Deputatlar Qarabağda: Bakının qisas hücumuna hazırlıq?

05.05.2018 13:07     Siyasi reaksiya     1479

Bu səfərin əsas qayəsini Dağlıq Qarabağın müdafiə edilməsi məsələsi təşkil edir.

Bu sözləri Ermənistan parlamentinin bir qrup deputatının qondarma Dağlıq Qarabağa səfərini şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloqun sözlərinə görə, ermənilər ölkədə hakimiyyət dəyişikliyinin baş verib-verməməsindən asılı olmayaraq, Azərbaycanın öz torpaqlarını azad etmək üçün əvvəl danışıqlar yoluna baş vuracağından və bu da heç bir nəticə vermədiyi təqdirdə hərb yolunu seçəcəyindən ehtiyatlanırlar:

“Bundan başqa, onları daha çox narahat edən digər bir məsələ Ermənistandakı proseslərin uzanması nəticəsində bunun idarəçiliyin ciddi surətdə laxlamasına gətirib çıxaracağıdır. Eyni zamanda, Ermənistanın daxili və xarici siyasətinin zəifləyəcəyi təqdirdə Bakının bundan istifadə etməyə çalışacağını yaxşı başa düşürlər. İrəvan qəzetləri mütəmadi olaraq yazır ki, Azərbaycan Ordusu Şuşanın işğal olunduğu 8 may gününü qisas günü kimi qeyd etmək istəyir və bu səbəbdən də təmas xətti boyunca qoşunların yerdəyişməsi həyata keçirir və taktiki hazırlıqlar aparır. Ermənistan nümayəndə heyətinin qondarma rejimin “rəhbəri” Bako Saakyanla əsasən bu istiqamətdə müzakirələr apardığını güman edirəm”.

Politoloq müzakirədə Qarabağın müdafiəsi ilə yanaşı, başqa aspektlərin də gündəmdə olduğu ehtimal edib:

“Söhbət İrəvana qoşun yeridiləcəyi təqdirdə bunun qondarma DQR-in müdafiəsinə təsiri məsələsindən gedir. Belə informasiyalar yayılır ki, mayın 8-də baş nazir seçilməzsə və bu fonda ölkə paytaxtı iflic vəziyyətinə düşərsə, Rusiyanın göstərişi ilə Ermənistana müəyyən qüvvələr yeridiləcək. Rusiya ilk vaxtlar İrəvan xüsusi təyinatlılarını bu prosesə qata bilər. Çünki Moskva işin əsas hissəsini erməni hərbi qüvvələrinin yerinə yetirməsini istəyir. Böyük ehtimalla, Saakyanla da haradan və nə qədər qoşunun çıxarılması müzakirə edilib. Hətta ölkədə fövqəladə vəziyyət elan edilsə, küçələrdə bu rejimi gözləmək üçün tankların lazım olacağı da istisna edilmir. Digər mühüm bir məsələ isə bunun qondarma DQR-in müdafiə qabiliyyətinə təsiri ilə bağlıdır”.

Politoloq onu da əlavə edib ki, hazırda Ermənistan gündəmində duran əsas məsələ Paşinyan problemini həll etmək, ölkədə hakimiyyətsizliyi aradan qaldırmaq və sabitliyi, qayda-qanunu bərpa etməkdir: “Ermənistan siyasi elitasında bu istiqamətdə müxtəlif variantların nəzərdən keçirildiyi şəksizdir”.

Qeyd edək ki, Ermənistan parlamentinin bir qrup deputatı ötən gün işğal edilmiş Dağlıq Qarabağa gəlib. Hakim Respublika Partiyasının fraksiya rəhbəri Vaqram Baqdasaryan, Çarukyan Blokunun üzvləri Naira Zöhrabyan, Mikayel Melkumyan, Yelk Blokundan deputat Ararat Mirzoyan və Daşnaksutyundan Armen Rüstəmyan separatçı rejimin başçısı Bako Saakyanla görüşüb.

Görüşdə Ermənistandakı son vəziyyətlə müzakirələrin aparıldığı iddia edilir.(axar)

Reaksiya.az

Şərhlər

Çox oxunanlar