"Yazdığım hər misra ilə ölümə yaxınlaşıram" - "ONLAYN YAZAR"

26.08.2015 18:07     Müsahibə     3672

“Bu gün mənəviyyatımızı pozacaq o qədər nəsnələr var ki... Saysız-hesabsız... Hətta intim münasibətlərin tam çılpaqlığı ilə poeziyaya gətirilməsindən daha təhlükəli məqamlar var”

“ONLAYN YAZAR”ın bu dəfəki qonağı “İpək yolu” jurnalının, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru, “Baymedia İnformasiya Agentliyi”nin təsisçisi və baş direktoru, şeirləri ilə oxucularının könlündə taxt qurmağı bacarmış şair Elçin Mirzəbəylidir.

 

– Salam, Elçin müəllim. Necəsiniz?

– Salam. Sağ olun, siz necəsiniz?

– Çox sağ olun. "Onlayn yazar" rubrikası çərçivəsində məqsədimiz “inbox” qutusundan daha çox yararlanmağın mümkünlüyünü göstərməkdir.  Və istərdik ki, bu dəfəki qonaq siz olasınız. Mümkündürmü?

– Olsun.))

– Başlaya bilərikmi?))

– Buyurun.

– İlk sualımı elə sizin öz şeirinizlə başlamaq istədim.

 İlahi-

İlahi kimdir bu adam?

Tanrı əzabıdır

Tanrı payıdır?

Elçin Mirzəbəyli kimdir? Daha çox özünü tanrının payı kimi təqdim edərdi, yoxsa əksinə...

– Bu dünyada hər kəs Tanrı payı, Tanrı əmanətidir - doğmaları, yaxınları, sevdikləri və onu sevənlər üçün. Mənə gəldikdə isə, mən də başqalarından fərqli deyiləm. Mən kölgəsi yerə yıxılmış minarə kimiyəm. Kimi məni görür, kimi isə kölgəmi...

– Hansılar daha çoxdur? Minarənin kölgəsinə sığınanlar, yoxsa kimliyinizin?

– Mən Tanrıya sığınmışam...Və hər kəsin də Ona sığınmalı olduğunu düşünürəm. Kölgə Günəşə bağlıdı. Gah görünür, gah da görünmür... Əbədi deyil. Heç minarələr də əbədi deyil.

– Ancaq söz əbədidir...

– Bizdən öncə də vardı, bizdən sonra da olacaq.

– O üzdənmi Sözün Allahı olmağa qərar verdiniz?

– Mən sözün nə Allahıyam, nə də quluyam... Allahın verdiyi kiçicik istedadla düşüncələrimin və hisslərimin portretini çəkirəm.

– Ancaq sözü Tanrı səviyyəsinə qaldırırsınız. Sözə elə müqəddəs taxt qurursunuz ki, pıçıldamağa qorxur insan...

– Bunu duymaq çox xoşdu. Qədərindən artıq heç bir şeyi sevmirəm. Hətta sözü də... Tanrı da israfı sevmir. Şeirlərimdə israfçılıq olmadığı üçün hər kəs özünə gərəkli olanı götürür. Qədərincə... Sözü gəldiyi yerdə saxlamağa, taxtından endirməməyə çalışıram.

– Sözə bu qədər dəyər verən şairə söz hansı dəyəri qazandırıb indiyə qədər? Verdiklərinizi ala bilmisinizmi barı?

– Verdiklərimi heç zaman ala bilməyəcəyəm. Çünki maddi deyil... Yazdığım hər kəlməyə sevgimi qatıram, canımdan can verirəm. Bəzən mənə elə gəlir ki, yazdığım hər şeir ömrümü yeyir. Yazdığım hər misra ilə ölümə yaxınlaşıram. Özümə qalarsa, heç bir umacağım yoxdur... Amma təkcə özümüz üçün yaşamırıq bu həyatda...

– Elçin müəllim, bu qədər içdən yazmağı necə bacarırsız? Bəlkə dərdi ütmək üçün çatdığınız ocağın hərarətidir hopub şeirlərinizə?

