AZƏRBAYCAN NƏQLİYYAT YOLLARININ KƏSİŞMƏSİNDƏ...

AZƏRBAYCAN NƏQLİYYAT YOLLARININ KƏSİŞMƏSİNDƏ...
Tarix: 02.11.2017 11:28
Oxunma sayı: 1012
Mənbə: Atlas Araşdirmalar Mərkəzi
Paylaş:

Azərbaycan iki gün içərisində iki önəmli layihə ilə yadda qaldı. Birinci layihə Bakı-Tbilisi-Qarsdır. İkinci layihə şimal-cənub nəqliyyat xəttinin tikintisiylə bağlı idi.

Bakı-Tiflis-Qars dəmiryolu 30 oktybarda təntənə ilə açıldı. Açılışda Azərbaycanın və Türkiyənin prezidentləri, o cümlədən Gürcüstanın, Qazaxıstanın və Özbəkistanın baş nazirləri iştirak edirdilər. Qazaxıstan və Özbəkistan rəsmilərinin dəmiryolunun açılışında iştirak etmələri bu ölkələrin də mallarını Bakı-Tbilisi-Qars yoluyla Avropa bazarlarına çatdırması istəyindən xəbər verirdi.

Dəmiryolunun çəkilişi 2007-ci ildə başladı və 10 il çəkdi. Tikintinin bu qədər uzanması Gürcüstan və Türkiyə ərazisindəki mürəkkəb relyeflə bağlı idi. Bu dəmiryolunu iqtisadi əhəmiyyəti böyükdür. Türkiyənin Bosfor boğazının dibi ilə dəmiryolu tikitisini başa çatdırması Pekinlə Londonu Bakı-Tbilisi-Qars dəmir yolu ilə birləşdirəcək. Hələlik ilkin illərdə Bakı-Tbilisi-Qars dəmir yolu ilə ildə 1 milyon sərnişin və təxminən 3.5 milyon tonn yük daşınacaq. Sonrakı illərdə bu rəqəm artacaq. Bakı-Tbilisi-Qars dəmiryolunun işlək olması üçün Çinin öz mallarının bir hissəsinin bu yolla Avropaya daşıması lazımdır.

Çin Avropaya ildə təxminən 500 milyon tonn yük daşıyır. Bunlar iki yolla Avropaya çatdırır. Birinci dəniz və okean yollarıdır. İkinci Rusiya ərazisindən keçən dəmiryoludur. Çinin Avropaya daşıdığı yükün cəmi 10 faizini Bakı-Tbilisi-Qars dəmiryoluna istiqamətləndirməsi kifayətdir ki, bu xətt tam gücüylə işləsin. Bakı-Tbilisi-Qars dəniz yollarından qısadır. Digər tərəfdən Rusiya xəttində ləngimələr var. Bundan başqa Rusiya ilə Avropa dövlətləri arasındakı soyuq münasibətlər də Çin mallarının məhz Rusiya üzərindən Avropaya çatdırılmasında mənfi rol oynayır. Bu mənada Bakı-Tbilisi-Qars yolu Çin üçün münasibdir.

Buna baxmayaraq, Çin rəsmiləri hələlik Bakı-Tbilisi-Qars dəmiryolu ilə bağlı açıqlama vermirlər. Pekin ehtiyatlı mövqe tutub. Bakı-Tbilisi-Qars dəmiryolunun cəlbedici olması üçün iki şərtin yerinə yetirilməsi vacibdir:

Birinci şərt. Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə yolu boyu vahid tariflər tətbiq etməli və qiymətləri ucuz olmalıdır ki, bu Çin şirkətlərini Bakı-Tbilisi-Qars dəmiryoluna marağını artırsın.

İkinci şərt. Qazaxıstanla Azərbaycan arasında Xəzər üzərindən yük daşımasında gecikmələrə yol verilməməli, yüklər dərhal dəmiryoluna çatdırılmalıdır.

Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan Bakıda olmasından istifadə edərək azərbaycanlı həmkarı İlham Əliyevlə iki ölkə arasındakı münasibətləri müzakirə etdi. Bakıda Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 6-cı iclası keçirildi. Azərbaycandan indiyə kimi Türkiyəyə 10 milyard dollar, Türkiyə isə Azərbaycana 11 milyard dollar sərmayə qoyub. Azərbaycanın Türkiyəyə yatırdığı sərmayənin həcmi 20 milyard dollara çatmalıdır.

Prezidentlər iki ölkə arasındakı hərbi əməkdaşlığı da müzakirə etdilər. İlham Əliyev görüşdə dedi ki, “Azərbaycan Türkiyədən hərbi məhsullar alırb və alacaq”. İlham Əliyev bununla iki ünvana mesaj göndərdi. Birinci ünvan əlbəttə ki, işğalçı Ermənistanadır. İşğalçı dövlət bilməlidir ki, Azərbaycan müxtəlif ölkələrdən, o cümlədən strateji müttəfiqi Türkiyədən silah almaqda davam edəcək. Avropaya da mesaj var ki, əgər Qərb dövlətləri Azərbaycana silah və hərbi texnika satmayacaqlarsa, bu Azərbaycan üçün heç bir problem yaratmayacaq, Türkiyə kimi alternativ var.

