Rəsmi Bakı ABŞ səfirini XİN-ə çağırdı, Dövlət Departamentinə nota verdi

Rəsmi Bakı ABŞ səfirini XİN-ə çağırdı, Dövlət Departamentinə nota verdi
Tarix: 13.03.2018 12:43
Oxunma sayı: 946
Paylaş:

Qarabağdakı qondarma rejimin başçısının ABŞ Konqresinə dəvət olunması Bakı ilə Ağ Ev arasında gərginliyə səbəb oldu; XİN: “Bu kimi addımı ilə ABŞ Azərbaycan xalqının gözündə və ictimai rəydə ona olan münasibətə əsaslı dərəcədə zərbə vurmuşdur”

Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “prezidenti” kimi özünü təqdim edən Bako Saakyan ABŞ-a səfəri və ABŞ Konqresinin inzibati binasında qondarma rejimi təbliğ edən tədbir keçirməsi ilə əlaqədar ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu barədə “Yeni Müsavat”a bildirib ki, ABŞ Dövlət Departamentinə ünvanlanan etiraz notası səfirə təqdim edilib. Həmçinin Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Dövlət Departamentində görüş keçirərək Azərbaycanın etirazını ABŞ tərəfinə çatdırıb. H.Hacıyev bildirib ki, notada Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərinin sakini olan Bako Saakyanın saxta məlumatlar təqdim edərək Ermənistan pasportu ilə ABŞ vizası alması və ABŞ ərazisinə daxil olması, ABŞ-ın müvafiq təsisatlarında qondarma separatçı rejimi təbliğ edən və Azərbaycan ərazilərinin işğalını dəstəkləmək üçün ABŞ ərazisində maliyyə toplamaq məqsədi daşıyan tədbirlər keçirməsinə icazə verilməsinin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, Azərbaycan və ABŞ arasında imzalanmış ikitərəfli sənədlərə, ABŞ-ın rəsmi mövqeyinə zidd olduğu qeyd olunub.

Hikmət Hacıyev ile ilgili görsel sonucu

“ABŞ-ın bu addımı Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə qarşı fəaliyyət kimi qiymətləndirilib. Həmçinin notada Azərbaycanın ABŞ-ın beynəlxalq hüququn norma və prinsipləri əsasında daşıdığı öhdəlikləri vicdanla yerinə yetirməli olduğu və ABŞ ərazisində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı fəaliyyətlərin qarşısını almalı olduğu qeyd olunub. ABŞ ilə Azərbaycan digər sahələrdə tərəfdaşlıq münasibətlərinə malik olduğu halda, ABŞ tərəfindən həyata keçirilən bu təəccüblü addımı ABŞ-ın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar mövqeyinin dəyişməsi kimi qiymətləndirir və qərəzli hesab edirik. Postsovet məkanında olan digər separatçı rejimlərə münasibətdə ABŞ tərəfindən xüsusi sanksiyalar tətbiq olunduğu halda, Azərbaycana qarşı hərbi təcavüz və qanlı etnik təmizləmə nəticəsində yaradılmış qondarma rejimin nümayəndələrinin ABŞ ərazisinə daxil olmasına imkan yaradılması ikili standartların təzahürüdür”-H.Hacıyev əlavə edib. 

abş dövlət departamenti ile ilgili görsel sonucu

XİN rəsmisi daha sonra deyib: “BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi, ABŞ BMT Təhlükəsizlik Şurasının konsensusla qəbul edilmiş müvafiq qətnamələrinin tələblərinin yerinə yetirilməsinə və bu xüsusda Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasına çalışmalıdır. ABŞ-ın bir tərəfdən münaqişənin danışıqlar yolu ilə həllinə çağırış etməsi, digər tərəfdən qondarma rejimin təbliğinə imkan yaratması və Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni əməllərə göz yumması ABŞ-ın qərəzsizliyi və obyektivliyi barədə ciddi suallar yaradır. ABŞ-ın bu addımı danışıqlar prosesinə ciddi şəkildə xələl gətirir, regionda gərginliyin artmasına xidmət edir və davamlı sülh və təhlükəsizliyin təmin olunması istiqamətində olan səylərə ciddi zərər vurur”.

Rəsmi Bakı açıq şəkildə Vaşinqtonla münasibətlərinin anonsunu verib: “Bu kimi addımı ilə ABŞ Azərbaycan xalqının gözündə və ictimai rəydə ona olan münasibətə əsaslı dərəcədə zərbə vurmuşdur. ABŞ-ın bu kimi davranışına cavab olaraq, Azərbaycan Respublikası ABŞ-la münasibətlərində qarşılıqlılıq prinsipindən çıxış edəcək”.