– Doğrusu, bu barədə düşünməmişəm. Şeir konkret anın, konkret ovqatın məhsuludur. Ola bilsin ki, bir başqasına əhəmiyyətsiz görünən bir hadisə minlərlə insanın dilinin əzbəri olan şeirə çevrilsin. Mən şeirlərimi yazmazdan öncə Tanrıya və özümə pıçıldayıram. İnsan Tanrıyla və özü ilə "üz-üzə" qalanda daha səmimi olur... Şeirlərimə hopan isə hisslərimin dərinliyidi... Orda son hədd yoxdur.

– Hisslərin dərinliyi... Demək olar ki, şeirlərinizin çoxundan ayrılıq qoxusu gəlir. Ayrılığı elə gözəl vəsf edirsiniz ki, hər şeiriniz doğulanda oxucu sevib ayrılmaq istəyir. Demək ki, boşuna deyilmiş. Haradasa sizin də dərinliyinizdə ayrılıq acısı mürgüləyir və siz hər şeir yazdıqca ona layla pıçıldayırsınız sanki.

– Əslində bütün bu sualların cavabı bəlkə də şeirlərimin özündədir. Və yaxud heç yoxdur. İçimdəki bitməyən ayrılıq duyğusunun haradan qaynaqlandığını bilmirəm. Bu dünyada əbədi heç nə yoxdur, bunu yaxşı başa düşürəm. Həyat ayrılıqların toplusudur. Mən sadəcə bu toplunu daha gözəl, daha rəngli görə bilirəm. Vüsalı, görüşü sevməyə nə var ki... Bacarırsan ayrılıqları sev... Amma şeir yazanda qarşıma xüsusi bir məqsəd qoymuram. Həmin an ürəyim nəyi diqtə edirsə, düşüncəmdən, ruhumdan süzülüb gələn nə varsa, onu da yazıram. Oxuculara isə məsləhət görməzdim şeirlərimi oxuduqdan sonra sevib ayrılsınlar. Sevsinlər yetər... Hətta ayrılığı da.

– Ayrılığı necə sevmək olar ki? Seirlərinizdəki ayrılığı nəzərdə tutmadım amma. Şeirlərinizdə rəqs edən ayrılığa sözün həqiqi mənasında ancaq həsəd aparıram.))

– Bu sualın cavabını hər kəs özündə axtarmalıdır... Hər şey insanın özündən asılıdır. Baş verənlərə necə baxdığından... Mən hər şeyin gözəlini, estetik olanını sevirəm... Hətta ölümün də. Şeirlərimdəki rəqs edən ayrılığa gəldikdə isə mən bəşəriyyəti əbədi olaraq düşündürən başlanğıc və son arasında rəqs edirəm. Həyat gəlişlərdən və gedişlərdən ibarətdir.

– Hər şeyin estetik olanını sevən şairin özünü də təpədən dırnağa estetik içərisində qəbul edib oxucuları. Bəziləri elə aşılamağa çalışırlar ki, güclü şairin tipik "bomj"a bənzər obrazı olmalıdır. Elçin Mirzəbəyli isə öz estetikliyi, mədəniyyəti, davranışı ilə iddia edilən bu fikirləri alt-üst etdi. Və sübut etdi ki, estetik yazmaq üçün ilk öncə şairin özünün estetik olması lazımdır. Siz necə düşünürsüz? Həmin “bomj” obrazlılara nə demək istərdiniz?

