YAP seçkiyə İlham Əliyevlə gedir - prezidentdən mühüm mesajlar

YAP seçkiyə İlham Əliyevlə gedir - prezidentdən mühüm mesajlar
Tarix: 09.02.2018 12:18
Oxunma sayı: 1164
Mənbə: musavat
Paylaş:

Hakim partiyanın qurultayında prezidentliyə namizəd olan İlham Əliyev Qarabağ problemi, ölkədəki inkişaf və siyasi sabitlikdən danışdı

Fevralın 8-də hakim Yeni Azərbaycan Partiyasının Heydər Əliyev Mərkəzində qurultayı keçirildi. Qurultayda partiyanın sədri, ölkə prezidenti İlham Əliyevin yenidən namizədliyi aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində irəli sürülüb.

Qərar  yekdilliklə qəbul olunub. YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov seçkilərdə partiyanın sədri İ.Əliyevin namizədliyinin irəli sürülməsi barədə qurultayın qərarını təqdim edib.

Daha sonra çıxış edən ölkə başçısı ona göstərilən etimada görə təşəkkür edib. Prezident çıxışında ciddi məqamlara toxunmaqla yanaşı, bir sıra mesajlar da verib.

Öncəliklə ölkə başçısı ərazimizdə ikinci bir erməni dövlətinin qurulmasına imkan verilməyəcəyini bildirib: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində və beynəlxalq hüquq normalarına uyğun həll edilməlidir. Biz heç vaxt imkan verə bilmərik ki, ərazimizdə ikinci erməni dövləti yaransın”. Ali Baş Komandan  daha sonra deyib: “Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı - bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq”.

Çıxışında prezident ölkə daxilindəki sabitliyə də toxunub: “Ölkəmizdə ictimai asayiş qorunur, kriminogen durum çox müsbətdir, Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir. Bunu Azərbaycan vətəndaşları yaxşı bilirlər, ölkəmizə gələn çoxsaylı turistlər görürlər. Təhlükəsizlik və sabitlik bizi fərqləndirən müsbət amillərdir. Bizim son illər apardığımız siyasət özünü tam doğrultdu, Azərbaycanda sabitlik mövcuddur. Qeyd etdiyim kimi, sabitlik hər bir inkişafın əsas şərtidir. Biz görürük ki, son 5-6 il ərzində dünyanın müxtəlif yerlərində, bizim regionumuzda çox ciddi, narahatedici proseslər gedir. Qanlı toqquşmalar, müharibələr, vətəndaş müharibələri, ölkələrin bir-birinin işinə kobudcasına qarışması, hərbi müdaxilələr - bütün bunlar bizim gözümüzün önündə baş verən məsələlərdir. Biz görürük və bütün bəşəriyyət əyani şəkildə görür ki, sabitlik pozulduqda heç bir inkişafdan söhbət gedə bilməz. Bu, xalqlara, ölkələrə böyük bəlalar, faciələr gətirir. Bu gün dağılmış vəziyyətdə olan və daxili inteqrasiyanı tamamilə itirən ölkələrin gələcək taleyi böyük sual altındadır. Ona görə həyat və yaxın tarixin mənzərəsi göstərir ki, sabitlik əsas amildir və sabitlik necə təmin edilməlidir? Ancaq düzgün siyasətlə. O siyasət ki, onun mərkəzində xalq dayanır, ölkə vətəndaşı dayanır. Biz məhz bu siyasəti aparırıq. Mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun problemləri, onun qayğıları, onun rifahı dayanır”.

Azərbaycan-Avropa münasibətlərindən söz açan İ.Əliyev  əməkdaşlığın davam edəcəyinin söyləyib.

Dövlət başçısı bu il 20 min məcburi köçkünün evlə təmin olunacağını söyləyib: “Məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması və mənzillərlə, evlərlə təmin edilməsi istiqamətində bundan sonra da uğurlu siyasət aparılacaq. Bu il 20 minə yaxın, bəlkə də bundan da çox köçkünü yeni evlərlə təmin edəcəyik. Bu siyasət davam etdiriləcək. Torpaqlarımız işğaldan azad olunandan sonra biz bu gün erməni vəhşiləri tərəfindən dağıdılmış bütün şəhərləri, kəndləri yenidən quracağıq. Cocuq Mərcanlı kəndinin timsalında bütün dünya görür ki, biz buna qadirik”.

Prezident 90-cı illərdən və AXC-Müsavat cütlüyünün hakimiyyətindən də danışıb: “1992-ci ildə qanunsuz şəkildə hakimiyyəti zəbt etmiş AXC-Müsavat cütlüyü ölkəmizi uçuruma aparırdı. Azərbaycanda iqtisadi tənəzzül, sənayenin iflic vəziyyətə düşməsi, siyasi, iqtisadi, ondan sonra da hərbi böhran demək olar ki, müstəqilliyimizi şübhə altına alırdı. Belə bir vəziyyətdə Azərbaycan xalqı öz liderinə üz tutdu və partiyamızın yaradılması, əlbəttə ki, burada həlledici rol oynadı. Onu da biz yaxşı xatırlayırıq və əlbəttə, partiya üzvləri bunu bilir, Azərbaycan ictimaiyyəti də bilir ki, o vaxt hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş hakimiyyət imkan verməmişdi ki, partiyamızın qurultayı Bakıda keçirilsin”.

Reaksiya.az

Şərhlər