"Masada şərtləri Azərbaycan diktə edəcək"

15.10.2020 12:54     Müsahibə     105

Növbəti dəfə erməni vəhşiliyi ilə üz-üzə qaldıq. Ermənistan hakimiyyəti bir daha sübut etdi ki, onlar heç bir beynəlxalq hüquq normalarına, beynəlxalq razılaşmalara əhəmiyyət vermirlər. Təcavüzkar İrəvan rejimi Rusiyanın vasitəçiliyi ilə imzaladığı atəşkəsin prinsiplərinə məhəl qoymayaraq, bütün cəbhə boyu hücuma cəhd göstərdi, Gəncə və Mingəçevir şəhərlərini artilleriya, raket atəşinə tutdu. Nəticədə böyük dağıntılar baş verdi, mülki vətəndaşlarımız həlak oldu, bir çox insanımız yaralandı.
 
Bu, bir daha onu göstərir ki, Ermənistan hərbi-siyasi rəhbərliyi öz yırtıcı və vandal xislətindən əl çəkməyib və bundan sonra da əl çəkmək fikri yoxdur. Ancaq ən təhlükəli məqam odur ki, erməni terroru sadəcə bizə qarşı deyil, bütün insanlığa yönəlik vəhşilikdir, bəşəriyyətə qarşı cinayətdir. Odur ki, dünya bu vəhşiliyə qarşı səssiz qalmamalıdır! Azərbaycan hökuməti, rəsmilər, QHT-lər, KİV-lər düşmən təxribatını dünya ölkələrinin diqqətinə çatdırmaq üçün əlindən gələni edir, ermənilərin ifşası istiqamətində ciddi addımlar atırlar. Lakin hələlik dünya ictimaiyyətindən erməni terrorçularına qarşı sərt qınağın və təzyiqin şahidi olmuruq. 
 
Növbəti erməni vandalizmi ilə bağlı “Şərq”in suallarını cavablandıran Humanitar Tədqiqatlar Cəmiyyətinin direktoru, hüquq müdafiəçisi, konfliktoloq Əvəz Həsənov deyib ki, müəyyən məqamlara görə, beynəlxalq ictimaiyyət erməni vəhşiliyi ilə bağlı açıq mövqe qoymaqdan çəkinirlər... 
 
 - Əvəz bəy, düşmənin mülki vətəndaşlarımıza qarşı həyata keçirdiyi məqsədyönlü terror aktlarını beynəlxalq müstəviyə çıxara bilirikmi? Bu sahədə görülən işləri qənaətbəxş hesab edirsizmi? 
 
 - Ermənilərin Gəncəyə raket atması, dağıntılar törətməsi, mülki şəxsləri qətlə yetirməsi hərbi cinayətdir. Azərbaycan hökuməti erməni vəhşiliyini dünya ictimaiyyətinə çatdırmaq yönündə media platformasında müəyyən addımlar atır. Dünyanın tanınmış televiziya kanalları - BBC, CNN, “Euronweys” kimi media orqanlarında Gəncə şəhərinə raket atılması ilə bağlı reportajlar hazırlanıb, dünya ölkələrinə təqdim olunub. Əlbəttə, bunlarla kifayətlənmək olmaz. Sadəcə Gəncə deyil, Azərbaycanın bir çox şəhərləri - Tərtər, Bərdə, Beyləqan, Mingəçevir, yəni cəbhə xəttindən uzaq bölgələr də atəş altındadır. Maksimal dərəcədə təbliğatımızı genişləndirməliyik.  
 
 - Beynəlxalq təşkilatların erməni vəhşiliyi ilə bağlı reaksiyası bizi qane edəcəkmi? Düşmənə qarşı hansı addımları atacaqlar? 
 
- Nəzərə alaq ki, hazırda cəbhədə müharibə gedir. Bütün beynəlxalq qurumlar qəbul edirlər ki, hərbi əməliyyatlar davam etdiyi dövrdə münaqişə tərəfləri itkilər verir, mülki şəxslər həyatını itirir. Yəni xarici təşkilatlar insanların qətlə yetirilməsini daha çox “müharibə qaydaları” kimi qəbul edirlər. Məsələyə əlahiddə olaraq hansısa şəhərə hücum kimi yanaşmırlar. Fikirləşirlər ki, Gəncə vurulursa, buna qarşılıq olaraq Azərbaycan Ordusu ermənilər yaşayan Xankəndini və s. yerləri hədəf alır. Ancaq Gəncəyə raket atılması adi hadisə deyil. Şəhərdə hərbi baza yoxdur. Ermənilər hərbi aerodrom olduğunu iddia edərək Gəncəni vurduqlarını deyirdilər. Sonradan bəlli oldu ki, raket aerodroma kifayət qədər uzaq məsafəyə atılıb. Beynəlxalq təşkilatlar isə “humanitar atəşkəs”ə arxayın olduqları üçün hər hansı bəyanatla tərəfləri qızışdırmaq fikrindən qaçırlar. Hesab edirlər ki, əgər “humanitar atəşkəs” imzalanıbsa, o zaman bəyanatlarında ehtiyatlı davranmaq lazımdır. Ona görə də hələlik reaksiyalar gecikir. Baxmayaraq ki, Gəncədə böyük dağıntılar var, 10 nəfər insan həyatını itirib. Həm də bütün bunlar şəhərin təhlükəsizliyi baxımından ciddi təhdid deməkdir. Amma buna rəğmən, beynəlxalq qurumlar tələsmirlər. 
 
