"Azərbaycanda demokratik, legitim seçkilərin əsasını təşkil edən başlıca amil güclü siyasi iradədir" - Politoloq

30.10.2015 12:24     Müsahibə     3673

Müsahibimiz politoloq Nurlan QƏLƏNDƏRLİdir.

 

-Azərbaycan mühüm ictimai-siyasi hadisə - parlament seçkiləri ərəfəsindədir. Ümumiyyətlə, parlament seçkilərinin əhəmiyyətini və demokratik inkişafa verdiyi töhfələri necə dəyərləndirirsiniz?

-Azərbaycanda beşinci çağırış Milli Məclisə seçkilərin keçirilməsinə iki gündən az müddət qalıb. Bu proses ümummilli seçkilər kateqoriyasına aid edildiyindən onun hər bir mərhələsi və nəticəsi ölkə üçün sosial-siyasi baxımdan xüsusi önəm kəsb edir. Çünki bu, siyasi sistemi təkmilləşdirən fundamental faktor kimi çıxış edir.

Ümumiyyətlə, demokratik seçkilər siyasi sistemin elementlərinin təkmilləşməsinə, vətəndaşların siyasi iştirak və sosiallaşması səviyyəsinin artmasına, onların öz aktiv və passiv seçki hüquqlarından (seçmək və seçilmək hüququ) sərbəst şəkildə istifadə etməsinə, nəhayət, qanunverici orqanın fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinin artmasına real zəmin yaradır. Bütün bunlar isə kompleks şəkildə ölkənin siyasi sisteminin demokratikləşdirilməsi prosesinə mühüm töhfələr verməklə yanaşı, siyasi subyektlərin sağlam rəqabətini də əsaslı müstəvidə təmin etmiş olur. Qısacası, parlament seçkiləri mahiyyətinə görə siyasi fəallığı və iştirakçılığı artıran, siyasi sistemin rəqabətlilik qabiliyyəti və demokratiklik səviyyəsini yüksəldən, siyasi mədəniyyət və davranışa yeni keyfiyyət çalarları əlavə edən və siyasi sistemin komponentlərini təkmilləşdirən ümummilli aksiya önəmi kəsb edir. Məhz buna görə də siyasi sistemin və reallığın tələblərinə, qanunauyğunluqlarına müvafiq surətdə demokratiya yolunda addımlayan ölkələr, o cümlədən Azərbaycan üçün bu seçkilərin legitim və demokratik şəkildə keçirilməsi müstəsna əhəmiyyət kəsb edir.

Əlbəttə ki, parlament seçkilərinin demokratik şəkildə keçirilməsinə bir neçə amil təsir edir. Bunlara siyasi sistemin demokratiklik səviyyəsi, təkmil seçki məcəlləsinin mövcudluğu, siyasi subyektlərin legitim fəaliyyət imkanı və ölkədə hökm sürən sosial-siyasi sabitliyin səviyyəsi aiddir. Bütün bunlar kompleks xarakter daşıdığından hər birinin təmin olunması xüsusi önəm kəsb edir...

-Bəs ölkədə seçkiöncəsi ictimai-siyasi vəziyyəti necə qiymətləndirirsiniz? 

-Seçkiqabağı sosial-siyasi şəraiti müşahidə etdikdə aydın olur ki, yuxarıda sadalanan fundamental faktorlar ölkəmizdə yüksək səviyyədə təmin olunub. Yəni Azərbaycan növbəti parlament seçkilərinə də təkmil Seçki Məcəlləsi və zəngin qanunvericilik bazası ilə gedir, eləcə də siyasi sistemin demokratiklik səviyyəsi olduqca yüksək şəkildə təmin olunub. Bütün bunlar isə siyasi subyektlərin legitim fəaliyyətinə xüsusi-stimulverici zəmin yaratmış olur. Ən əsası isə odur ki, seçkiqabağı siyasi sabitlik ənənəvi qaydada-hər zaman olduğu kimi, ən yüksək səviyyədə təmin edilib. Bu faktorun özü Milli Məclisə keçiriləcək seçkilərin tam şəffaf və ədalətli şəkildə baş tutmasının əsas təminatçılarından biri qismində çıxış edir...

Beləliklə, Azərbaycanda seçkiqabağı siyasi sabitliyi göstərən bir neçə faktı diqqətə çatdırmaq xüsusi önəm kəsb edir. Birincisi, hakimiyyətin müstəsna xidmətləri sayəsində seçkilərdə iştirak edəcək bütün subyektlərə öz platformalarını təbliğ etmək üçün tam ədalətli və demokratik şərait yaradılıb. Bütün aidiyyəti strukturlar mümkün resurslardan istifadə edərək bərabər rəqabət şəraiti yaratmaqla seçkiöncəsi şəraitin demokratiklik və sabitlik səviyyəsini daha da gücləndirib. İkincisi, ümummilli aksiya önəmi kəsb edən parlament seçkilərinin demokratiklik səviyyəsinə kölgə sala biləcək dağıdıcı hallara və faktorlara qarşı öncədən lazımi tədbirlər görülüb. Bu, inzibati qaydada bütün demokratik ölkələrin üzərinə düşən ali vəzifə xarakteri kəsb etdiyindən Azərbaycan üçün də vətəndaşları qarşısında mövcud olan fundamental missiya önəmi kəsb edir. Dövlətimiz isə bu missiyanın uğurla reallaşdırılması yönündə məxsusi fəaliyyət göstərməkdədir.

