Zakir Fərəcov: - “Mehriban xanımın iclasından sonra Sumqayıtda toy-bayramdı”

10.03.2017 16:11     Siyasi reaksiya     1516

Martın 9-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirə keçirilib.

M.Əliyeva müşavirənin doğma torpaqlarından didərgin düşmüş soydaşlarımızın problemlərinin həllinə həsr edildiyini, bu məsələnin artıq 20 ildən çoxdur dövlətin diqqət mərkəzində olduğunu bildirib. Mehriban Əliyeva Prezident İlham Əliyevin imzaladığı qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına dair Dövlət Proqramının icrası nəticəsində soydaşlarımızın sosial, təhsil, məşğulluq, yaşayış və tibbi təyinatı istiqamətində lazımi tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Azərbaycanın birinci vitse-prezidenti qeyd edib ki, indiyə qədər bölgələrdə məcburi köçkünlər üçün 100-ə yaxın müasir yaşayış kompleksi salınıb, 250 min köçkün yeni mənzillə təmin olunub, salınan qəsəbələrdə 150 məktəb, 60 tibb mərkəzi və uşaq bağçası inşa edilib. Soydaşlarımızın işlə təmin olunması istiqamətində lazımi addımlar atılıb, son 13 ildə yüz minlərlə qaçqın və məcburi köçkün işlə təmin olunub.

Müşavirədə iştirak edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov musavat.com-a açıqla verib. O, bildirib ki, sözügedən müşavirədə Sumqayıt sakinlərini və şəhərdə məskunlaşan məcburi qaçqınları narahat edən məsələ öz həllini tapıb: “Bu müşavirədən sonra Sumqayıtda toy-bayram idi. Şəhərimizdə məskunlaşmış məcburi köçkünlər çox sevinirlər ki, onların mənzil şəraitinin yaxşılaşdırılması üçün xanım Mehriban Əliyeva göstəriş verdi. Məcburi köçkün ailələri yüzlərlə teleqramlar vuraraq, Mehriban xanıma öz mənnətdarlıqlarını bildiriblər”.

Z.Fərəcov bildirib ki, birinci vitse-prezident vəzifəyə başlayandan sonra keçirdiyi ilk iclası Azərbaycanın ən ağrılı məsələlərindən olan qaçqın və məcburi köçkünlərin problemlərinə həsr etməsi, çox təqdirəlayiq məsələdi: “Bu, Azərbaycan dövlətinin erməni təcavüzü nəticəsində öz doğma torpaqlarından didərgin salınmış vətəndaşlarına illərdir davam edən qayğısının, dəstəyinin növbəti mərhələsidir. Qaçqınların başqa sosial problemləri ilə yanaşı, onların mənzil-məişət problemlərinin həlli də sürətləndirilir. Xanım Mehriban Əliyeva müşavirədə məcburi köçkünlərlə bağlı yeni yaşayış massivlərinin, qəsəbələrin salınması ilə bağlı konkret göstərişlər verdi”.

İcra başçısı bir məqamı da vurğulayıb: “Məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində Sumqayıt şəhərində də işlərə start verildi. İndiyədək Sumqayıtda qaçqın və məcburi köçkünlər üçün yaşayış binaları inşa olunmamışdı. Birinci vitse-prezident müşavirədə bu məsələnin həlli istiqamətində də tapşırıq verdi. Artıq Sumqayıtda qaçqınlar üçün çox mərtəbəli, çox mənzilli binalar tikiləcək. Bunun üçün konkret ərazi də ayrılıb. Bakı-Quba yolunda, Sumqayıtdan 8 kilometr məsafədə 200 hektar yer ayrılıb. Orada böyük bir qəsəbə salınacaq”.

Z.Fərəcov deyib ki, Sumqayıtda 52 min qaçqın və məcburi köçkün yaşayır: “İlk mərhələdə qəzalı binalarda – Sumqayıtda 15-ə yaxın qəzalı yataqxanada qaçqınlar yaşayır - məskunlaşmış məcburi köçkünlər yeni binalarda mənzillə təmin ediləcəklər. Bundan sonra isə uşaq bağçalarında, məktəblərdə, başqa vətəndaşlara məxsus zəbt edilmiş mənzillərdə yaşayan məcburi köçkünlər köçürüləcək”.(musavat.com)


 

 

 

Reaksiya.az

Şərhlər