Qərbin düşmənlərinin əhatəsindəki Azərbaycan...

19.01.2018 11:41     Siyasi reaksiya     1749

Belə vəziyyət ölkəmiz üçün nə qədər təhlükədir?

Azərbaycan Qərbin özünə düşmən hesab etdiyi iki böyük dövlətin-Rusiya və İranın arasındadır. Rusiya və İrana qarşı ABŞ-ın münasibəti getdikcə daha da sərtləşir. Fevral ayında Rusiyaya qarşı sanksiyaların daha böyük dalğası gəlir. Azərbaycanın həm Rusiya, həm də İranla qonşu və güclü dövlətlər olaraq sıx əməkdaşlıq münasibətinin olduğu bəllidir. Bu isə ortaya bəzi suallar çıxarır. Belə vəziyyətdə bizim ölkəmizin də Qərbin qəzəbinə gəlməsi ehtimalı varmı? Eyni zamanda belə vəziyyətdə Azərbaycanın xarici siyasəti necə qurulmalıdır?

Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, indiki halda Qərbin Rusiyaya qarşı münasibəti İranla müqayisədə daha sərtdir. Təbii ki, ABŞ prezidenti Donald Trampın İranla bağlı ritorikasını nəzərə almasaq. Avropa İttifaqının aparıcı dövlətlərinin nüfuzlu şirkətləri ötən ilin son 6 ayı ərzində İran iqtisadiyyatına böyük sərmayə yatırıblar. Bu sırada Fransanın “Total” və “Renault” şirkətləri ilə imzalanmış uzunmüddətli meqakontraktları qeyd etmək olar. 2017-ci ilin sentyabr-noyabr aylarında İran “Siemens”, “Volswagen Airbus” və digər nəhəng Qərb şirkətləri ilə uzunmüddətli müqavilələr imzalayıb. Bu müqavilələrdə İran iqtisadiyyatının ayrı-ayrı sektorlarına milyardlarla dollar vəsaitin yatırılması nəzərdə tutulur.

Avropanın özünün İranla bu qədər iqtisadi əməkdaşlığı ortada olduğu halda, Azərbaycana qonşuluğunda olan İranla əməkdaşlıq münasibətlərinə görə təzyiq edilməsi gözlənilən deyil və buna görə bizi sıxışdırmalarına arqumentli cavablarımız var: “Digər tərəfdən də Azərbaycanın İran iqtisadiyyatı ilə elə də ciddi bağlantıları yoxdur. Həyata keçirdiyimiz ortaq layihə Şimal-Cənub nəqliyyat dəhlizinin Qərb marşrutudur. Bu marşrutu da hər hansı bir təhlükə gözləmir. Buna görə də bizə Qərbdən hansısa təzyiq olacağını düşünmürəm”.

Politoloq Elçin Mirzəbəyli ile ilgili görsel sonucu

Ekspert qeyd etdi ki, Rusiya ilə bağlı isə əks proses baş verib. Belə ki, 2017-ci il ərzində əksər Avropa brendləri Rusiya bazarını tərk ediblər. Təkcə 2017-ci ilin son həftəsi ərzində Rusiyanın qiymətli kağızlar bazarından geri çəkilən Avropa mənşəli investisiyaların məbləği 126 milyon dollar təşkil edib: “Göründüyü kimi, İrana münasibətdə ortada daha çox ritorika var və belə bir mənzərə yaranıb ki, Qərbin məqsədi daha çox Rusiyanı zəiflətməkdən ibarətdir. Bu prosesin və Rusiyaya qarşı qəbul edilməsi gözlənilən növbəti sanksiyaların Azərbaycana təsirinə gəldikdə isə hesab edirəm ki, bizi Rusiya ilə iqtisadi münasibətlərimizə görə hər hansı bir təhlükə gözləmir. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan iqtisadiyyatının heç bir sahəsi Rusiyadan və İrandan asılı deyil. Ölkənin milli gəlirlərinin əhəmiyyətli hissəsi enerji sektorundan gəlir.

Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji layihələrinin isə bu iki dövlətlə hər hansı bir əlaqəsi yoxdur. Rusiyaya qarşı yeni sanksiyaların əsasən enerji, bank sektoru və müdafiə sənayesi kompleksini əhatə edəcəyi gözlənilir və Azərbaycanın bu sahələrdə Rusiyadan hər hansı bir asılılığı yoxdur.

Əlbəttə, burada Azərbaycanın Rusiyadan silah aldığı və müdafiə sənayesi kompleksi ilə bağlı sanksiyaların ölkəmizə də təsir göstərəcəyi vurğulana bilər. Amma Rusiyanın müdafiə sənayesindən əldə etdiyi gəlir bu ölkənin ümumi daxili məhsulunun cəmi 4,2 faizini təşkil edir və bu sahəyə tətbiq edilən sanksiyalar həm Rusiya iqtisadiyyatına ciddi təsir göstərə, həm də ABŞ üçün effektiv nəticə verə bilməz. Digər tərəfdən, sanksiyalarda bir qayda olaraq adi silahlar yer almır. Rusiyanın Azərbaycana satdığı silahlar da əsasən adi silahlar kateqoriyasına daxildir. Azərbaycan ABŞ-dan silah almadığı üçün Rusiyadan silah almağımıza görə bizə təzyiq edilməsi də gözlənilən deyil”.

Politoloq hesab edir ki, Azərbaycan hazırda tətbiq etdiyi xarici siyasi xətti yürütməkdə davam etsə, ABŞ-ın düşmənlərinin ortasında olmağımız ciddi problemlərdən yan keçməyimizə gətirib çıxarar.

Reaksiya.az

Şərhlər