"Halbuki, Azərbaycanın informasiya müharibəsində qalib gəlmək imkanları var idi" - Eldar Namazov

Reaksiya.az Prezidentin keçmiş köməkçisi, politoloq Eldar Namazovun Redaktor.az-a müsahibəsini təqdim edir:

 

- Bir həftədir Azərbaycanda yox idiniz. Bu müddət ərzində Azərbaycanda gedən prosesləri izləmək imkanınız oldumu?

 

- Doğrudur, 1 həftədən çoxdur ki, Azərbaycandan kənarda idim. Ancaq ölkədə gedən prosesləri və Azərbaycanla bağlı yayılan informasiyaları izləməyə çalışırdım. Açıq-aydın görünür ki, Azərbaycanın ətrafında çox ciddi informasiya müharibəsi gedir. Azərbaycan prezidentinin də bu haqda bəyanatı ilə tanış oldum. Ölkəmizə qarşı aparılan bu müharibəni görməmək mümkün deyil. Ən azı Azərbaycanda olmadığım dövrdə Mxitaryan mövzusu ətrafında baş verənlər və yaxud da teleaparıcı Vladimir Solovyovun növbəti dəfə Azərbaycana qarşı çıxışları ilə bağlı xeyli müzakirələr oldu. Bunun əks-sədası Avropa mətbuatında da hiss olunurdu. Əslində hər iki mövzunun çox ciddi müzakirəyə ehtiyacı var. Çünki bu hadisələr təsadüfi baş vermir. Bəziləri Azərbaycan ətrafında baş verən proseslərə düzgün qiymət verməyi bacarmır. Bu proseslər sistemli şəkildə aparılır. Ümumiyyətlə, XXI əsr informasiya əsridir. İnformasiya artıq hərbi güc, iqtisadi potensial qədər dövlətin apardığı xarici siyasətdə ciddi amilə çevrilib. XXI əsr hibrid müharibələr və “Smart power” deyilən ağıllı güc konsepsiyası dövrüdür. Bu o deməkdir ki, hərbi və iqtisadi gücü ilə yanaşı informasiya da hər bir ölkənin siyasətində həlledici rol oynayır. Bu gün Ermənistanla müharibə şəraitindəyik, Cənubi Qafqaz uğrunda böyük qlobal oyunçular bir-biri ilə çox qızğın mübarizə aparırlar, Xəzər dənizi ətrafında baş verənlər, Transxəzər layihəsi, Rusiya və İranla qonşuluqda yerləşməyimiz unudulmamalıdır. Azərbaycana qarşı hər gün, hər saat informasiya müharibəsi aparılır. Bundan nə gileylənmək lazımdır, nə də bunu pisləmək... Artıq buna qarşı rasional və professional yanaşma ortaya qoymağı bacarmalıyıq.

 

- Biz informasiya müharibəsində uduruq, yoxsa uduzuruq?

 

