"Boşanmaların artmasına səbəb erkən nikahlardır" - Lalə Mehralı

30.08.2015 10:32     Müsahibə     4795

Erkən nigaha razılıq verən valideynlər hələ formalaşmayan beyinlərə ailə yükünü də yükləməklə psixoloji vəziyyətin gərginləşməsinə səbəb olurlar.

Son zamanlar mətbuatda bu cür xəbərlər başlıqlarını tez-tez görürük: “Ailəsindən ayrılan kişi intihar etmək istədi”, “Cavan qadın intihara cəhd etdi”, “Qadın ailəsini və uşaqlarını qoyub evdən qaçdı”.

Boşanmaların sayında artım var. Bu ilin rəsmi statistikasına əsasən 6 ay ərzində 7 minə yaxın boşanma faktı qeydə alınıb. 2014- cu ildə isə bir il ərzində 12 min boşanma qeydə alınmışdı.  Xüsusilə də, təkuşaqlı ailələrdə boşanmaların sayı son 24 ildə rekord həddə çatıb.

Belə ki, 1990-cı ildə Azərbaycanda biruşaqlı ailələrdə boşanma sayı 2045, 2013-cü ildə Azərbaycanda bir uşağı olan 1921 ailə boşandığı halda, 2014-cü ildə bu rəqəm 2798-ə çatıb.

Reaksiya.Az-ın bu və digər suallarını sosioloq Lalə Mehralı cavablandırıb.

Cəmiyyətdə son zamanlar formalaşan dəyər aşınmaları ailələrin dağılması, hətta bəzi hallarda intiharla nəticələnir. Dünya praktikasında məhkəmə öncəsi və sonrası boşanan (boşanacaq) olan cütlüklərə psixoloqla konsultasiyalar təyin edilir. Bəzən hakimlər bunu tələb edirlər və müəyyən müddət qoyurlar bunun üçün  bu məsələ bizdə hansı formada öz həllini tapmalıdır?

- Bildiyim qədəri ilə bizim ölkəmizdə də bu cür hallar olur. Konkret psixoloqa göndəriş halları da var, düşünmək üçün zaman təyin edilməsi halları da. Çünki boşanma halları ildən-ilə artır, faiz artımının qarşısını almaq üçün hər kəs öz cəbhəsində işləməlidir. Tutaq ki, mən sosial layihələr çərçivəsində təbliğatlar aparıb boşanmağa meylli olan cütlükləri fikrindən daşındırıram, bəzən buna nail ola bilməyəndə, onlar boşanmaq üçün məhkəməyə müraciət edir və hakim onların boşanmaması üçün düşünmə vaxtı təyin edir və yaxud psixoloq məsləhəti almalarını tələb edir. Psixoloq da öz növbəsində cütlüklə işləyir, boşanmağa ciddi bir səbəbin olmadığını onlara başa salır və beləcə hər kəs boşanmağın qarşısını almaq üçün işləyir. Məsəl var, deyir hirsli başda ağıl olmaz. Məhkəmədə bu kimi hallar az olmur, boşanır, sonra peşman olur tərəflər, ona görə düşünmək üçün vaxt verilməsi, psixoloq məsləhəti belə vaxtlarda dəyərli tədbirlərddir.

Bəzən ailələrin dağılması hətta intihara da gətirib çıxarır. Bu istiqamətdə hər hansı mexanizmlər mövcuddurmu?

- İntihara səbəb ailənin dağılması deyil, dağılan ailə fərdlərinin psixoloji vəziyyətinin gərgin olmasıdır. Yəni, əgər fərdin psixoloji vəziyyətində problem olmasaydı ailə dağılsa da intihara səbəb olmayacaqdı. Bu kimi hallarda ailə dağılmasa da başqa bir səbəb  dən intihar baş verəcək. Mexanizm olaraq erkən nikahın qarşısı alınmalıdır. Diqqət etsək görərik ki, intihar edənlərin əksəriyyəti gənc yaşda ailə quran insanlardır.

Burda ortaya çıxan fəsadların erkən nikahla , başqa sözlə desək, həyat təcrübəsinin azlığı ilə əlaqəsi varmı?

- Yetkin olmayan insanın əsəbləri əlbəttə ki, formalaşmayacaq, kiçik hadisələrdən qıcıqlanacaq. Təcrübəsizlik də bura daxil olunduqda nəticə bizi təəccübləndirməməlidir. Boşanmaların əsas səbəbi erkən nikahlardır. Buna razılıq verən valideynlər hələ formalaşmayan beyinlərə ailə yükünü də üstəlik yükləməklə psixoloji vəziyyətin gərginləşməsinə səbəb olurlar.

Şərhlər

Çox oxunanlar