Özünü yandıran gözəl qadının acı hekayəti - "Tək ölmək istəmirdim, ..."

16.10.2015 17:44     Müsahibə     3058

Onunla eyni marşrutda yol gedirdik. Üz-gözünü nə qədər bağlamağa çalışsa da yanaraq büzüşmüş çöhrəsi yanında oturanları qorxudurdu. Əlinə geyindiyi qara əlçəklərdən aydın olurdu ki, əlləri də üzü kimi vahiməlidir.

Avtobusun ən son oturacağında büzüşərək oturmuş bu “eybəcər” qadını mən uşaqlıqdan tanıyırdım. Qəsəbəmizdəki uşaq bağçalarının birinin müdirəsi idi. Əzəmətli, yaraşıqlı, cazibədar qadın idi. Yerişindən sanki yer titrəyirdi, səsindən yer-göy lərzəyə gəlirdi. Ancaq o əzəmətin, o təmtəraqın arxasında çox mülayim və səmimi bir ürək dayanırdı. Uşaq bağçasının dəhlizində rastına çıxan uşaqların başını sığallamadan, üzündən öpmədən buraxmazdı. Hamı deyirdi ki, öz övladı olmadığından meylini bağçadakı uşaqlara salıb.

Günlərin bir günü qəsəbəni qara bir xəbər bürümüşdü. Hər kəs danışırdı ki, uşaq bağçasının həmin yaraşıqlı müdirəsi özünü yandırıb.

Xəbəri eşidən hər kəs sanki şoka düşmüşdü və qulaqlarına inanmaq istəmirdi. Uşaq olsam da o acı xəbər məni də çox sarsıtmışdı. Elə hey yenidən o qadını görməyə can atırdım, ancaq bir daha onu nə mən, nə də başqa heç kim gördü. Elə yoxa çıxdı ki, çoxusu xəstəxanadaca öldüyünü zənn etdi.

İndi avtobusda gördüyüm bu yanıq qadının məhz o olduğuna tam əmin idim. Nə olursa olsun, necə olursa-olsun, onunla danışmalıydım. İllərdi ürəyimdə yığılıb qalmış suallarıma cavab tapmaq üçün onu danışdırmalıydım. Ən azından o qadın olub-olmadığını dəqiqləşdirməliydim.  

Düşəcəyim dayanacağı belə unudub düz onun oturduğu oturacağın qarşısında əyləşdim. Sərnişinlər yavaş-yavaş düşdükcə avtobusdqa ikimiz qalmışdıq. Deyəsən, ən sonuncu dayanacaqda düşəcəkdi. Avtobus dayanan kimi səndələyə-səndələyə yerə endi. Mən də cəld arxasıyca düşdüm, onu izləməyə başladım. Hiss etdi ki, onu güdürəm. Qəfildən dayandı, mənə tərəf çevrilib çox qəzəblə baxdı. Elə bərk qorxdum ki. Baxışları ilə məni sillələdi sanki. Ancaq özümdə təpər tapıb çətinliklə də olsa dilləndim: “Siz Minayə (ad şərtidir) xanım deyilsinizmi?”. Qadının gözündən iki damcı yaş gilələnib yanağını islatdı. Göz qapaqlarını endirib qaldırmaqla "hə" dedi sanki. Üzünü çevirib yoluna davam etdi. İndi daha ürəklə düşdüm arxasıyca. On-on beş dəqiqəlik yol getdikdən sonra düz kənd məzarlığına çatdıq. Qəbiristanlığın yanındakı köhnə qatar vaqonunun qarşısında dayanıb: “Qorxmursansa içəri gəl”- dedi. “Nədən qorxacağam ki” - deyərək onun ardınca vaqona girdim. Çöldən uçuq-salxaq vaqonun içərisi o qədər səliqəliydi ki, ayaqqabılarımı çıxartmadığımdan utandım. Qapının ağzındaca büzüşüb astaca dilləndim: “Axı demədiniz ki, siz o xanımsınız, ya yox”. Aram-aram dillənməyə başladı:

- Bəli, düz tapmısan, o qadın mənəm. İllər öncə özünü yandıran Minayə xanım.

Səsi beynimdə ildırım kimi çaxdı, illər keçsə də, görkəmi tanınmaz hala düşsə də, səs həmin səs idi.