 - Gəncənin vurulmasına görə Ermənistanın təcavüzkar dövlət kimi cəzalandırılmasına nail olmaq mümkündürmü? 
 
 - Dünyada bu cür məsələlərə baxan sadəcə bir beynəlxalq məhkəmə var. Bu da Beynəlxalq Cinayət Məhkəməsidir. Amma nə Azərbaycan, nə də Ermənistan həmin Məhkəmənin üzvüdür. Üzv olmadığımız üçün Beynəlxalq Cinayət Məhkəməsinə rəsmən müraciət etməyimiz imkansızdır. Ancaq BMT-yə müraciət ünvanlaya bilərik. BMT əlahiddə hüququndan istifadə edərək bizim adımızdan beynəlxalq məhkəməyə müraciət edə bilər. Məsələn, Azərbaycan Prokurorluğu Gəncənin vurulması ilə bağlı dəlil-sübutları toplayaraq BMT-nin müvafiq komissiyasına təqdim etməlidir. Şəhərin vurulmasının intensiv hal alması, dağıntı və ölüm faktlarının çoxalması riski var. Eyni zamanda Avropa Şurasının İnsan Hüquqları Məhkəməsinə də müraciət göndərə bilərik. Burada isə dinc sakinlərin vurulması əmrini verən konkret şəxslərin cəzalandırılmasından söhbət gedir. Bir məqamı da nəzərə alaq ki, bu cür addımlar qarşılıqlı atılır. Ermənilər də uydurma sübutlarla məhkəmələrə üz tuta, xeyli müddət məhkəmə çəkişmələri gedə bilər. 
 
- Müzakirələrə səbəb olan məsələlərdən biri də “humanitar atəşkəs”dir. Əgər erməni təxribatı nəticəsində hərbi əməliyyatlar əvvəlki qaydada davam etdirilirsə, hansı “atəşkəsdən” söhbət gedir? Müddəti nə qədərdir? 
 
 -  “Humanitar atəşkəs”in müddəti bəlli olmaya bilər, yaxud anlaşmaya konkret müddət qoyulması da mümkündür. Razılaşdırılmış saatlarda “humanitar atəşkəs”ə uyğun olaraq əsir və girovların qarşılıqlı dəyişdirilməsi reallaşdırılır. Lakin tərəflərdən biri anlaşmanın şərtlərini vaxtında yerinə yetirmirsə, o zaman “atəşkəs” razılaşmasının əhəmiyyəti qalmır, öz mahiyyətini itirir. Tərəflər maksimum çalışmalıdırlar ki, xüsusən meyitlərin götürülməsi prosesini sürətləndirsinlər. Çünki “humanitar atəşkəs” uzunmüddətli olmur və hər an başa çata bilər. İşğalçı Ermənistan tərəfi ilk gündən atəşkəsə əməl etmədi. Əksinə, cəbhədə ən gərgin döyüşlər məhz “humanitar atəşkəs” anlaşmasından sonra baş verdi. Artıq atəşkəsdən söhbət getmir. Düzdür, Moskva hər vəchlə çalışır ki, “humanitar atəşkəs”in şərtlərini sənədləşdirsin və tərəflərə öhdəlik kimi qəbul etdirsin. Amma bu öhdəliyin də ciddi əsası yoxdur, şifahi anlaşmadır və üç ölkənin XİN rəhbərinin bəyanatıdır. Münaqişə tərəfləri atəşkəslə bağlı hər hansı sənədə imza atmayıblar. 
 
 - Danışıqların fərqli formatda bərpa olunması mümkündürmü, yoxsa hərbi əməliyyatlar sona qədər getməlidir?
 
 -  Əslində danışıqların hansı şəkildə, nə vaxt başlayacağı cəbhədə aparılan hərbi əməliyyatlardan asılıdır. Azərbaycan Ordusu uğurlu hərbi əməliyyatları davam etdirdiyi, torpaqlarımızı işğaldan azad etdiyimiz müddətcə, Ermənistan danışıqlara razılıq versə belə, şərt irəli sürə bilməyəcək. Masada şərtləri Azərbaycan diktə edəcək. Düşməndən azad etdiyimiz ərazilər çoxaldıqca, paralel olaraq ədalətli diplomatik danışıqlara hazır olduğumuzu bəyan etdikcə, dünya ictimaiyyəti Azərbaycanın haqlı səsini eşidəcək və bizə dəstək verəcək. ABŞ və Avropa ölkələri də başa düşürlər ki, Ermənistan işğal etdiyi torpaqları uzun müddət əlində saxlaya bilməz. Bu torpaqlar tarixi və qanuni ərazimizdir. 30 il ərzində beynəlxalq qurumlar və bir sıra dövlətlər bu reallığı Ermənistana izah etməyə çalışsa da, düşmən tərəf qulaqardına vurdu. Nəticəsi isə göz qabağındadır – müharibə. 
 
Advertisement Banner

Şərhlər

Çox oxunanlar