Digər tərəfdən, hakimiyyətin uğurlu daxili siyasəti seçkiöncəsi mərhələdə də sosial-siyasi sabitliyi təmin edən başlıca mexanizm qismində çıxış edir. Qısacası, hakimiyyət parlament seçkiləri öncəsi öz üzərinə düşən öhdəlikləri yerinə yetirməklə sahib olduğu resurslardan maksimum səviyyədə istifadə edərək sosial-siyasi sabitliyi yüksək şəkildə təmin etməyə çalışır. Və buna da nail olur. Bu isə öz növbəsində ölkəmizin demokratik seçki keçirmək ənənəsinin uğurla davam etdirilməsinə şərait yaradır...

-Seçki qanunvericiliyi hər bir seçicinin öz iradəsini sərbəst şəkildə ifadə etməsinə imkan verirmi?

-Azərbaycanda azad və şəffaf seçkilərin keçirilməsi üçün mükəmməl seçki qanunvericiliyi formalaşdırılıb. Məlum olduğu kimi, Azərbaycanın Seçki Məcəlləsi hazırlanarkən beynəlxalq təcrübə əsas götürülüb və bu sənəd Avropa Şurasının Venesiya Komissiyasının müsbət rəyini alıb. Bununla belə, qəbul olunduğu zamandan indiyə qədər də Seçki Məcəlləsinin üzərində təkmilləşdirmə işləri aparılıb.

Seçkilərin demokratik, şəffaf keçirilməsi məqsədilə MSK tərəfindən də vacib sənədlər qəbul olunub ki, bütün bunlar beynəlxalq seçki təcrübəsinə və Azərbaycanın Seçki Məcəlləsinin tələblərinə əsaslanır. Bu sənədlər sırasına “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə xüsusi seçki hesablarının açılması qaydaları haqqında”, “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə kütləvi informasiya vasitələri ilə seçkiqabağı təşviqatın aparılması qaydaları haqqında”, “Azərbaycan Respublikasının Milli Məclisinə seckilər zamanı təsdiq edilmiş deputatlığa namizədin müdafiəsi üçün seçici imzalarının toplanması və dairə seçki komissiyasına təqdim edilməsi qaydaları haqqında” təlimatlar, “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədə, onun səlahiyyətli nümayəndəsinə, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə dairə seçki komissiyası tərəfindən imza vərəqələrinin verilməsi Qaydaları” və s. daxildir.

Bütün görülən işlər isə ölkə vətəndaşlarının seçki hüququnun təmin edilməsinə xidmət edir. Birmənalı şəkildə qeyd etmək olar ki, bu gün Azərbaycanda hər bir seçicinin öz iradəsini sərbəst şəkildə ifadə etməsi üçün bütün imkanlar var.

Hər bir seçkinin hazırlanıb keçirilməsində əsas məsələlərdən biri də seçici siyahılarının lazımi səviyyədə hazırlanmasıdır. Məhz bu baxımdan, Azərbaycan kifayət qədər ciddi və beynəlxalq praktikaya əsaslanmış tədbirlər həyata keçirir. Seçki Məcəlləsinin tələblərinə görə, Azərbaycanda seçici siyahıları hər il dəqiqləşdirilir. Yəni, seçkilərin keçirilib-keçirilməməsindən asılı olmayaraq bu proses həyata keçirilir.

-Təbliğat-təşviqat prosesində namizədlər üçün yaradılan şərait barədə nə deyə bilərsiniz?

-Təbliğat-təşviqat mərhələsi seçki kampaniyasında xüsusi yer tutur. Çünki seçkilərdə iştirak edənlər məhz bu mərhələdə özünün platformasını seçicilərə təqdim edir, qələbə qazanmaq üçün müvafiq iş aparır. Təcrübə təsdiq edir ki, məhz cəmiyyətdə yaxşı tanınan, fəal təşviqat aparan subyektlərin seçkilərdə qələbə qazanmaq şansı daha yüksəkdir. Ölkəmizdə də seçki təşviqatının aparılması demokratik qanunvericiliyə uyğun olaraq müəyyənləşib. Qeyd edək ki, Azərbaycan Seçki Məcəlləsinin 13-cü fəsli bütünlükdə seçki təşviqatının aparılması qaydalarına həsr olunub. Həmçinin, Mərkəzi Seçki Komissiyası tərəfindən bu məqsədlə “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə kütləvi informasiya vasitələri ilə seçkiqabağı təşviqatın aparılması qaydaları haqqında Təlimat” qəbul olunub ki, burada əsasən KİV-lərdə namizədlər üçün bərabər təbliğat aparmaq imkanı yaradılır.

