Əgər Azərbaycan Ermənistanın Bakı-Tiflis-Qars dəmiryoluna qoşulmasını istəyirsə...

Əgər Azərbaycan Ermənistanın Bakı-Tiflis-Qars dəmiryoluna qoşulmasını istəyirsə...
Tarix: 03.11.2017 14:24
Oxunma sayı: 959
Paylaş:

Əgər Azərbaycan Ermənistanın Bakı-Tiflis-Qars dəmiryoluna qoşulmasını istəyirsə, o zaman Qarabağın “müstəqilliyini” tanımalıdır. Realliq.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov söyləyib. Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Ermənistanın BTQ-yə yalnız Azərbaycan torpaqlarını işğaldan azad etdikdən və öz ordularını Qarabağdan çıxardıqdan sonra qoşula biləcəyi ilə bağlı açıqlamasına cavab verən Şarmanazov erməni xislətini bir daha nümayiş etdirib. Günlərdir BTQ-ni müzakirə edən və bu beynəlxalq layihədən kənarda qalmağın İrəvan üçün böyük fəlakətlər vəd etdiyini bildirən İrəvan politoloqlarının, o cümlədən Baş nazir Karapetyanın bu layihədən erməni biznesmenlərin də istifadə edə biləcəyi haqda “təsəlliverici” açıqlamasına rəğmən, Şarmazanov ərazisi işğal altında olan Azərbaycana qarşı növbəti torpaq iddiaları səsləndirib. Vitse-spiker Azərbaycandan Göygöl rayonunun Qarabulaq və Çaykənd kəndlərini, eləcə də Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsini “istəyib”:

“Ermənistan Azərbaycanın regional layihələrinə qoşulmağı arzu etmir. Bizim arzumuz regionda sülh və stabillikdir”.

Qeyd edək ki, Bakı-Tiflis-Qars layihəsi barədə 2005-ci ildə niyyət protokolu imzalansa da, layihənin icrasına başlanılması prosesi 2 il ləngiyib. Ermənistanın o zamankı prezidenti R.Köçəryan bu layihəni Azərbaycanın heç vaxt reallaşdıra bilməyəcəyi barədə erməni ictimaiyyətinə vəd vermişdi. O, Avropadan dəstək aldıqlarını, Tiflis-Gümrü-Qars layihəsinin işə düşəcəyini və Azərbaycanın bu meqalayihədən kənarda qalacağını iddia etmişdi.

Lakin rəsmi Bakının iradəsi və əzmi ilə 2007-ci ildə BTQ-nin tikintisinə başlanıldı və 30 oktyabr 2017-ci ildə region dövlətlərinin iştirakı ilə bu dəmiryol xəttinin rəsmi açılış törəni baş tutdu. Bunun ardınca isə Ermənistanda İrəvanın daha bir böyük layihədən kənarda qalması əsas gətirilərək, panika başladı. Erməni ictimaiyyəti bunun təbii sərvətlərin daşındığı boru xətti olmadığını, bu xətt vasitəsilə Ermənistanın məhsullarının dünya bazarına çıxarılmasının mümkünlüyünü bildirərək, ölkəni iqtisadi defolta sürükləyən hakimiyyəti sorğulamağa başladı.

Baş nazir Karapetyan bu suçlamalara “erməni biznesmenlər BTQ-dən istifadə edə biləcəklər” kimi təsəlliverici vəd versə də, bunun real olmadığını və ictimaiyyətin narahatlığını nəzərə alan Ermənistan hakimiyyəti yenə də “patriotizm” və qonşulara qarşı ənənəvi torpaq iddiaları ilə daxili auditoriyanı ələ almağa çalışır. 

Reaksiya.az

Şərhlər