"Ədəbiyyatı, tarixi bilməyən adam heç vaxt yaxşı rejissor ola bilməz" - Etibar Babayev

31.08.2015 17:23     Müsahibə     5161

Televiziya və film sahəsini rejissorlarsız təsəvvür etmək mümkün deyil. Hətta, bizim TV və filmlərdə gördüklərimizin birbaşa müəllifi məhz onlardır. Bura TV və film çəkilişi ilə yanaşı, klip və serial çəkilişləri də aiddir. Bəs rejissorlar nələri bilməlidir? Rejissor olmaq üçün əsas olan nədir?

Reaksiya.az xəbər verir ki, bu və başqa suallarımızı əməkdar incəsənət xadimi, rejissor Etibar Babayev cavablandırıb.

 

 

-         Azərbaycanda serialların çəkilişini necə qiymətləndirirsiniz?

-         Rejissorluq özlüyündə janrlara bölünür: tv rejissoru və kino rejissoru. Əgər biz konkret serial çəkilişindən danışırıqsa, TV serialları son illərdə çəkilib. Mənə elə gəlir ki, seriallar hələ yerlərini tutmayıb. Hələ zaman lazımdır. Əgər Rusiya, Braziliya, Latın Amerika və ən yaxın qonşu ölkə olan Türkiyə təcrübəsinə diqqət etsək, görərik ki, onlarda da əvvəllər kinolar lap maraqlı deyildi. İndi bazar yaranıb, onlar artıq filmləri sata bilirlər. Ona görə də maliyyə qoya bilirlər. Ümumiyyətlə maliyyə yaxşı qoyulmalıdır ki, yaxşı texnika tətbiq edilsin, həm də yaxşı aktyorlar toplansın.

-         Bəs Azərbaycanın TV serialları nə zamandan tanınmağa başlanılacaq?

-         Ən azı 5 il sonra seriallar yerinə oturacaq. Hər şeyin sınaq zamanı olur. Bir müddət zaman keçməli, təcrübə qazanılmalıdır. Ondan sonra artıq yüksək keyfiyyətli seriallardan danışa bilərik.

-         Yaxşı rejissor olmaq üçün nələri bilmək lazımdır?

-          Ümumiyyətlə yaxşı jurnalist olmaq üçün müşahidə, bir də məktəb lazımdır. Amma bir əsas məqam da var ki, bunu heç yerdən öyrənmək olmur. Mən həmişə demişəm ki,  rejissora həm texnikanı, həm də kompüteri öyrətmək olar. Amma insanın öz daxili hissiyatı var ki, bunu öyrətmək olmur.  O gərək bu hissiyyatla anadan doğulsun.  İnsan yaradıcı doğulur, sonradan yaradıcı olmur.

-         Serial sektorunun inkişafı üçün nə lazımdır?

-         Film sahəsində bütün məsuliyyət rejissorun üstündədir. Film yaxşı da olsa rejissor cavabdehdir, pis də olsa. Filmlərin, serialların yaxşı olması üçün rejissorlara ilk növbədə yaxşı maliyyə lazımdır. Çünki yaxşı maliyyə olanda həm texnika yaxşı olacaq, həm də daha yaxşı aktyorları cəlb etmək mümkün olacaq.

-         Rejissor olmaq üçün universitetdə verilən təhsil kifayət edirmi?

-         Yenə də gəldik həmin sözün üstünə.  Təhsil öz yerində olmalıdır. Amma gənc özü də daim axtarışda olmalıdır. Bu gün internet var və bütün dünya əlinin altındadır.  Onlar  gərək özləri biliklərini artırsınlar. Rejissor texnologiyayla çalışır və ssenaristlə  işləyir. Ona görə də o, hər gün yeni texnologiyaları öyrənməlidir. Bu məsələnin bir tərəfi.  Digər tərəfdən  rejissorun geniş biliyi olmasa, yəni ədəbiyyatı, tarixi  bilməsə, ondan heç vaxt yaxşı rejissor ola  bilməz. Əgər kimsə deyirsə ki, mən yalnız çəkilişi, kadrları çəkməyi öyrənərək rejissor olacağam, mümkün deyil. Mütləq ədəbiyyatı, tarixi bilməlidir.  Düzdür, indi rejissor çoxdur, amma biz burada əsl rejissordan danışırıq. Əsl rejissor isə elmli olmalıdır.

-         Gənc rejissorlara nə məsləhətlər verərdiniz?

-         Cavan rejissorlar araşdıraraq bilməlidirlər ki, kino necə yaranıb, ilk kino hansı olub. İlk aktyorlar kimlərdir. Oskar mükafatlarını kimlər alıb və nəyə görə alıblar. Bunları araşdırarkən bilmədiyi çox şeyləri öyrənəcək, inkişaf edəcəklər.

-         Sahələrə ayırsaq, hansı sahədə çalışan rejissorların işi daha asandır?

-         Sahələrə görə çətinlik dərəcəsi deyə bir şey yoxdur. Əlbəttə, idman rejissoru bir janrdır, konsert rejissoru da başqadır.  Hərəsinin öz spesifikası var. Klip ayrı, TV ayrı sahədir. Bir–birilərinin işlərini görə bilməzlər. İndi yaxşı olan cəhət odur ki, kompüterlə montaj etmək olur, səhvləri aradan qaldırmaq mümkündür. Amma yaxşı bir söz də var ki,  “Hər şeyi kadrlar həll edir”. Rejissor hansı sahəni seçir, fərqi yoxdur. İdeya və rejissor zövqü yaxşı olmalıdır. Rejissor işə başlayanda harda, necə başlayıb, necə qurtaracağını bilməlidir.

-         Rejissorun istənilən bir çəkiliş edən şəxsdən əsas üstünlüyü nədədir?

-         Belə izah edim. Bu gün hamı şəkil çəkə bilir. Amma rejissor tamam fərqli şəkil çəkir. Əgər rejissor da fotoaparatı götürüb təkcə düyməni basırsa, o zaman başqalarından fərqi qalmır. Rejissorluq bu deyil. Gərək işin dərinliyini, işığı, rakursu bilsin. Məsələn: bir obyekti hərə bir cür çəkə bilər. Amma biri yaxşı çıxır, biri pis. Rejissorun çəkdiyi şəkil isə bunlardan fərqlənməlidir. Burda əsas olan o kadrı “görmək”dir. 

Şərhlər