Ermənilərin qorxulu röyası- - İrəvana elə bir zərbə endirilə bilər ki...”

15.06.2017 13:32     Siyasi reaksiya     1818

“Kiçik torpaq”da Türkiyə-Azərbaycan ortaq təlimləri Ermənistanda təlaşı daha da artırıb - əsas səbəb; azərbaycanlı politoloq: “Naxçıvan sizə indi 1992-ci ilin Kəlbəcəri deyil, oradan İrəvana elə bir zərbə endirilə bilər ki...”

Xəbər verdiyimiz kimi, Naxçıvanda Azərbaycan və Türkiyənin ikitərəfli hərbi əməkdaşlıq çərçivəsində birgə taktiki hərbi təlimlər başlayıb. Təlimlərdə 5 min hərbçi iştirak edir. Bu, son bir ayda iki qardaş ölkə arasında ikinci böyük təlimdir həyata keçirilir.

Gözlənildiyi kimi, Azərbaycan və Türkiyənin Silahlı Qüvvələrinin intensivləşən ortaq hərbi manevrləri ən çox işğalçı Ermənistanda təşviş yaradıb. O sırada son olaraq, hakimiyyət ortağı “Daşnaksütyun” Partiyasının rəsmisi Kiro Manoyan davam edən hərbi təlimlərin Ermənistan və İrana mesaj olduğunu bəyan edib.


Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupu həmsədrləri Dağlıq Qarabağda böyük müharibənin başlanmasına izn verməməlidir. Daşnak rəsmisi daha sonra öz xəbis xislətinə sadiq qalaraq bildirib: “Ermənistan gərək Naxçıvanın zorla Azərbaycana qatılması məsələsini və onun beynəlxalq statusunu qaldırsın”.


*****


Belə bir klassik sərsəmləməyə bəlkə də şərh verməyə dəyməzdi. Ancaq Dağlıq Qarabağ kimi, Naxçıvanın da heç vaxt Ermənistanın tərkibində olmadığı çoxdan sübuta ehtiyacı olmayan aksiomdur. Əgər Ermənistan adlı qondarma və süni dövlətin özü Azərbaycan torpaqlarında Rusiyanın bilavasitə dəstəyi ilə təşəkkül tapıbsa, Naxçıvan və ya Dağlıq Qarabağ necə zorla Azərbaycana birləşdirilə bilərdi? Bu, əlbəttə ki, erməni həyasızlığının növbəti təzahürüdür.


Bundan əlavə, Manoyanın başqa bir iddiasına da yəqin ki, diqqət edildi. İddia edir ki, guya Naxçıvandakı hərbi təlimlər həm də İrana mesajdır. Ermənistanın 1 nömrəli havadarı Rusiyaya yox, məhz İrana mesaj imiş! Sözsüz ki, bu da növbəti daşnak uydurmasıdır. Nədən ki, nə Azərbaycanın, nə də Türkiyənin İranla hər hansı problemi, o cümlədən təhlükəsizliklə bağlı problemi yoxdur. Üç ölkə arasında ərazi, torpaq mübahisəsi də mövcud deyil. Əksinə, son illər üç qonşu müsəlman dövləti arasında, xüsusən də Azərbaycanla İran arasında iqtisadi, kommunikasiya, tranzit-nəqliyyat sahələri (Şimal-Cənub nəqliyyat dəhlizi və s.) üzrə əməkdaşlıq dərinləşib.

Image result for naxçıvanda hərbi təlimlər


Bu da ən çox işğalçı ölkəni narahat edir, ona görə ki, Ermənistanın bölgədə iqtisadi, nəqliyyat təcridi daha da güclənir, onun tranzit ölkə kimi olan-qalan önəmi sıfırlanır. O üzdən İrəvanda çox arzulayırlar ki, regionun üç mühüm müsəlman ölkəsi arasında münasibətlər heç vaxt sahmana düşməsin, inkişaf eləməsin və korlansın, həmişə sərin qalsın.


Doğrudur, İranın Ermənistanla normal münasibətləri var. Lakin bu daha çox, siyasi-diplomatik münasibətlərdir. İqtisadi önəminə görə isə Azərbaycan cənub qonşumuz üçün daha vacib ölkədir və bunu son iqtisadi gəlişmələr də təsdiqləyir. Yeri gəlmişkən, daşnakların yadına onu da salaq ki, bu ay Tehranda üç ölkənin - İran, Azərbaycan və Rusiya prezidentlərinin zirvə görüşünün keçirilməsi gözlənilir.

Image result for naxçıvanda hərbi təlimlər


*****


“Erməni siyasət adamları vaxtaşırı Naxçıvan mövzusunu aktuallaşdırmağa çalışırlar - yaxşı başa düşə-düşə ki, boş şeylə məşğuldurlar, çünki Naxçıvanı qulaqlarının dibini görəndə görə bilərlər”. Musavat.com-un məlumatına görə, bu barədə politoloq-jurnalist Tofiq Abbasov Kiro Manoyanın yuxarıdakı sərsəmləməsi ilə bağlı minval.az saytındakı məqaləsində yazıb.

Image result for Erevan


Onun sözlərinə görə, ermənilər bununla yəqin ki, uzaqgedən məqsəd güdərək, regionda genişmiqyaslı geosiyasi xaosun dolağını açmaq istəyirlər: “Hədəf də bölgənin iki mərkəzi oyunçusu olan Türkiyə və İranı alın-alına toqquşdurmaqdır”.

Image result for Tofiq Abbasov


“Bu, İrəvanın çoxdankı arzusudur ki, özünü ”yağlı tikə" qismində görsün və onun uğrunda nüfuzlu oyunçular sonadək vuruşsunlar. Lakin ermənilər bağışlanmaz şəkildə qızıl vaxtı itirdilər və regionda cəlbedici geosiyasi material çevrilə bilmədilər. Ermənilərin bitib tükənməyən əzabları da elə buna görədir", - deyə politoloq qeyd edib.


O, Naxçıvana diş qıcayan, dil uzadan düşmənə xəbərdarıq da edib. “Möcüzə bir dəfə baş verir. Naxçıvan indi sizə 1992-ci ilin Kəlbəcəri deyil. Muxtar respublika təkcə zəmanətli şəkildə qorunmur. O, eyni zamanda elə bir cavab vermək gücündədir ki, düşmənə əsla az görünməz. Üstəlik, İrəvan Naxçıvandan asan hədəfə gələn xətt üzrə yerləşir” - ekspert əlavə edib.

Image result for naxçıvanda hərbi təlimlər


*****


Bu, gerçəkdən də belədir. Naxçıvan son vaxtlar bütün mənalarda işğalçı ölkənin qorxulu röyasına çevrilib. Həm də o səbəbə ki, bölgə Qars müqaviləsinə görə Türkiyənin qarantı altındadır və əgər Qarabağda müharibə başlasa, Ermənistana qarşı arxadan olduqca təhlükəli ikinci cəbhə aça bilər.


Vaxtaşırı Mingəçevir su anbarını partlatmaqla hədələyən erməni “strateqləri” gərək qulaqlarında bunu da sırğa eləsinlər ki, Naxçıvanın ucqar sərhədindən İrəvana qədər olan məsafə cəmi 45-50 km-dir. Metsamor AES-i də oradakı raket sistemlərimizin tamamilə hədəfinə gələn bir məsafədə yerləşir.

 

Şərhlər