Zakir Həsənov Türkiyə Silahlı Qüvvələrinin Tibb Xidməti rəisi ilə görüşüb

13.06.2017 17:00     Siyasi reaksiya     1518

Bu gün Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Tibb Xidməti rəisi kontr-admiral Hayati Bilgiçlə görüşüb.

Bu barədə Reaksiya.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Müdafiə naziri ikitərəfli əlaqələrin möhkəmlənməsi, qarşılıqlı əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi və təcrübə mübadiləsinin vacibliyini vurğulayaraq Türkiyə ilə hərbi tibb sahəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Azərbaycanda səfərindən şərəf duyduğunu bildirən kontr-admiral H.Bilgiç iki dövlət arasında bütün istiqamətlərdə olduğu kimi hərbi tibb sahəsində də əməkdaşlığın yüksək səviyyədə qurulduğunu və daim inkişaf etdiyini vurğulayıb.

Sonra tərəflər Azərbaycan və Türkiyənin hərbi təbabət sahəsində inkişaf perspektivləri, təcrübə mübadiləsi məqsədilə tibb mütəxəssislərinin qarşılıqlı səfərlərinin və müxtəlif kursların təşkili, hərbi həkimlərin hazırlanmasında Türkiyənin imkanları və ümumi maraq kəsb edən digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

Reaksiya.az

Şərhlər