- Təəssüflə qeyd etməliyəm ki, həm Mxitaryan, həm də Solovyovun çıxışları ilə bağlı məsələlərdə biz hələlik udan tərəf deyilik. Azərbaycanın imicinə bu məsələlərdə zərbələr dəyir. Halbuki hər iki hadisənin ətrafında Azərbaycanın informasiya müharibəsində qalib gəlmək imkanları var idi. Çox ciddi arqumentlər ortaya qoymaqla bu məsələlərdə haqlı olduğumuzu sübut edə bilərdik. Erməni oyunçu Mxitaryanın finala gəlməsi məsələsində Azərbaycana qarşı təbliğat iki tezis əsasında qurulmuşdu. Birincisi, Bakının çox uzaq şəhər olması, finalın Bakıda keçirilməsinin düzgün qərar olmaması ilə bağlı məsələ idi. Britaniya mətbuatı bu məsələdə aparıcı rol oynayırdı və ABŞ-ın, Avropanın digər kanalları da bu məlumatları tirajlayırdı. Ancaq finalda oynayan hər iki Britaniya komandası ( Arsenal və Çelsi) indiyə qədər Bakıda olub, Çempionlar Liqasının qrup mərhələsində oyunlar keçiriblər. Həmin vaxt heç kəs yolun uzaqlığı ilə bağlı məsələ qaldırmırdı. Digər tərəfdən, qonşu Gürcüstanın paytaxtında bir neçə il bundan əvvəl Avropa Super Kubokunun yarışları keçirildi. Bu yarışlara da Avropadan çoxsaylı azarkeşlər gəlmişdi. Bunu problem kimi göstərmək ədalətsiz və yanlış yanaşmadır. Əsas məsələ Mxitaryan ətrafında Azərbaycana qarşı aparılan təbliğat kampaniyası idi. Çünki məhz buradan Qarabağ məsələsinə keçid etdilər. Azərbaycanın bu məsələdə çox ciddi əks-arqumentləri var idi ki, onlardan istifadə edilmədi. Londonda keçirilən “Arsenal”-“Qarabağ” qarşılaşmasında da Mxitaryan meydana çıxmamışdı. Halbuki o, zədəli deyildi və ehtiyatda qaldı. Mxitaryana Arsenalın doğma stadionunda futbol oynamağa da Azərbaycan mane olurdu?! İkincisi, Londonda keçirilən oyun zamanı Britaniyada erməni əsilli azarkeşlər tərəfindən siyasi təxribata yol verildi. Meydançaya Avropada yaşayan erməni azarkeşin daxil olmasına görə oyunu dayandırmağa məcbur oldular. Həmin erməni təxribatçının maykasında bütün dünyada tanınan terrorçu Monte Melkonyanın şəkli var idi. Melkonyan türk diplomatlarının qətlə yetirilməsində, Fransanın Orli aeroportunda terrorun təşkil olunmasında günahlandırılırdı. Həmin şəkli maykaya vurub meydana qaçan erməni daşnakının hərəkəti UEFA-nın nizamnaməsinə və futbol qaydalarına təhqir və təxribat idi. Təəssüflər olsun ki, həmin dövrdə o şəxs cəzasız qaldı. Yəni bu təxribatlar Azərbaycan tərəfindən törədilməyib. UEFA, “Arsenal” klubu niyə bu hadisəyə reaksiya vermədi?! Ona görə də, Mxitaryan məsələsində təkcə Azərbaycan zəmanət verməli deyildi. Onsuz da Azərbaycan hər zaman ölkəmizə səfər edən erməni əsilli idmançıların təhlükəsizliyinə zəmanət verib. Amma Azərbaycan həm UEFA-dan, həm də “Arsenal”dan Bakıda terroru təbliğ edən Britaniya azarkeşlərinin təxribata yol verməsinin qarşısını alacaqlarına dair zəmanət tələb etməliydi. Əks halda, Azərbaycan özü bunun qarşısını alan addımlar atmalı olacağına işarə edə bilərdi. Niyə bu məsələni biz qaldırmadıq?!

 

- İnformasiya müharibəsinində qalib gəlmək üçün hansı institusional imkanlarımız var?

 

- Mən hesab edirəm ki, Azərbaycana qarşı Mxitaryanla bağlı aparılan informasiya müharibəsində ölkəmizin çox ciddi arqumentlərindən istifadə edilmədi. Həmin sahələrə cavabdeh olan qurumlar təəssüflər olsun ki, vaxtında bu məsələlərə Avropa mətbuatının diqqətini yönəltmədilər. Biz hər zaman müdafiə mövqeyindən çıxış edirik. Bu doğru yanaşma deyil. Artıq ermənilər tərəfindən törədilən siyasi təxribatlar varsa, bunların təkrarlanmaması üçün biz UEFA-dan, “Arsenal”dan niyə zəmanət tələb etməyək?

 

- Azərbaycana qarşı informasiya müharibəsinin fərdlər tərəfindən aparıldığı görünsə də, əslində həmin fərdlər hansısa qurumu, medianı təmsil edir. Lakin bir çox halda Rəsmi Bakının mövqeyi fərdlərlə bağlı olur. Sizcə, biz məsələyə daha geniş aspektdən yanaşmırıq?

