Rusiyadan verilən bu mesaj reallığı əks etdirmir

16.10.2017 10:36     Siyasi reaksiya     1499

Rusiyanın ekspert dairələrində Soçi görüşündə Moskvanın Bakıdan Qarabağa dair zəmanətlər istəməsi ilə bağlı fikrilər dolaşır. Onlar bunu əsasən ölkədə keçiriləcək seçkilərlə əlaqəndirir, bu zəmanətin isə cəbhə xəttindəki hərbi əməliyyatlarla bağlı olduğunu bildirirlər. Şübhəsiz ki, bunlar tamamilə əsassız mülahizələlərdir.

Bu sözləri axar.az-a açıqlamasında analitik Elçin Mirzəbəyli deyib. Analitik bildirib ki, Rusiyada baş tuacaq mart seçkisinin hər hansı bir formada Dağlıq Qarabağ məsələsinə aidiyyəti ola bilməz:

“Bunlar bir-birilə prinsip etibarilə əlaqəli olmayan məsələlərdir. Əvvəla, Dağlıq Qarabağ məsələsi Rusiya ictimai rəyində hər hansı bir formada prioritet təşkil etmir ki, hərbi əməliyyatların başlayıb-başlamaması da bu prosesə öz təsirini göstərə bilsin. Digər tərəfdən, indiki şəraitdə Rusiyanın mövcud siyasi sistemi elə formalaşıb ki, bu sistemin içərisində hakimiyyətə müəyyən problemlər yarada biləcək elə ciddi bir siyasi qüvvə yoxdur. Adətən rusiyalı ekspertlər prosesləri şərh etməkdən daha çox ayrı-ayrı mesajlar ötürməklə məşğul olurlar. Təəssüflər olsun ki, biz də bir çox hallarda onların mesajlarına diqqət yönəltməyə çalışırıq. Rusiyadakı ekspertlərin böyük əksəriyyəti müstəqil şəxslər deyil və onlar ictimai rəylə işləmək üçün hazırlanmış fiqurlardır və bu açıqlamanın da mahiyyətində Azərbaycanın ictimai rəyinə hesablanmış bir mesaj durur və reallığı əks etdirmir”.

E.Mirzəbəyli hesab edir ki, qarşıda Azərbaycan və Ermənistan prezidentlərin görüşündə bir çox məsələlərə aydınlıq gətiriləcək:

“Həmsədr ölkələrin davranışı və Ermənistana qarşı atılacaq addımlar bu prosesdə kifayət qədər önəmli oynaya bilər. Əsl reallığa isə prosesin gedişatında reaksiya vermək olar. Çünki indiki şəraitdə hadisələrin necə inkişaf edəcəyini söyləmək həddindən artıq mürəkkəb görünür. Real mənzərə ondan ibarətdir ki, danışıqlar prosesi Ermənistanın iddialarına baxmayaraq, bərpa olunub. Ancaq bu prosesin davamında hansı addımların atılacağını söyləmək çətindir. Azərbaycanın mövqeyi bəllidir, biz substantiv, məntiqli danışıqların aparılmasının tərəfdarıyıq. Güman edirəm ki, həmsədrlər bir növ prosesi mahiyyət üzrə yönəltməyə çalışacaqlar”.

Qeyd edək ki, rusiyalı analitik və politoloq Vladimir Yevsey “Azadlıq” radiosunun erməni redaksiyasına müsahibəsində bildirib ki, 2017-ci ilin iyulunda Soçidə Rusiya və Azərbaycan prezidentləri - Vladimir Putin və İlham Əliyev arasında görüşdən sonra təmas xəttində gərginlik qismən səngiyib.

Politoloqun qənaətincə, Qarabağ cəbhəsində nisbi sakitlik gələn ilin martında Rusiyada gözlənilən prezident seçkiləri ilə birbaşa bağlıdır. “Fikrimcə, Moskva Soçi görüşü zamanı regionda sabit situasiyanın saxlanması ilə bağlı İlham Əliyevdən bəzi zəmanətlər alıb” - ekspert əlavə edib.

Reaksiya.az

Şərhlər