- Minayə xanım, axı siz çox xoşbəxt qadın idiniz. Hər kəsi çox sevirdiniz, hər kəs tərəfindən çox sevilirdiniz. Bəs necə oldu ki, özünüzü yandırdınız? Necə qıydınız o gözəlliyə? Heçmi heyfiniz gəlmədi?

- Gözəl qızım, yadında saxla ki, gözəllik heç zaman xoşbəxtlik gətirmir qadına. Mənim gözəlliyim bədbəxtliyimin üzərində qurulmuş müvəqqəti bir səltənət idi. Tanrı üzümü gözəl yaratsa da, bəxtimi qara yazmışdı. Sizin gördüyünüz o əzəmətli Minayə xanım evdə çox tənha, kimsəsiz, zavallı, əzik bir qadın idi. Sizin eşitdiyiniz o əzəmətli səsi ilə yeri yerindən oynadan Minayə xanımın evdə, əri yanında dili çıx qısaydı. Sizin bildiyiniz hər kəsin problemini ani zaman içində həll edən Minayə xanım özü bir övlad üçün aciz qalmışdı.

Gözləri dolub daşsa da əsla ağlamadan, qəhər boğazında düyünlənsə də səsinin ahəngini pozmadan danışmağa davam edir:

- Heç kim sabah başına nə gələcyindən sığortalanmayıb. Eləcə də mən bilmirdim başıma nə gələcəkdi. Elə hey bir gün mütləq ana olacağam ümidiylə yaşayırdım, müxtəlif həkimlərə gedirdim, müalicələr alırdım. Ancaq hər dəfəsində də heç bir nəticəsi olmurdu. Başımı işdə qatırdım, evə getmək istəmirdim ki, yenə də yoldaşımın uşaq tənələri ilə baş-başa qalacağam.

Havanın qaraldığını görüb birbaşa həmin gündən danışmasını istəyirəm:

- Minayə xanım, mümkündürsə həmin gündən, öz canınıza qıydığınız gündən danışasınız.

- İşdə öz otağımda oturmuşdum. Telefon zəng çaldı, dəstəyi qaldırdım. Telefonun o biri başından bir qadın “Ay qoyun, bilirsənmi evində indi kim var? Bilirsənmi indi ərin kiminlədi?” – deyirdi. Düzü, əvvəlcə çaşıb qaldım, elə bildim ki, səhv düşüblər. Qadın “Səninləyəm e, Minayə, ərin sənə xəyanət edir” deyərək davam etdikcə otaqdan necə çıxdığımı heç indi də yadıma sala bilmirəm. Yol boyu elə gedirdim ki, sanki qanadlanıb uçurdum. Beşinci mərtəbəyə piyada necə qalxdığımı bir Allah bildi, bir də mən. Açarlarımla qapını açıb, birbaşa yataq otağına girdim. Elə həmin an dünyam qaraldı, ev üstümə uçdu sanki. Mənim yatağımda ərim başqa bir xanımla sarmaşıq olmuşdu. Gördüyüm mənzərədən dəhşətə gəlmişdim. Dərhal balkona çıxdım, istədim ki, özümü aşağı atam. Ancaq qəfil fikrimdən daşındım. Mətbəxə qayıdıb şkafın başındakı neft lampasını götürdüm. Gəlin köçəndə anam onu mənə bəxt lampası deyə vermişdi. Lampadakı nefti üstümə töküb kibriti çaldım. Yana-yana onlar olan otağa tərəf gəldim. Tək ölmək istəmirdim, onları da özümlə bərabər yandıracaqdım. Gerisini isə xatırlamıram. Aylar sonra özümü 5 nömrəli yanıq xəstəxanasının bir palatasında gördüm. Yaşadıqlarımı yuxu kimi xatırlayırdım. Özümü, yanmış üzümü, büzüşmüş bədənimi gördükcə sağ qaldığıma lənət oxuyurdum. Nə gəzə bilirdim, nə yeyə bilirdim, heç yerimdən belə qalxa bilmirdim. Zaman hər şeyi sağaldır deyirlər, yaralarımın da əlacı o zaman oldu. Hər gecə yatanda bir daha yuxudan oyanmamaq üçün dua edə-edə 20 ildir ki, sürünə-sürənə də olsa yaşayıram...

Bundan sonrasını anlatmağa nə onun heyi qalmışdı, nə də dinləməyə mənim tabım. Gəldiyim yolla cəld oradan uzaqlaşmağa çalışırdım. İstəmirdim, onun üçün ağladığımı hiss eləsin...

Şərhlər