addımları atmalıdır ?
 
- Düşünürəm ki, danışıqlar heç bir nəticə verməyəcək. Ermənistdakı siyasi mühit buna imkan vermir. Ermənistan tərəfi Qarabağ probleminə həddindən artıq radikal yanaşır. İşğalçı bu işğalı hüquqi baxımdan təsdiq etməyə çalışır. Bu, onların milli ideyasıdır. Biz güc nümayiş etdirib ərazi bütövlüyümüzü bərpa etməliyik. Bunun ayrı yolu yoxdur və mən başqa yol görmürəm.

Şərhlər