"Mən o EŞQİN özündən doğulmuşam" - MAHMUD SALAH

20.08.2015 17:04     Müsahibə     4604

Reaksiya.az-ın “Onlayn yazar” rubrikasında təkcə yazarların deyil, dəyərli sənətkarların da qonaq olacağını söyləmişdik. 

Rubrikamızın bu dəfəki qonağı Azərbaycanda ilk və tək qaval ustası Mahmud Salah oldu. Müsahibə boyu qonağımızın qavallı dünyasına seyrə çıxmağa çalışdıq.

 

-Mahmud bəy, maraqlı sənətiniz var. Tar, kaman ustası anlaşılandı. Ancaq sizə qədər kiminsə qaval ustası olduğunu bilmirdim. Tək qavalla ustad olmağı bacarmaq çətin deyilmi?

-Təşəkkür edirəm, məni anladığınıza görə . Kənardan hər şey asan görünür. Yaxşı olardı ki, bu sualı mənə deyil, məni tanıyan dünya səhnələrində xüsusi çəkisi və avtoriteti olan musiqiçilərə yönəldəydiniz.

-Sualı bir az da dəqiqləşdirim o zaman. Dilsiz (simsiz, klavişsiz) bir alətlə dərdləşmək çətin olmadı ki?

-Birinə sual verirlər ki,"Hamı deyir, gülür, danışır. Sən niyə heç kimlə dinib danışmırsan?". O, " Niyə danışmıram ki, ürəyimlə danışıram " cavabını verir. Mən bu alətlə heç bir simi, klavişi olmayan ürəyimin döyüntüləri ilə dərdləşirəm. Təbii ki, bu da hər insana nəsib olmayan bir prosesdir. Həm çətindir, həm də asan.

-Qavalla ürəyinizin dərləşməsi necə alınıb indiyəcən? Daha çox ağladıb, yoxsa güldürüb ürəyinizi?

-Mənə dünyanı dərk elətdirib. Bu dünyanın harasına gülməyi, nəyi üçün ağlamağı öyrədib. Mənə daha çox o biri dünyam üçün düşünməyə kömək edib. Mən zahiri deyil, batin dünyam haqda düşünürəm.

-Sufilik kimi, yoxsa necə?

-Təbii ki, sufilik.

-Musiqidə də sufi sənətkarlara birmənalı şəkildə yanaşmırlar. Bu sizdə ilk başda narahatlıq yaratmadı ki?

-Musiqidə sufilik edənlərə birmənalı yanaşılmamanın səbəbi sufi adıyla hoqqalar çıxaran musiqiçilərdi. Hər şey görünüşü ilə deyil, varlığıyla ölçülməlidir. Zahirdə həddən gözəl görünən, batində çox əcaib olur. Batində olan gözəllik isə özünü biruzə verməz, yalnız hiss etdirər. Təəssüflər olsun ki, keçmiş sovet dönəmindən başlayaraq bizim xalqa musiqi incəsənət növü kimi aşılandı. Sovet nomenklaturasının sifarişi ilə musiqimiz xüsusi şənliklər və tədbirlərin quluna çevrildi. Musiqi öz mahiyyətini itirməyə başladı.

-Mahmud bəy, qaval sizi daha çox təqdim edə bildi, yoxsa siz qavalı?

-20 il mən qavalı təqdim etdim, 5 ildir ki, qaval məni təqdim edir ...

-20 ildən sonra qaval sizi təqdim etməyə başlayıbsa, demək sizin layiqincə təqdim etmənizdən razı qalıb. Bəs qaval necə, sizi lazımınca təqdim edə bilirmi? Sizə göstərilən diqqətdən razısınızmı?

-Əvvəla deyim ki, mən hələ də qavalı təqdim etməkdə davam edirəm. Qaval məni dünya arenasında layiqincə az bir zamandır ki, təqdim etməkdədir. Qaldı ki, mənə hazırki diqqətə, nədənsə bizim məmləkətdə var gücümlə dünya ictimaiyyətinə sevə-sevə təqdim etdiyim Azərbaycan xalqının ən ulu və ali musiqi aləti olan QAVALA etinasız yanaşırlar.

-Bir zaman muğamlarımıza da etinasızlıq sərgilənirdi. Mehriban xanım Əliyevanın diqqətindən sonra münasibət dəyişdi. Qavala olan etinasızlığı necə aradan qaldırmaq olar? Kökümüzə qayıtmağımız üçün mütləq yuxarıların addım atmağı lazımdır?

-Mehriban xanım Əliyevanın xidmətləri, bu sferada əməyi və diqqətə layiq xidmətləri həqiqətən danılmazdır və alqışa layiqdir. Sadəcə bu xidmətlərdən maksimum öz mənafelərinə istifadə edən bir neçə baş bilənləimiz də vardır ki , ənənəvi şəkildə müəyyən maneələr yaradır. Mənim kimi xalqın sənətinə özünü fəda edən bir çoxlarının üzərinə kölgə salırlar .

- Nağara da zərb alətidir qaval kimi. Nağara ustası Natiq Şirinov nağara ilə gündəmi zəbt etməyi bacardı. Ritmə həyat verib nağaranı tək alət olaraq səhnəyə daşıdı. Qavalla nə etmək olar?

-Natiqin ifa etdiyi nağara ilə qavalın fəaliyyətini eyni tutmaq olmaz. Elə bu düşünmə tərzi bizim insanları çaşdırır.

-Bəs əsli nədir? Biz nəyi yalnış düşünürük?

-Nağara ifaçılığı yalnız incəsənət növünə aiddir. Zövqləri oxşamaq üçündür.

-O zaman belə deyək ki, nağara zövqləri oxşayır, qaval isə ürəkləri. Doğrumu təxmin etdim?