Xatırladaq ki, Milli Məclisə seçkilərlə bağlı seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. Səsvermə günü və ondan əvvəlki gün saat 8.00-dan başlayaraq hər hansı formada seçkiqabağı təşviqatın aparılması qadağandır. Seçkiqabağı təşviqat aparmaq hüququna malik olan subyektlər isə qeydə alınmış namizədlər, namizədləri qeydə alınmış siyasi partiyalar və seçki blokları, namizədlərin səlahiyyətli nümayəndələri və onların vəkil edilmiş şəxsləridir. Qeyd etdiyimiz kimi, təşviqat prosesinin qanunvericiliyə uyğun şəkildə keçirilməsi üçün dövlətin müvafiq strukturları tərəfindən lazım olan bütün imkanlar yaradılıb. Namizədlərin bərabər şəkildə mübarizə aparması üçün görülən işlər sırasında müvafiq icra hakimiyyətləri tərəfindən hər bir dairə üzrə açıq və qapalı yerlər ayrılıb. Sadəcə, görüş keçirmək istəyən namizəd müvafiq DSK-ya müraciət etməlidir. Bir sözlə, namizədlərin təşviqat işləri aparması üçün heç bir məhdudiyyət yoxdur və hamı üçün bu mübarizədə bərabər imkanlar yaradılıb.

Bu kontekstdə başqa bir nüansa da diqqət yetirmək gərəkdir. Bəlli olduğu kimi, seçki prosesinin vacib elementlərindən biri də müşahidəçilik institutudur. Məlum olduğu kimi, Azərbaycan dövləti daim keçirilən seçkilərin geniş beynəlxalq müşahidəçilərin missiyaları tərəfindən izlənilməsinə maraqlıdır. Məhz buna görə də müvafiq strukturlar tərəfindən bir sıra beynəlxalq təşkilatlara, ölkə parlamentlərinə və digər qurumlara seçkiləri izləmək üçün dəvətlər göndərilir. Ümumiyyətlə, Azərbaycanda seçkiləri müşahidə etmək üçün prosedurlar çox sadədir. Bunun nəticəsində də hər seçkini minlərlə müşahidəçi izləmək imkanı qazanır. Seçki prosesinin izlənilməsində KİV-lər də heç bir problemlə üzləşməyəcək.

-Söylədiyiniz fikirlərin davamı olaraq belə bir suala cavab verməyinizi istərdik: Azərbaycanda demokratik, legitim seçkilərin əsasını təşkil edən başlıca amil nədir?

-Seçkiöncəsi mərhələdə yaradılmış demokratik şəraitin və əsaslı sosial-siyasi sabitliyin əsasında, əlbəttə ki, güclü siyasi iradə durur. Bu siyasi iradə isə ölkə rəhbərliyinin parlament seçkilərinə və demokratikləşmənin daha da sürətlənməsinə verdiyi önəmin bariz təzahürünü təşkil edir. Başqa sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə mütəmadi surətdə prinsipiallıqla davam etdirilən demokratikləşmə siyasəti bu gün Milli Məclisə keçiriləcək seçkilərdə də özünü ən yüksək səviyyədə təcəssüm etdirir. Belə ki, seçkilərin demokratik, azad, şəffaf və ədalətli şəkildə keçirilməsinin vacibliyini və əhəmiyyətini xüsusi şəkildə önə çəkən hakimiyyətin səmərəli fəaliyyəti və yüksək siyasi iradəsi bu məsələdə təməl mexanizm və faktor kimi çıxış edir. Prezident İlham Əliyevin timsalında ən yüksək səviyyədə dəfələrlə bəyan edilib ki, Azərbaycanda vətəndaş cəmiyyətinin mütləq surətdə bərqərar olması və hüquqi dövlətin elementlərinin formalaşdırılması üçün bütün zəruri tədbirlər görülməkdədir. Buna uyğun olaraq isə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında seçki prosesinin təkmilləşdirilməsinə dair” 11 may 2005 tarixli və “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” 25 oktyabr 2005 tarixli sərəncamlar imzalanıb. Bu göstərişlərə müvafiq surətdə isə seçkilərin mövcud qanunlar çərçivəsində və demokratik şəraitdə keçirilməsi yönündə lazımi tədbirlərin görülməsi üçün spesifik addımlar atılıb.

Sadalananlar onu deməyə əsas verir ki, dövlət başçısının güclü və qəti siyasi iradəsi ölkəmizin demokratiya yolunda irəliləməsini təmin edən fundamental mexanizmdir. Bu gün isə bu iradə Milli Məclisə keçiriləcək seçkilər ərəfəsində özünü ən yüksək səviyyədə göstərir. Buradan da belə bir nəticə çıxarmaq və proqnoz vermək olur ki, ölkə rəhbərliyinin güclü siyasi iradəsi sayəsində Azərbaycan gələcəkdə də demokratiyanı təkmilləşdirən avanqard ölkələr sırasında özünün məxsusi yerini tutacaq.

Şərhlər