Azərbaycan Türkiyə arasında hərbi əməkdaşlıq iki istiqamətdə uğurla inkişaf edir. Birinci istiqamət qeyd edildiyi kimi Azərbaycanın Türkiyədən aldığı müasir silahlar və hərbi texnikadır. İkinci istiqamət isə iki müttəfiq dövlət arasında hər il mütəmadı keçirdikləri hərbi təlimlərdir. Bu təlimlər son illər Naxçıvanı da əhatə edir.Türkiyə NATO üzvüdür. Ona görə də Azərbaycan ordusunun Türkiyə vasitəsilə NATO standartlarını mənimsəməsi vacibdir.

Bakıdakı tədbirdən iki gün sonra Azərbaycan, Rusiya və İran prezidentləri Tehranda toplaşdılar. İlham Əliyev zirvə toplantısında Ermənistanın Azərbaycana qarşı ərazi iddiasından və işğaldan danışdı, Azərbaycanın status-kvo ilə barışmayacağını bildirdi. Ilham Əliyev iranlı həmkarı Həsən Ruhani ilə görüşdə də işğala diqqəti çəkdi.

Bu fikirlərin hər dəfə Tehranın və Moskvanın diqqətinə çatdırılmasına ehtiyac var. Çünki Rusiya və İran Ermənistanla əməkdaşlıq edir və bu ölkənin də regional layihələrdə iştirakının tərəfdarıdırlar. Ancaq rəsmi Bakı hər zaman Moskvaya və Tehrana xatırlatmaq məcburiyyətnidədir ki, Azərbaycan torpaqları boşaldılmayana qədər Bakı Ermənistanın regional layihələrdə iştirakına icazə verməyək. Maraqlıdır ki, Tehran və Moskva Bakının bu arqumentinin əleyhinə çıxmır. Elə prezidentlərin Tehranda toplaşmalarının əsas məqsədi də o idi ki, Azərbaycandan keçən şimal-cənub dəmiryolunun tikintisinin mövcud vəziyyətini müzakir etsinlər.

Rusiya və Azərbaycan ərazisində dəmiryolları işlək vəziyyətdədir, Azərbaycanla İranı birləşdirən dəmiryolu da inşa edilib. İndi əsas məsələ İran daxilində dəmiryolunun tikintisini sürətləndirməkdir. Azərbaycan İran ərazisindəki Astara-Rəşt dəmiryolunun tikintisi üçün qonşu dövlətə 500 milyon dollar kredit ayırıb. Bundan başqa 3 ölkəni başqa layihələr də biləşdirir. Bu Rusiya, Azərbaycan və İran arasında enerji xətlərinin biləşdirilməsi və avtomobil yolunun inşasının tamamlanmasıdır.

Bakı-Tbilisi-Qars və şimal-cənub layihələri Azərbaycanın bölgədəki iqtisadi və siyasi çəkisini artıracaq. Bu layihələr işğalçı Ermənistanın təcridini daha da gücləndirəcək. Bu faktor da Azərbaycan üçün az əhəmiyyətli deyil.

Ermənistan çox çalışdı ki, mehriban münasibətlərdə olduğu Tehran və Moskva dəmiryolunu Ermənistandan uzatsınlar. Alınmadı. Çünki Ermənistan ərazisindəki dağ yollarında dəmir yolu çəkmək üçün milyardlar lazım idi. Rusiyanın və İranın nə qədər Ermənistanla münasibətləri yaxşı olsa da, hər iki dövlət reallıqdan çıxış edərək Azərbaycan marşrutuna üstünlük verdilər. Ermənistandan fərqli olaraq Azərbaycan tikinti üçün heç kimdən maliyyə istəmədi, tam tərsinə Gürcüstana və İrana kreditlər verdi ki, dəmiryollarının tikintisi sürətləndirsin. Əlbəttə, ilkin illərdə bu layihələrdən gəlir gözlənildiyi qədər böyük olmayacaq. Ancaq hər iki layihənin geosiyasi əhəmiyyəti böyükdür. Zamanla dəmiryolları tam gücüylə işlədikdə bunun geosiyasi təsiri daha çox hiss ediləcək.

Erməni şərhçilərin əksəriyyəti Bakı-Tbilisi-Qars dəmiryolunun işə başlamasını və Tehranda 3 dövlət başçısının şimal-cənub xəttinin işə salınmasının müzakirəsiylə bağlı görüşünü faktiki Ermənistanın məğlubiyyəti kimi dəyərləndirdilər. Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması qonşu ölkə ətrafındakı mühasirəni gücləndirir və İrəvanı bütün qazanclardan məhrum edir. Bir erməni müəllif yazıb ki, müharibə əbədi deyil və bir gün Ermənistan da regional layihələrə qoşulacaq. Yaxşı istəkdir, ancaq bunun reallaşması üçün əsas şərt Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarını boşaltmasıdır. İrəvan hələ ki, bunu yerinə yetirməyə hazır deyil. Deməli, Ermənistan regional layihələrə qoşula bilməyəcək və getdikcə kasıblaşacaq.

Reaksiya.az

Şərhlər