Amerika və Rusiya generallarının kritik Bakı görüşü

Amerika və Rusiya generallarının kritik Bakı görüşü
Tarix: 20.04.2018 11:34
Oxunma sayı: 718
Paylaş:

NATO və Rusiya komandanları üçüncü dəfə Azərbaycan paytaxtında bir araya gəldilər – mühüm gəlişmə; prezident İlham Əliyev generalları qəbul etdi

Rusiya ilə ABŞ (Qərb) arasında münasibətlər gərginləşən xətt üzrə davam edir. Ötən həftəsonu ABŞ, Fransa və Britaniyadan ibarət Qərb (NATO) “üçlüyü” Kremlin hərbi dəstək verdiyi Bəşər Əsəd rejiminin hərbi obyektlərini bombaladıqdan, ardınca Vaşinqton Moskva əleyhinə yeni sanksiyaları açıqladıqdan sonra münasibətlər bir qədər də qəlizə girib, “soyuq müharibə” daha təhlükəli fazaya adlayıb.

Təsadüfi deyil ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu arada belə bir ifadə işlədib ki, “Qərb bizimlə daha danışmaq istəmir, bütün diplomatik kanallar üzümüzə bağlanıb”. Bu fonda, yəni iki geosiyasi qütb arasında təmasların deyil, qarşılıqlı sərt ittihamların çoxaldığı zamanda analitiklər hətta Rusiya və ABŞ (NATO) arasında hərbi toqquşma ehtimalından danışmağa başlayıblar.

Bu isə beynəlxalq sülhə və təhlükəsizliyə birbaşa, böyük təhlükə deməkdir. Təhlükənin qayəsində isə ilk növbədə həlli uzanan Suriya böhranı, həmçinin postsovet məkanında Moskvanın apardığı təcavüzkar siyasət, Ukrayna (Donbas, Krım) ilə bağlı ziddiyyətlər dayanır.

*****     

Gerasimov Bakıda NATO-nun Avropadakı Birləşmiş Hərbi Qüvvələrinin baş komandanı Kertis Skaparotti ile ilgili görsel sonucu

Belə bir gərgin ortam varkən maraqlıdır ki, dünən Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Bakıya işgüzar səfərə gəlib. “Yeni Müsavat” xəbər verir ki, Gerasimov Bakıda NATO-nun Avropadakı Birləşmiş Hərbi Qüvvələrinin baş komandanı Kertis Skaparotti ilə görüşüb (Skaparotti həm də ABŞ generalıdır).

Məlumata görə, tərəflər Avropa regionunda NATO və Rusiyanın hərbi fəaliyyəti, eləcə də Suriyadakı vəziyyəti müzakirə ediblər. Bundan qabaq isə Azərbaycan prezidenti İlham Əliyev Rusiya generalının başçılıq elədiyi nümayəndə heyətini qəbul edib (AzərTac). Ölkə başçısı ardınca NATO generalının rəhbərlik elədiyi nümayəndə heyəti ilə də bir araya gəlib.

Diqqəti çəkən birinci məqam da elə Rusiya və NATO komandanları arasında budəfəki görüşün Suriyaya hava hücumundan cəmi bir həftə sonraya təsadüf eləməsidir. Diqqəti həmçinin Gerasimovun ABŞ-ın deyil, NATO-nun generalı ilə bir araya gəlməsi çəkir.

Gerasimov Bakıda NATO-nun Avropadakı Birləşmiş Hərbi Qüvvələrinin baş komandanı Kertis Skaparotti ile ilgili görsel sonucu

Bu yerdə “Yeni Müsavat” xatırladır ki, keçən ilin sentyabr ayında NATO Hərbi Komitəsinin rəhbəri, general Petr Pavel Bakıda Valeri Gerasimovla görüş keçirib. 2017-ci ilin fevralında isə Gerasimov yenə məhz Bakıda ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah rəisləri Komitəsinin rəhbəri, general Cozef Danfordla bir araya gəlib.

Bu qəbildən növbəti, üçüncü görüş bu ilin yanvarında Bakıda Skaparotti ilə Gerasimov arasında planlaşdırılsa da, son anda generallar telefon əlaqəsi yaratmaqla kifayətlənmişdilər. İndi - təxminən 3 ay sonra onlar Bakıda tet-a-tet görüşmək qərarı veriblər.

Maraqlıdır ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıda ikən prezident Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvlərinin operativ iclasını çağırıb. Bu barədə informasiyanı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov yayıb. Lakin o, görüşdə hansı məsələlərin müzakirə edildiyini açıqlamayıb. Bununla belə, gündəmdə Rusiya-Qərb (NATO) münasibətləri mövzusunun olması istisna olunmur... 

*****

Gerasimov Bakıda NATO-nun Avropadakı Birləşmiş Hərbi Qüvvələrinin baş komandanı Kertis Skaparotti ile ilgili görsel sonucu

Şübhə yox ki, NATO və Rusiya komandanlarının görüş yeri kimi Bakını seçməsi Azərbaycanın qlobal güclər arasında apardığı balans siyasəti ilə, iki fövqəlgücün hər biri ilə normal münasibətlərdə olması və ölkəmizin regiondakı geosiyasi mövqeyi ilə birbaşa bağlıdır. Bu, habelə Bakının bölgədəki roluna verilən dəyərin, Azərbaycana etimadın növbəti təzahürü sayıla bilər.

