ABŞ həmsədri: Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli qeyri-mümkündür

11.03.2017 15:42     Siyasi reaksiya     1321

Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli qeyri-mümkündür.

Trend-in məlumatına görə, bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqland mətbuat-konfransında deyib:

"Biz bu gün Prezident İlham Əliyevlə uzun müzakirələr apardıq, eləcə də XİN rəhbəri Elmar Məmmədyarovla görüşdük və münaqişəni müzakirə etdik".

Həmsədrin sözlərinə görə, danışıqlar prosesinin vacibliyi xüsusilə qeyd edilib: "2016-cı ilin aprel hadisələrinin birinci ildönümü danışıqlar masasında qeyd olunmalıdır. Münaqişənin heç bir halda hərbi yolla həlli ola bilməz. Biz bu mesajı Yerevanda da verəcəyik".

Həmsədrin sözlərinə görə, prezidentlərin növbəti görüşünün dəqiqi tarixi hələ məlum deyil. O, bildirib: "Bəli, 25 ildə ola bilsin ki, nəticə yoxdur. Lakin bütün bu illər ərzində müharibənin qarşısını alan fəal diplomatik iş görülür".

Onun sözlərinə görə, həmsədrlər yüksək səviyyədə doğru qərar qəbul edilməsi üçün şərait yaradır, səylərini artırırlar: "Vaxt var idi ki, münaqişənin həlli üçün ABŞ və ya Fransa səylərini artırırdı, indi isə prosesə Rusiya da fəal şəkildə qoşulub. Hər 3 həmsədr danışıqların böyük rolu olduğunu qeyd edir. Mən diplomatiyanın gücünə inanıram.

Reaksiya.az

Şərhlər