– Bu mənim üçün çox önəmlidir! Əgər buna nail ola bilmişəmsə, deməli, çox xoşbəxtəm. "Bomj" şair obrazı saxta maskadı... Şairliyin oynanılmasıdı. Bir insanın bütün gün ərzində poetik ovqata köklənməsi mümkün deyil. Əgər beləsi varsa, o zaman psixoloji problemlərinin həllinə çalışmalıdı. Tamamilə haqlısınız, estetik yazmaq üçün ilk növbədə içinlə-çölünlə estetik olmalısan. Ola bilsin ki, bəzilərinə yaşadıqları səliqə-sahmansız həyatı ədəbiyyatın adına yazmaq daha rahatdı. Yəni, ciddi qınaq obyekti olmayacaqlar... "Şairdi də..." deyib keçəcəklər. Mən isə hər zaman əksini düşünmüşəm. Hesab etmişəm ki, gözəlliyi yaradan insan ilk növbədə özü gözəl olmalıdı. Hər şey insanın daxili mədəniyyəti ilə bağlıdır... Bu isə Tanrının bəxş etdiyi bir nemətdir. Sonradan qazanılmır, ya var, ya da yoxdur. Mən istənilən bir şairin yazısını oxuyanda onun nə zaman və hansı şəraitdə yazıldığını təsəvvür edə bilirəm... Qürursuz olan heç nəyi sevmirəm.

– Modernist şeir adı altında intim münasibətin çılpaqlığı ilə şeirə daşınması nə dərəcədə doğrudur? Postmodernist şairlərin açıq-saçıq sevgi şeirləri nə dərəcədə səmimidir? Ümumiyyətlə nə etməyə çalışırlar? Bir zərrə mənəviyyatımız qalıb, onu da əlimizdən almağa çalışırlar, yoxsa ki, özlərini reklam etməyə?

– Bu da ədəbiyyatın pornoqrafıyasıdır... Yaradıcılığın digər sahələrində olduğu kimi, ədəbiyyatda da hər zaman belə meyllər olub. Əslində bu yenilik, modernizm deyil. Bu arxaizmdir... Çünki ilkin ədəbiyyat nümunələrində qurşaqdan aşağı məqamlara daha çox diqqət yetirilib. Bəşəriyyət inkişaf etdikcə insanlar arasındakı münasibətlər, o cümlədən intim münasibətlər estetikləşib. Dəyərlər formalaşıb. Belə üsullar şöhrət qazanmağın ən asan, ucuz və kütləvi formasıdır. Belə nümunələr heç vaxt uzunömürlü olmur. Kütlə yaddaşsız olur axı... Amma hesab etmirəm ki, bir neçə nəfər pornoqrafik cızmaqaraçı mənəviyyatımızı poza bilər. Bu gün məniviyyatımızı pozacaq o qədər nəsnələr var ki... Saysız-hesabsız... Hətta, intim münasibətlərin tam çılpaqlığı ilə poeziyaya gətirilməsindən daha təhlükəli məqamlar var.

– Hansı məqamlardır axı bizi məhvə sürükləyən?

– O qədər çoxdur ki, sıralamaqla bitməz. Ən böyük faciə sözün bütün mənalarında mizan-tərəzinin pozulmasıdır.

– Elə istedadlılar var ki, yazdığını oxuyanda az qalırsan ki, gedib tapıb əllərindən öpəsən. Ancaq onun kimliyini biləndə, şəxsiyyətsizliyini biləndə məəttəəl qalırsan ki, Tanrı bu dəyərsizə bu qədər dəyəri nədən verib ki, sözə allahlıq edir. Bax bu, mənə hər zaman maraqlı olub, niyə belədir axı? Bu, həmin insanlara Tanrının lütfüdür, yoxsa ki, cəzası?

– Bir az fərqli düşünürəm. Mənə görə səmimi və içdən gələn yaradıcılıq nümunələrinin arxasında dayanan şəxsiyyətlər heç zaman şəxsiyyətsiz ola bilməzlər. Kimsə şeirin texnologiyasını yaxşı bilə, sözdən yerində və ustalıqla istifadə edə bilər. Birdə ki, biz hər şeyə öz prizmamızdan yanaşa bilirik. Təkcə ədəbiyyatda deyil, digər sahələrdə də bir çox hallarda fərqli qənaətlərə gələ bilirik. Yəni düşünürük ki, Tanrı əclafları mükafatlandırır. Amma bu subyektiv yanaşmadı. Şair də, sənət adamı da insandır. Onun da səhvləri, çatışmazlıqları ola bilər. O müqəddəs deyil... Uzun illərdi ki, sona çatdıra bilmədiyim bir roman var... İstedadlı əclaf haqqındadır. Həm də çox istedadlı. İnsan xarakterinin bütün cizgilərini ortaya çıxarmaq istəyirəm, bu romanla və hər gün qarşıma yeni məqamlar çıxdığı üçün sona çatdıra bilmirəm. İnsan mürəkkəb məxluqdu. Bir insanda olduqca gözəl keyfiyyətlərlə yanaşı ağlasığmaz naqisliklər də ola bilər... Zənnimcə, bu. Tanrının cəzasıdır... Əgər Tanrı bir insana ilahi bir istedad bəxş edibsə və bu insan öz yaradıcılığı ilə həyatı arasındakı uçurumda çabalayırsa, bu, artıq bu dünyada cəhənnəmi yaşamaq deməkdir.

