Azərbaycan beynəlxalq KİV nümayəndələrinin Qarabağa getmələrinə icazə verib | Reaksiya

Azərbaycan beynəlxalq KİV nümayəndələrinin Qarabağa getmələrinə icazə verib

Hikmət Hacıyev: "Biz xarici KİV nümayəndələrinə bu səfər əsnasında tamamilə viran edilmiş Ağdam, Cəbrayıl, Füzuli və digər rayonlara da getməyi tövsiyə edirik"

Ermənistanın yeni baş naziri Nikol Paşinyan bu gün Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə gələrək, Xankəndidə yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirəcək.


Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Reaksiya.az-a bildirib ki, artıq "Financial Times", "Associated Press", "Agence France Press" kimi media qurumları rəsmi məktubla Azərbaycan XİN-ə müraciət edərək işğal olunmuş ərazilərə səfər etmək üçün Azərbaycan hökumətinin icazəsini xahiş edib: "Sözügedən beynəlxalq KİV-lərin ölkəmizin qanunlarına, ərazi bütövlüyü və suverenliyinə, həmçinin beynəlxalq hüquqa hörmətlərini nəzərə alaraq onların nümayəndələrinin işğal olunmuş ərazilərimizə səfərinə etiraz edilməyib".

"Ümidvarıq ki, bu səfər əsnasında beynəlxalq KİV nümayəndələri Azərbaycanın işğal olunmuş Laçın rayonu və Dağlıq Qarabağ bölgəsi ilə hərəkət edərək bu ərazilərin köklü azərbaycanlı sakinlərinə qarşı işğal nəticəsində törədilmiş etnik təmizləmə və onların mülkiyyətinin, Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan edilməsi ilə yerindəcə tanış ola biləcəklər" — H.Hacıyev bildirib.

"Biz xarici KİV nümayəndələrinə bu səfər əsnasında tamamilə viran edilmiş Ağdam, Cəbrayıl, Füzuli və digər rayonlara da getməyi tövsiyə edirik. Amma təcrübə göstərir ki, Ermənistan tərəfi onların Xankəndidən kənara çıxmasına imkan verməyəcək", — deyə o, qeyd edib.

Reaksiya.az

 

Advertisement Banner

Şərhlər