ATƏT Azərbaycanı və Ermənistanı atəşkəsə riayət etməyə çağırdı

21.03.2016 20:39     Siyasi reaksiya     862

ATƏT-in fəaliyyətdə olan sədri Almaniya hökumətinin xüsusi nümayəndəsi Qernot Erler və ATƏT-in Minsk Qrupunun həmsədrləri Cems Uorlik (ABŞ), İqor Popov (Rusiya) və Pyer Andrie (Fransa) Azərbaycan və Ermənistanı atəşkəs rejiminə əməl etməyə çağırıb.

ANS PRESS-in məlumatına görə, bu haqda ATƏT-in rəsmi saytında dərc edilənbəyanatda deyilir.  Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsində irəliləyişə nail olmaq, qoşunların təmas xəttində və Azərbaycanla Ermənistan sərhədində yaşayan dinc əhaliyə qarşı zorakılığın qarşısını almaq üçün tərəflər bütün tədbirləri görməlidirlər.  

Bəyanat müəllifləri ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin Pasxa və Novruz bayramlarında tərəflərin atəşkəs  rejiminə əməl etməsi ilə bağlı çağırışını da dəstəkləyiblər: “Biz tərəfləri xalqların bu bayramları sülh şəraitində qeyd etməsinə şərait yaratmağa çağırırıq”.

"ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-ə sədrlik edən Almaniyanın nümayəndəsi tərəflərlə münaqişənin tənzimlənməsi elementləri, zorakılığın azaldılması və insanlar arasında təmasın təşviq edilməsi istiqamətində işləməyə davam edir" - deyə bəyanatda bildirilir.

ATƏT-in bəyanatı
ATƏT-in bəyanatı

Bir müddət əvvəl ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin bayram günlərinə atəşkəs rejiminə ciddi şəkildə əməl edilməsi çağırış edib. Bu çağırış Azərbaycan Müdafiə Nazirliyi tərəfindən müsbət qəbul olunub. Lakin Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan tərəfi vasitəçilərin sülh təşəbbüslərini həmişəki kimi əks-reaksiya verməklə qarşılayıb. Ermənistan Müdafiə Nazirliyinin "atəşkəs rejiminə Ermənistan sərhədləri daxilində ciddi şəkildə əməl edəcəyi" fikri, faktiki olaraq hazırda işğal altında olan torpaqların ilhaqı kimi qələmə verilməsindən başqa bir şey deyil.

Bunu nəzərə alaraq, Müdafiə Nazirliyi beynəlxalq qurumları erməni tərəfinin bu hərəkətinə müvafiq qiymət verməyə çağıraraq bildirib ki, Silahlı Qüvvələrimiz silahlanmada olan istənilən vasitələri tətbiq etməklə qoşunların təmas xətti boyu Ermənistanın terrorçu fəaliyyətinin qarşısının alınması üçün bütün tədbirləri görəcək.

 

Şərhlər