Prezident İlham Əliyev Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolunun açılışında iştirak edib

Prezident İlham Əliyev Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolunun açılışında iştirak edib
Tarix: 28.11.2017 12:03
Oxunma sayı: 596
Paylaş:

Noyabrın 28-də Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolunun açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq, son illər yol infrastrukturunun yenilənməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ildən-ilə artır. Hazırda respublikanın nəqliyyat-yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı irimiqyaslı layihələr uğurla icra olunur. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən yolların, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib. Bu tədbirlər ilk növbədə Azərbaycan iqtisadiyyatının gücünü göstərməklə yanaşı, vətəndaşların həyatının yaxşılaşdırılmasına yönələn layihələrin davamlı olmasını nümayiş etdirir. Belə layihələr sırasında Tərtər-Seydimli-Qaradağlı-Sarov marşrutu üzrə yaşayış məntəqələrini əhatə edən respublika əhəmiyyətli Goranboy-Tərtər avtomobil yolunun tikintisi layihəsi xüsusi əhəmiyyət daşıyır.

“Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, uzunluğu 29,5 kilometr olan Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolu üçüncü texniki dərəcəlidir. İki hərəkət zolaqlı, hərəkət hissəsinin eni 8 metr olan yol inşa edilərkən 39,7 min kubmetr torpaq işləri görülüb, müxtəlif diametrli suötürücü borular tikilib, 14 avtobus dayanacağı yaradılıb. Bundan əlavə, yol üzərində işıq dirəkləri quraşdırılıb, yol nişanları və göstərici lövhələr yerləşdirilib. Yolun 17-ci kilometrliyində İncəçay çayı üzərində uzunluğu 34,8 metr, eni 10,5 metr olan körpü inşa edilib.

Prezident İlham Əliyevin bu ilin iyulunda imzaladığı Sərəncama əsasən tikilən Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolu 24 min nəfər əhalinin yaşadığı 20 yaşayış məntəqəsini birləşdirir.

Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.

Reaksiya.az

Şərhlər