– O roman çoxmu "su aparacaq"? Bəlkə də elə tamamlanmamış roman kimi qalacaq. Çünki bu cəmiyyətdə hər gün yeni məqamlarla qarşılaşmamaq mümkünsüzdür.

– Ola bilsin ki, tamamlanmasın... Zaman göstərər.

– Bir sual da vermək istəyirəm, ancaq cavab verməkdə sərbəstsiniz.))

– Buyurun.

– Elçin Mirzəbəylinin şeirlərini daha çox sevirlər, yoxsa şəxsiyyətini? Sosial şəbəkələrdə eşq elanı edənlər olurmu?))

– Bu suala mənim cavab verməyim çətin olardı... Şəxsən tanıdığım insanlar şeirlərimi də, şəxsiyyətimi də eyni səviyyədə sevirlər. Yəni yaradıcılığımla şəxsiyyətim arasında fərq qoymurlar. O ki, qaldı sosial şəbəkələrdə eşq elan olunması məsələsinə, bunu yalnız məni tanımayanlar edə bilərlər. Bəlkə də nə zamansa olub. Amma xüsusi önəm verməmişəm. Sosial şəbəkələrdə fəal deyiləm. Bəzən, imkan düşdükdə həmkarlarımın suallarını cavablandırıram. Tanımadığım insanların ismarıclarını isə oxumadan silirəm.

– Söz nəqqaşının siyasi arenasında külüng vurmağı çətin deyil ki?

– Çətin deyil. Daha öncə də bu barədə danışmışam. Şairlik peşə deyil, təyinatdır... Siyasət isə mənim peşəmdir. İllərimi vermişəm bu işə. Siyasi fəaliyyətimin uğurlu və cəmiyyət üçün xeyirli olduğunu düşünürəm. Mən ədəbiyyatla siyasətin sərhədlərini dəqiq cızmağı bacarıram. Heç vaxt siyasətdə ədəbiyyatla, ədəbiyyatda isə siyasətlə məşğul olmamışam. Yaradıcı insan olmağım isə siyasi fəliyyətimdə mənə yalnız və yalnız yardım edir. Araşdırma aparsanız, dünyada kifayət qədər siyasət adamı tapa bilərsiniz ki, yaradıcılıqla məşğuldurlar. Azərbaycanda isə siyasətçilərin şeir yazmasına, yaxud şairlərin siyasətlə məşğul olmalarına bəzən qeyri-ciddi münasibət sərgilənməsinin öz səbəbləri var. İkibaşlı ifadələr işlədib kimsənin qəlbini qırmaq istəmirəm. Özüm haqında isə onu deyə bilərəm ki, siyasi proseslərə olduqca soyuq məntiqlə, emosiyasız yanaşıram. Yəni bu mənim işimdi...

– Sizə bu qarmaqarışıq zamanda mənə Elçin Mirzəbəylinin söz dünyasına səyahət etməkdə bələdçilik etdiyiniz üçün sonsuz təşəkkürümü bildirirəm. Və sizə hər zaman söz boxçanızın ən nadidə incilərlə aşıb daşmasını arzu edirəm. Çox sağ olun!!!

– Mən də sizə təşəkkür edirəm.

Şərhlər