Elxan Süleymanov:“Azərbaycan Qarabağın işğalının tanınması mübarizəsində növbəti qələbəsini qazandı”

10.11.2016 14:15     Siyasi reaksiya     1330

“AŞPA Monitorinq Komitəsinin 9 noyabr 2016-cı il tarixli Paris iclasında “Avropa Şurasına Üzv Dövlətlər arasında Münaqişələrə dair alt komitə”nin missiyası çərçivəsində məruzə müzakirə edilib və Alt komitənin Cənubi Osetiya və Abxaziya, Kiprin şimalı, Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilər, Dnestryanı və Krım, eləcə də aktual hadisələr, şərqi Ukraynaya dair münaqişələrlə məşğul olacağı qeyd olunub”.

 
 
Bunu musavat.com-a göndərdiyi açıqlamada millət vəkili, AŞPA nümayəndə heyətinin üzvü Elxan Süleymanov bildirib. O daha sonra qeyd edib: “İclasda Ad-hok alt Komitənin sədri və məruzəçi cənab Ştefan Şennakın çıxışından dərhal sonra Ermənistan nümayəndə heyətinin üzvü Rüstəmyan söz alaraq, məruzədə “Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilər” ifadəsinin beynəlxalq razılaşdırılmış tərifə uyğun olmadığını bildirib və bu ifadə formasına hiddətlə etiraz etmişdir. O, bunun “tamamilə qəbuledilməz” olduğunu deyib. Ermənistan üzrə həmməruzəçi cənab Alan Meale (Birləşmiş Krallıq, SOC) Ermənistan nümayəndəsinin fikrinə dərhal tutarlı dəstək verib.     
Cənab Şennak Rüstəmyanın fikrinə qəti etiraz mövqeyindən geri çəkilməmiş, lakin ermənistanlı deputat yenidən təkid edərək, komitədə böyük qalmaqal yaradıb.
 
Monitorinq Komitəsinin sədri Ermənistanın düzəlişini açıq səsverməyə qoymuş və düzəlişi 31 əleyhinə, 3 lehinə olmaqla, rədd edilib.  
 
Məruzəçi cənab Şennakın təklif etdiyi ilkin qərar “Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilər” ifadəsi ilə birlikdə cəmi bir səs (erməni deputat) istisna olmaqla, yekdilliklə qəbul edilib və beləliklə, Rüstəmyan tamamilə təcrid olunmuş, hətta gülünc vəziyyətə düşüb.
 
Nəticə etibarilə, Azərbaycan Dağlıq Qarabağ və digər ərazilərin silahlı işğalının tanınması uğrunda aparılan beynəlxalq mübarizədə növbəti qələbəsini qazandı!”

Şərhlər