Leriki viran və su altda qoyan kimdir? – Foto

22.03.2016 02:23     Siyasi reaksiya     1015

Rövşən Bağırovun yarıtmaz fəaliyyəti və səriştəsizliyi Leriki iflic edib.
 
Tia.az xəbər verir ki, icra hakimi rayonu viran qoyub.
İcra başçısı təyin olunduğu vaxtdan ucqar dağ bölgəsinin sərvətlərini talayan, büdcə pullarını çırpışdıran, cənub zonasında və paytaxtda biznesinin, mal-mülklərinin dairəsini genişləndirən R.Bağırovun sayəsində Lerik ötən gün su altında qaldı.
Rayonun mərkəzini su basdı və avtovağzal ərazisində yerləşən fərdi yaşayış evləri, ticarət obyektləri və digər inzibati binalara ziyan dəydi. Nəticədə bayram günlərində neçə ailə zərərə düşdü. Rayon icra hakimiyyətindən isə zərər çəkmişlərə kompensasiya veriləcəyi haqda açıqlama da olmayıb.
Ümumiyyətlə, R.Bağırov əhalinin sosial problemləri ilə yaxından maraqlanmır. Son zamanlar artan şikayətlər, prezidentə və mətbuata ünvanlanan məktublar belə deməyə əsas verir ki, dağ bölgəsinin sakinləri dar gündədir.
 
Zərərçəkənlərdən Rüfət Ramazanov bildirib ki, yerli sakinlər qrunt sularının axın istiqamətini dəyişmək üçün kanallar qazsalar da, problem həll olunmayıb: “Dağlıq ərazilərdə və yüksəkliklərdə qar əridikcə qrunt suları aşağı məhəllələri basır. Burada iki ədəd böyük diametrli boru olub ki, qrunt suları axıb getsin.
Lakin həmin borular lillə dolduğundan, su axa bilmir. Nəticədə yağış və qrunt suları bu ərazidə cəmlənir. Qrunt suları torpaq səviyyəsindən 50 santimetrə, bəzi yerlərdə 1 metrə qədər qalxıb”.
 
Xəbərə görə, bu açıqlama sübut edir ki fəlakət baş verən gün yerli camaat öz gücünə qrunt sularının istiqamətini dəyişməyə cəhd edib. Görünür, onlara operativ şəkildə dəstək olmayıb. Rayonun səfalı güşələrini zəbt edən icra başçısının başı öz şəxsi maraqlarına elə qarışıb ki, Lerikin mərkəzinin su basmasını da unudub.
 
Prezidentin “Dostluq” parkında qanunsuz tikililərin sökülməsi barədə tapşırığından sonra villası uçurulan Lerikin icra başçısı məhz büdcə pullarında yol verilən maxinasiyalar hesabına malikanə ucaltmışdı.
Ümumiyyətlə, Lerikin icra başçısı Rövşən Bağırov və deputatı İqbal Məmmədov rayonda monarxiya yaradıb, bölgəni yazılmamış qanunlarla idarə edir, prezidentin tapşırıqlarını qulaqardına vurur. Lerikin ucqar dağ region olmasını nəzərə alan icra başçısı və deputat öz istəklərini arxayınlaşmış şəkildə realizə etməkdə fasilə vermirlər.
R.Bağırovun subsidiya qalmaqalında Füzuli rayon icra başçısı Alı Alıyevdən geri qalmadığı, fermerləri və prezident İlham Əliyevi aldatdığı ortalığa çıxıb. R.Bağırovun bu maxinasiya işlərində müavinləri, əsasən də 1-ci müavini Cəlil Baxşiyev müstəsna rol oynayıblar.
 
Belə ki, prezident tərəfindən rayonun Noda-Şingədulan-Xanəgah yolunun çəkilməsi üçün 7 milyon manat vəsait ayrıldı. Amma 50 dağ kəndinin və 30 min insanının həyat şəraitini yüngülləşdirəcək olan Noda-Şingədulan-Xanagah yoluna ayrılan vəsaitin yarısı yerli məmurlar tərəfindən mənimsənildi.
Yaranmış vəziyyət yolun tikintisini həyata keçirən “Yoltikintinəqliyyatservis” MMC rəhbərliyini də çətin vəziyyətə saldı. Yola ayrılan 3 milyon vəsaitin 30 faizi Lerik rayon İcra hakimiyyətinin başçısı Rövşən Bağırova nəqd şəkildə çatdırılıb.
 
“Yoltikintinəqliyyatservis” MMC rəhbərliyi bu vəziyyətdən şikayət etsə də, icra başçısı onlarla anlaşa bilib. Başçı əvəzində “Yoltikintinəqliyyatservis” MMC rəhbərliyinə qiymətləri bir neçə dəfə şişirtməyə icazə verdi.
 
LERİKİ VİRAN VƏ SU ALTINDA QOYAN KİMDİR? – FOTO
LERİKİ VİRAN VƏ SU ALTINDA QOYAN KİMDİR? – FOTO
LERİKİ VİRAN VƏ SU ALTINDA QOYAN KİMDİR? – FOTO
LERİKİ VİRAN VƏ SU ALTINDA QOYAN KİMDİR? – FOTO
LERİKİ VİRAN VƏ SU ALTINDA QOYAN KİMDİR? – FOTO
 

Şərhlər