Azərbaycan, Türkiyə və Ukrayna arasında bir ilk gerçəkləşdi

Bu gün Bakıda Azərbaycan, Türkiyə və Ukrayna Xarici İşlər nazirlikləri arasında birinci üçtərəfli siyasi məsləhətləşmələr keçirilib. Bu barədə Xarici İşlər Nazirliyi məlumat verib.

Siyasi məsləhətləşmələrə Azərbaycan, Türkiyə və Ukrayna xarici işlər nazirlərinin müavinləri Xələf Xələfov, Ümit Yardım və Vasiliy Bodnar rəhbərlik edib. Görüşdə ikitərəfli əsasda üç ölkə arasındakı münasibətlərin mövcud səviyyəsi yüksək qiymətləndirildi və üçtərəfli formatda siyasi məsləhətləşmələrin yeni əməkdaşlıq imkanları yaradacağına və ölkələrimiz arasındakı ənənəvi dostluğu və tərəfdaşlığı daha gücləndirəcəyinə əminlik ifadə olunub.

Siyasi məsləhətləşmələr zamanı tərəflər beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində bu ölkələrin suverenliyinə və ərazi bütövlüyünə dəstək ifadə ediblər. Tərəflər həmçinin, beynəlxalq və regional məsələlər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa dair fikir mübadiləsi aparıb və nəqliyyat, enerji, iqtisadi-ticarət, təhsil, turizm və terrorizmə qarşı mübarizə də daxil olmaqla digər sahələrdə əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Üçtərəfli siyasi məsləhətləşmələrin müntəzəm əsasda keçirilməsi və bu formatda əməkdaşlığın yüksək səviyyədə davam etdirilməsi barədə razılıq əldə olunub. (Sputnik)

Reaksiya.az


 



 

Advertisement Banner

Şərhlər