 

- Bizim informasiya məkanımız təxribatlara açıqdır və biz bu təxribatların qarşısını ala bilmirik. Hansısa əks addım atmırıq. Halbuki beynəlxalq təcrübədə dəfələrlə istifadə olunan mexanizmlər var. Solovyov təkcə Azərbaycana qarşı yox, eyni zamanda bir çox başqa ölkələrə qarşı da təhqiramiz ifadələr və atmacalarla çıxış edir. Ona görə də bir çox ölkələrdə Rusiyanın  “Rossiya-1” dövlət telekanalının yayımlanması ya müvəqqəti, ya da daimi olaraq dayandırılıb. Nəzərə almaq lazımdır ki, burada atdığımız addım Solovyovla deyil, “Rossiya-1” dövlət televiziyasının rəhbərliyi ilə bağlı olmalıdır. Çünki həmin kanalın rəhbərliyi bu adama Azərbaycanın ərazi bütövlüyünə, dövlətçiliyinə qarşı təhqirəmiz və qeyri-obyektiv mövqe sərgiləməyə imkan yaradır. Solovyov çoxdan erməni tərəfinin muzdlu təbliğatçısı kimi fəaliyyət göstərir. Vaxtilə eks prezident Serj Sərkisyan onu məhz Qarabağ məsələsində Azərbaycana qarşı xidmətlərinə görə ordenlə təltif etmişdi. Təbii ki, burada maddi məsələlər də var idi. Rus ekspertləri Solovyovun müxtəlif Avropa ölkələrində villalarını tapıb yayırlar. Əminəm ki, bu villaların çoxu ermənilərin pulları hesabına alınıb.

Maraqlı olan budur ki, “Rossiya-1” kanalı Azərbaycanda da yayımlanır. Bu televiziyanın əsas gəliri reklamdan əldə olunur. 10 milyonluq Azərbaycan da “Rossiya-1” kanalının auditoriyası sayılanda, bu kanal daha artıq pul qazanır. Bu televiziyanın yayımının dayandırılması həm  dövlət televiziyasının reputasiyası, həm imici, eyni zamanda büdcəsi üçün zərbə olar. Bu addımı başqa ölkələr atırsa, niyə Azərbaycan atmasın?! “Rossiya-1” dövlət televiziyasını seçim qarşısında qoymaq lazımdır. Ya ermənilərə satılmış Solovyov 10-100 min dollarla rüşvət alaraq, Azərbaycana qarşı təxribatlarına davam etsin, ya da “Rossiya-1” Azərbaycanda yayımını davam etdirməklə reklamdan daha çox pul qazansın. Bu iki seçimdən biri olmalıdır. “Rossiya-1” televiziyasının rəhbərliyi qərarını verməlidir. Əgər  “Rossiya-1” kanalı Solovyovun bu fəaliyyətinə davam etməsi yolunu seçsə, bu kanalın yayımı Azərbaycanda daimi dayandırılmalıdır.

 

- Bu sahəyə kim cavabdehdir? İnformasiya müharibəsinin strategiyasını kim müəyyənləşdirir və həyata keçirir?

 

- Bu qərarları qəbul edəcək dövlət qurumları var. Onlar informasiya müharibəsi şəraitində informasiya məkanına nəzarət etməlidirlər. Ancaq təəssüflər olsun ki, biz bu tədbir və addımları görmürük. Problem yalnız Solovyovla bağlı deyil. Ona görə də atılacaq addımlar ona bu məkanı verən  “Rossiya-1” dövlət televiziyası ilə bağlı olmalıdır. Azərbaycanda onlarla Rusiya kanalları yayımlanır. Bir kanalın yayımının dayandırılması Rusiya-Azərbaycan münasibətlərinə də o qədər mənfi təsir etməz.

 

- “Rossiya-1” televiziyasının yayımının dayandırılması problemi həll edəcəkmi?

 

- Xeyr. Azərbaycanda özümüz rusdilli kanal yaratmalıyıq. Həmin kanalı azərbaycanlılar təşkil etməli və Azərbaycandan yayımlanmalıdır. Rusiyanın müxtəlif kanallarında gedən maraqlı proqram və seriallarını həmin kanal vasitəsi ilə alıb nümayiş etdirmək də olar. Ancaq siyasi informasiya və tolk-şouları azərbaycanlı ekspertlər aparmalıdır, rus ekspetlər də telekörpü vasitəsi ilə onlara qoşula bilər. Yəni efir, informasiya məkanımızı nəzarətsiz, açıq şəkildə rus kanallarının sərəncamına vermək doğru deyil. Buna son qoyulmalıdır.

 

Reaksiya.az

Advertisement Banner

Şərhlər