İlham Əliyev: Azərbaycanda təşkil olunan yüksək səviyyəli beynəlxalq tədbirlər dialoq, tolerantlıq və qarşılıqlı anlaşma mühitinin yaradılmasında xüsusi rol oynayır

15.06.2017 13:01     Siyasi reaksiya     1346

İyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edib.

Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonq Azərbaycana səfərindən böyük məmnunluq hissi keçirdiyini, Bakının gözəl şəhər olduğunu bildirdi. Qonaq qeyd etdi ki, ölkəmiz haqqında nə qədər çox məlumat əldə edirsə, Azərbaycana marağı bir o qədər də artır. Martin Çunqonq ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin dinc şəraitdə yaşamasının önəmini qeyd edərək, Parlamentlərarası İttifaqın Azərbaycan ilə əməkdaşlıqda xüsusilə maraqlı olduğunu bildirdi. Ölkəmiz haqqında həmişə yaxşı məlumatlar eşitdiyini deyən Martin Çunqonq bu həqiqətlərin bütün dünyaya çatdırılmasının vacibliyini qeyd etdi.

Azərbaycan haqqında dolğun və obyektiv məlumatların yayılmasında maraqlı olduğumuzu deyən Prezident İlham Əliyev müxtəlif ölkələrdən qonaqların, o cümlədən parlament üzvlərinin Azərbaycana səfərə gələrək inkişafı öz gözləri ilə görməsinin əhəmiyyətini vurğuladı. Parlamentlərarası əlaqələrin önəminə toxunan dövlətimizin başçısı Azərbaycanın MDB, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatların parlament assambleyaları ilə əməkdaşlıq etdiyini dedi və bildirdi ki, bu çoxşaxəli əməkdaşlıq uğurlu nəticələr verir. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanda təşkil olunan yüksək səviyyəli beynəlxalq tədbirlər, səfərlər xalqlar və millətlər arasında dialoq, tolerantlıq və qarşılıqlı anlaşma mühitinin yaradılmasında xüsusi rol oynayır. Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonqun ölkəmizə səfərinin əməkdaşlığımıza dair məsələlər ətrafında fikir mübadiləsi aparılması üçün yaxşı fürsət yaratdığını deyən dövlətimizin başçısı bu səfərin əlaqələrimizin genişləndirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirdi.

Reaksiya.az

Şərhlər