Həm keçmiş görüşlər, həm də dünənki təmas zamanı aparılmış müzakirələrə dair geniş bilgilər verilməsə də, siyasi analitiklər hesab edirlər ki, komandanlar Qərblə, ABŞ-la Rusiya arasındakı indiki kritik durumun hərbi qarşıdurma müstəvisinə keçməməsi üçün bir daha yollar axtarıblar.

Bu mənada Bakının növbəti dəfə böyük güclər arasında dialoq körpüsü, dialoq məkanı qismində çıxış eləməsi, yaşadığımız xüsusilə mürəkkəb dönəmdə yenə regionun vacib ölkəsi kimi Azərbaycana güvənilməsi az önəm kəsb eləmir və ölkəmizi yaxşı anlamda dünyanın diqqətinə gətirməklə onun beynəlxalq imicini yaxşılaşdırır. Bu isə ərazisinin 20%-i işğal altında olan Azərbaycanın Dağlıq Qarabağ məsələsində Bakı üçün daha əlverişli manevr imkanı deməkdir. Adekvat şəkildə dünənki hadisənin işğalçı Ermənistanda qıcıq yaradacağı şübhə doğurmur.

*****

“Azərbaycanın beynəlxalq nüfuzu nəzərə alınmaqla, Bakı danışıqlar üçün əlverişli meydançadır. Azərbaycanın güclü silahlı qüvvələrinin olması da burada rol oynayır”. Bu fikri APA-ya Rusiya Müdafiə Nazirliyi yanında İctimai Şuranın üzvü, tanınmış hərbi ekspert İqor Korotçenko generalların Bakı görüşünü şərh edərkən bildirib. Onun sözlərinə görə, Rusiya və NATO hərbi rəhbərliyinin Bakıda görüşməsinin əsas səbəbi Azərbaycanın beynəlxalq nüfuzunun olduqca yüksək olmasıdır: “O ki qaldı danışıqların mövzusu məsələsinə, deyə bilərəm ki, əsas müzakirə mövzusu Rusiya və NATO münasibətlərindəki ümumi gərginlikdir. Hesab edirəm ki, Gerasimov-Skaparotti görüşü hərbi-siyasi məsləhətləşmələr və 3-cü Dünya müharibəsi riskinin qarşısını almaq məqsədi daşıyır. Fikrimcə, tərəflər Ukrayna və Suriya münaqişəsini, habelə Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyi kontekstində Cənubi Qafqazda təhlükəsizlik məsələlərinə də toxunacaqlar”.

Öz növbəsində TASS agentliyinin hərbi şərhçisi Viktor Litovkin Rusiya və NATO generallarının ilk dəfə Bakıda görüşmədiklərinə diqqət çəkib. “Generalların Bakıda görüşməsində əsas səbəb, məncə, Azərbaycanın NATO və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı arasında yerləşməsidir. İkinci səbəb Azərbaycan paytaxtının qonaqpərvər şəhər olmasıdır. Belə yüksək səviyyədə danışıqlar aparmaq üçün Bakıda hər cür şərait var. Ona görə də, hesab edirəm ki, bu cür görüşlərin keçirilməsi Bakının haqqıdır. Həm də Rusiya və NATO generalları üçün Bakıda işləmək rahatdır”, - deyə o qeyd edib.

Elçin Mirzəbəyli ile ilgili görsel sonucu

Ekspertə görə, danışıqların mövzusu ənənəvidir: “Bu, mövcud münaqişələrdir. Ukrayna və Suriya məsələləri, alyans və Rusiya arasında toqquşma risklərinin yaranmasının qarşısını almaq, NATO-nun Rusiya sərhədlərinə yaxınlaşmasıdır. Düşünmürəm ki, onlar Qarabağ probleminə toxunsunlar. Prinsipcə, nə NATO, nə KTMT-nin bu problemə aidiyyəti var. Lakin Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacib olması barədə danışa bilərlər. Ümumilikdə Cənubi Qafqazda təhlükəsizlik problemi danışıqlarda müzakirə mövzularından biridir”.

“Azərbaycan beynəlxalq dialoq platforması kimi faktiki olaraq bütün dünyada qəbul olunub”. Bu sözləri isə Axar.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli Gerasimov- Skaparotti görüşünə münasibət bildirərkən deyib. “Yenə də iki böyük güc mərkəzinin rəhbərləri Bakıda görüşür. Şübhəsiz ki, bu, önəmli hadisədir. Xüsusilə NATO ilə Rusiya arasında ciddi ziddiyyətlərin olduğu bir zamanda belə bir görüşün növbəti dəfə Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq danışıqlar üçün ideal mərkəz olduğunun sübutudur. Bu, bir daha ölkəmizin nə dərəcədə önəmli coğrafi mövqeyə, siyasi nüfuza malik olduğunu təsdiqləyir”, - deyə politoloq bildirib.

Reaksiya.az

Şərhlər