-Tutdunuz! Tam doğru dediniz.

-Bəlkə də bizdə ürəklərinin oxşanmasını istəyənlər çox azdır. Ona görə də qavalın qədrini bilmirik. Məncə uddur, qavaldır bunlar sevgi alətidir. Bu alətləri yalnız sevənlər anlaya bilər. İstər yaradana, istərsə də bəndəsinə olan sevgi.

-Sevgi gəldi gedərdi, zökəm kimi, yalnız eşq əbədidir! Eşq atəşdir, oddur! Əlbəttə ki, tonqalda deyil, ürəklərdə yanan oddan gedir söhbət.

-Mahmud bəy, sizi qavalla qovuşduran eşqmi olub? Yoxsa ki, qavala qovuşandan sonra eşqin tonqalında yanmısız? Əlbəttə ki, eşq deyəndə sufiliyi nəzərdə tuturam.

-Mən o EŞQİN özündən doğulmuşam və sonda da o eşqə qovuşacağam! Qaval da mənə bu yolda yardımçı oldu.

-İndi də 25 illik yola nəzərə salaq mümkündürsə. Bu müddət ərzində nələr etdiniz, nə kimi yaddaqalan fəaliyyətləriniz oldu? İstəyirəm ki, fəaliyyətiniz barədə məhz öz dilinizdən eşitsin oxucularımız.

-İlk debüt çıxışım 1987-ci ildə Səmərqənddə Muğam simpoziumunda oldu. Çıxış bizim böyük uğurumuz oldu o zaman. Alim Qasımov birinci yerə layiq görüldü. Və bu mənim həyatımda ilk debütümə görə qiymətləndirilməyimlə üst-üstə düşdü. Səmərqənddən gələndən sonra mən "BUTA" instrumental üçlüyünü yaratdım və Azərbaycan Dövlət Televiziyasında qavalla ilk solo çıxışlarımız oldu. 1990-cu ildə S.Rüstəmov adına xalq çalğı alətləri orkestrinə qaval ifaçısı kimi işə götürüldüm.  2000-ci ildən isə “Qədim Şərq” muğam qrupunun yaradıcısıyam. YUNESKO xətti ilə keçirilən bir sıra festivalların iştirakçısıyam. Rəhbərlik etdiyim qrupla Azərbaycan sənətini Böyük Britaniya, Almaniya, ABŞ və Rusiyada təmsil etmişəm. Həmin ölkələrdə muğam konsert proqramı ilə çıxış etməklə yanaşı, həm də qavaldan ustad dərsləri keçmişəm. Hazırda Azərbaycan Milli Konservatoriyasında “Muğam” kafedrasında xanəndələrə qaval ifaçılığından dərs keçirəm

-Daha sonra?

-Artıq məlum hadisələr öz məcrasından çıxıb müharibə illəri yaşamağa düçar olduq. Mən və orkestrdə bir yerdə fəaliyyət göstərdiyim bir neçə sənət yoldaşlarımla birgə döyüş bölgəlrinə konsertlərlə könüllü ezam edildik. Bu minvalla 2 ilə yaxın səngərdə döyüşən əsgərlərlə günlərimizi paylaşdıq. Sonralar cəbhə bölgələrində konsert verən bir çox musiqiçilər müharibə veteranı oldular. Amma nədənsə səngərlərdə, hətta düşmənin yağış kimi yağan güllələrinin altında konsertlər verən bir kiçik qrup ifaçıları isə “müharibə veteranı” adına məsləhət görülmədilər. Hələ indiyə qədər mən bu haqda danışmamışam, nədənsə sizə açıqladım. Elə bu bizə qarşı olan ilk etinasızlıq oldu. 1990-cı ildən o zamanın gənc xanəndələri (hal hazırda onlar hamısı Xalq və Əməkdar artislərdir ) ustadlarından sonra məndən dərs almağa başladılar.

-Nə yazıq ki, etinasızlıq bizimlə hər zaman yoldaş olacaq. Zaman keçdikcə doğmalarımıza qarşı belə etinasız oluruq...

-Şair Tofiq Bayram Seyfəddin Dağlının dəfn mərasimində ağlaya-ağlaya Nəbi Xəzridən soruşdu ki, "Nəbi, bu məmləkətdə DAHİ olmaq üçün nə lazımdır, bilirsən" soruşanda cabında "deyərsən bilərik " dedi Nəbi Xəzri. Tofiq Bayram vahiməli üsyankar bir səslə "Bu məmləkətdə DAHİ olmaq üçün yalnız ölmək lazımdır" dedi. (Mən də onların arasındaydım) Bir neçə gün sonra Cabir Novruz bu söhbətin əsnasında "Sağlığında qiymət verin insanlara" şeirini yazdı. Rəhmətlik Yaşar Nuri vəfatından bir neçə həftə qabaq mənə dedi ki, "Heç ürəyini sıxma, bu dünya belə gəlib, belə də gedəcək. Dahilər həmişə öz dövrünün yetimi olurlar". Allah ona rəhmət eləsin, düz deyibmiş. Mənə demişdi ki, "gedirəm Türkiyəyə, Allah qoysa, gələn kimi şəxsən prezidentdən sənə fəxri ad verilməsini xahiş edəcəyəm". Allah qoymadı, bax burda da yenə yetim qaldım ..

-İnaniram ki, yetim qalmayacaqsız. Azərbaycan dövləti sizin yetim qalmağınıza razı olmayacaq və tezliklə arzuladığınız fərdi ada layiq görüləcəksiniz!

-Mən fəxri ad üçün sənətimə bağlı deyiləm. Adların verilməsi sənətkarın deyil, xalqın sənətkara verdiyi qiymətin göstəricisidir.

Şərhlər