Politoloq Arzu Nağıyev ile ilgili görsel sonucu

Politoloq Arzu Nağıyev yaranmış situasiyanı “Yeni Müsavat”a şərh edərkən dedi ki, Bakının Vaşinqtona nota verməsi düzgün addım kimi dəyərləndirilməlidir: “İlk növbədə ona görə ki, ABŞ münaqişənin tənzimlənməsində ATƏT-in Minsk Qrupunda təmsil olunan bir dövlətdir, buna görə də daha maraqlı olmalıdır. Məlum məsələdir, xarici siyasətdə dostluq, qardaşlıq məfhumu demək olar ki, yoxdur. Lakin ümumi maraqlar olan yerdə bu ”dostluq"lar yada düşür. Əgər qlobal miqyasda götürsək, ABŞ iqtisadi, siyasi və hərbi maraqlarına görə heç vaxt Azərbaycanla münasibətini gərginləşdirib Ermənistanla müttəfiq kimi davranmaz. Burada bir sıra səbəblər var. Birincisi, Rusiya və Ermənistanın siyasi, iqtisadi və hərbi bloklarda birgə təmsil olmalarıdır. İkinci məsələ ABŞ-ın regionda olan özəl maraqları, o cümlədən İran, Əfqanıstan və digər dövlətlərlə Azərbaycanın ikitərəfli müsbət istiqamətli münasibətləridir. Üçüncüsü, hətta ABŞ prezidenti Donald Trampın da Azərbaycanla tərəfdaş dövlət olduğunu qeyd etməsi və beynəlxalq səviyyəli iqtisadi və siyasi layihələrdə tərəfdaş olmalarıdır".

A.Nağıyev bildirdi ki, ABŞ Dağlıq Qarabağla bağlı münaqişənin həllində nüfuz savaşına qatılan Rusiya ilə rəqabət aparır: “İlin əvvəlindən bunun şahidiyik ki, ATƏT-in Minsk Qrupunda təmsil olunan dövlət kimi ABŞ bir sıra addımlar atır. Burada ”DQR"in üçüncü tərəf kimi danışıqlarda iştirak etməsinə zəmin yaradılması da, görünür, təmas xəttində say artımı, qondarma qurumun “müdafiə ”naziri ilə görüş və bir sıra məsələlər bunu deməyə imkan verir. Yəni Bako Saakyanın dəvət edilməsi münaqişənin həllinə töhfə versəydi, bu barədə nə isə demək olardı. Amma əgər bu, erməni lobbisinin siyasi sifarişidirsə, tam başqa bir məsələdir. Zənnimcə, Tramp administrasiyası birinci variantı seçməlidir ki, Azərbaycanın müstəqilliyinə və suverenliyinə qarşı hər hansı təhdid olmasın. Əks halda, bu məsələ Rusiyanın təsir dairəsində olan Ermənistanın yürütdüyü siyasət deməkdir. Bu yolla Azərbaycana təzyiq edilməsi də inanadırıcı deyil. Məlumdur ki, Azərbaycan heç vaxt Bako Saakyanı və onun təmsil etdiyi qondarma qurumu tərəf kimi qəbul etməyəcək. Digər tərəfdən də Bako Saakyanın kim tərəfdən qəbul ediləcəyi də məsələyə müəyyən aydınlıq gətirəcək".

Bu yerdə amerikalı ekspert Ceykob Kamarasun rəsmi Vaşinqtonun Qarabağ məsələsi kontekstində Bakı və İrəvanla münasibətlərinə həsr elədiyi və Amerika nəşri “Daily Caller” nəşrində dərc olunan məqaləsindəndəki bəzi fikirləri xatırlatmağa ehtiyac var. “ABŞ Azərbaycanla əlaqələrə daha çox enerji sərf eləməlidir, nəinki Ermənistanla” - ekspert deyib. “Bəs Azərbaycanla əlaqələri inkişaf etdirməyə nə mane olur”, - deyə politoloq sual edib və özü də ona cavab verib: “Günahkar ABŞ-ın ermənipərəst qanunvericiləridir ki, anti-Azərbaycan istiqamətində siyasətə rəvac edirlər. Məsələn, Nümayəndələr Palatasının üzvü Ceki Speyerin anası - Nensi Kançelyan etnik ermənidir. O, ABŞ-ın deyil, Ermənistanın xeyrinə olan hər şeyə imza atır. Ceki Speyer o vaxt demişdi ki, ABŞ-ın 1.5 milyon dollarlıq yardımı ”DQR" xalqının fiziki və psixiki ciddi təsir eləmək məqsədi güdür. Ancaq Amerikanın Dağlıq Qarabağa istənilən yardımı erməni işğalına dəstək deməkdir və BMT Təhlükəsizlik Şurasının və BMT Baş Məclisinin qətnamələrini pozur - hansı sənədlərdə ki, açıq şəkildə təsdiq edilir ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir". Göründüyü kimi, ABŞ-ın yanlışları bir sıra hallarda ədalətli amerikanlar tərəfindən də dilə gətirilir. İndi görək, rəsmi Bakının notası B.Saakyanın 14 martda tribunasız və mükafatsız qoyulmasına səbəb olacaqmı? ABŞ kimi seçəcək, işğalçı və separatçıları, yoxsa antiterror koalisiyasının üzvü olan, ərazisinin 20 faizi işğalda qalan Azərbaycanı?..

Reaksiya.az

Şərhlər