"Avronest" PA-nın Bakı iclasında Dağlıq Qarabağ məsələsi də qaldırılacaq

21.09.2017 12:33     Siyasi reaksiya     1472

Sentyabrın 22-də Bakıda "Avronest" Parlament Assamleyasının iclası keçiriləcək. Tədbirdə Avropa Parlamentinin və "Avronest" Parlament Assamleyasına üzv ölkələrinin deputatları, BMT-nin nümayəndələri, Əhali və İnkişaf üzrə Avropanın Parlament Forumunun Parlamentlərarası İttifaqının təmsilçiləri və beynəlxalq ekspertlər iştirak edəcəklər. 


Azərbaycanın  "Avronest” PA-dakı nümayəndə heyətinin rəhbəri, "Avronest” PA-nın Enerji təhlükəsizliyi komitəsinin həmsədri Fuad Muradov toplantı barədə Modern.az-a bildirib ki, tədbir iştirakçılarının siyahısında  Ermənistanın "Avronest” PA-dakı nümayəndə heyətinin rəhbəri Armen Aşotyan və heyətin üzvü Mane Tandilyanın da adı var. 

“Amma onların iclasda iştirak edib-etməyəcəyi ilə bağlı məlumatım yoxdur. Konfransda 100-dən çox qonağın iştirakı gözlənilir”. 

Fuad Muradov iclasın Bakıda Milli Məclisin "Avronest” PA-dakı nümayəndə heyətinin təşəbbüsü ilə keçiriləcəyini qeyd edib.

““3 və 5-ci Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində Şərq Tərəfdaşlığı Ölkələrində qadınların sağlamlığı və gender bərabərliyinin təşviqində parlamentlərin rolu” adlı toplantı Azərbaycan Milli Məclisi, "Avronest" PA-nın Sosial Məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyəti üzrə Komitəsi, BMT-nin Bakı Ofisi və Əhali və İnkişaf üzrə Avropanın Parlament Forumunun birgə təşkilatçılığı ilə baş tutacaq”. 

Nümayəndə heyətinin rəhbəri deyib ki, konfransda Dağlıq Qarabağ münaqişəsilə bağlı məsələ də qaldırılacaq. 

 

Reaksiya.az

Şərhlər