Yeni Azərbaycan Partiyası imzatoplama kampaniyasına start verdi

16.02.2018 12:49     Siyasi reaksiya     1767

Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən Azərbaycan prezidentliyinə namizədliyi irəli sürülmüş İlham Əliyevin namizədliyinin müdafiəsi üçün imzatoplama kampaniyasına start verilib.

Reaksiya.az bildirir ki, YAP-dan Trend-ə verilən məlumata görə, Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, siyasi partiya prezidentliyə irəli sürdüyü namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda seçici imzası toplamalıdır. Qanuna görə, 60-dan az olamayan seçki dairəsinin hər birinin ərazisindən azı 50 imza toplanmalıdır.

Məlumatda qeyd olunur ki, Yeni Azərbaycan Partiyası öz ənənəsinə uyğun olaraq, mövcud 125 dairənin hər birinin ərazisindən tələb edilən sayda imza toplamağı planlaşdırmışdır.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının 2018-ci il fevral ayının 8-də VI qurultayı keçirilmişdir. Qurultayda 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasının prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə yekdilliklə qərar qəbul edilmişdir. Fevralın 14-də Mərkəzi Seçki Komissiyasının iclasında 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası prezidentinin seçkilərində namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyevin namizədliyi təsdiq edilmişdir.

 

Reaksiya.az

Şərhlər