Kremlin ehtiyat Qarabağ ssenarisi - “sayğac” işə düşüb

Ermənistanda baş nazir dəyişikliyi Rusiya üçün yeni situasiya yaradıb; Rusiyada DÇ-2018 bitəndən sonra Kremlin Qarabağ kartı da açıla bilər  

Ermənistanda rəngsiz inqilab birinci hədəfinə çatsa da, Nikol Paşinyan küçə etirazları sayəsində baş nazir olsa da, ermənilərin ayağı küçələrdən yığışmır. Lokal etirazlar davam edir. Bu da o deməkdir ki, işğalçı ölkədə post-inqilab dövrü hələ tezliklə bitənə oxşamır.   

Artıq Paşinyan da fərqindədir ki, Ermənistanda pis bir ənənənin əsasını qoyub. İndi hamı öz probleminin zor gücünə, dövlət qurumuna təzyiq göstərməklə həll olunacağına əminlik hasil edib. Belə çıxır, günün birində kütlə öz kumiri Paşinyandan məyus olarsa, ona qarşı da etiraza, yəni əks-inqilaba qalxa bilər. “Yeni Müsavat” xəbər verir ki, hadisələrin bu cür inkişafı artıq Nikol Paşinyanı narahat eləməyə başlayıb və o, müxtəlif məsələlərlə bağlı etiraza qalxanları “pauza götürməyə” çağırıb.

“Biz hamımız sakit şəkildə problemlərin müzakirəsinə və həllinə girişmək üçün pauzaya ehtiyac duyuruq. Əgər hər şeyi birdəfəlik həll eləmək istəsək, hər şeyi korlayacağıq”, - deyə o, dünən İrəvanda media nümayəndələrinə bildirib. Onun sözlərinə görə, hazırda Ermənistanda aksiyaların qarşısının alınması mexanizmləri işləmir.

“Amma vətəndaşlar başa düşməlidirlər ki, bütün problemləri bir dəfəyə çözmək mümkün deyil” - Paşinyan deyib. Baş nazir habelə, vətəndaşların ayrı-ayrı vəzifəli şəxslərin istefasını tələb eləməsini də doğru saymadığını deyib. “Bu məsələyə mərhələ-mərhələ yaxınlaşmaq lazımdır”, - o bildirib.

*****

Paşinyan ile ilgili görsel sonucu

N.Paşinyanın girişməli olduğu ən qəliz məsələlərdən biri isə əlbəttə ki, Qarabağ problemidir. Ona görə ki, bu problem yerindən tərpənməyincə Ermənistanda köklü islahatları tamamlamaq mümkün olmayacaq. Ən azından Qarabağ məsələsi “sualtı daş” kimi siyasi rəqiblər və ya Moskva tərəfindən onun ayağı altına atılacaq. Xüsusən də Moskvanın Paşinyana şübhəli nəzərlərlə baxması bu ehtimalı gücləndirir ki, zəiflətmir. Soçi görüşündən sonra bu şübhələr azalmayıb.

Siyasi şərhçilərin həm Qarabağ, həm də digər mövzularda maraqları proqnozları var.        

“Rusiyanın Qarabağ probleminin gələcəyi ilə bağlı hazır həll variantları var”. Bu fikri axar.az- a politoloq Tofiq Abbasov deyib. Onun sözlərinə görə, Moskva Qarabağla bağlı ehtiyat planını elə də uzaq olmayan bir zamanda işə salacaq. “Rusiya münaqişə bölgəsi ilə bilavasitə həmsərhəddir və hər iki dövlətlə - Azərbaycan və Ermənistanla çox genişformatlı münasibətlərə malikdir. Xarici qüvvələr isə durmadan Rusiyanın sərhədləri boyunca gərginlik nöqtələrini artırmağa və köhnə münaqişəli vəziyyətləri alışdırmağa çalışırlar”, - deyə o qeyd edib.

Müəllif hesab edir ki, Rusiyanın həm Ermənistanda, həm də Cənubi Qafqazda böyük maraqlarının olduğu nəzərə alınsa, o zaman Kremlin Qarabağ probleminin gələcəyi ilə bağlı hazır həll variantlarının olduğunu söyləmək olar. “Rusiya fövqəl və dünya siyasətində xüsusi yeri olan bir məmləkətdir. Bir halda ki, Rusiyanın qonşuluğunda dondurulmuş problem var, Moskvanın da bununla bağlı yanaşmasının olması təbiidir” - politoloq deyib.

Politoloq onu da bildirib ki, Paşinyanın hakimiyyətə gəlməsi Rusiya elitası qarşısında bir neçə məsələ qaldırıb:

“Birincisi, Paşinyan bəzi şüarları ilə özünü faktiki olaraq yeni dilemmalar qarşısında qoyub. Siyasətçinin sözündən çox əməli vacibdir. Əgər Paşinyan hələ meydanlarda olarkən səsləndirdiyi şüarları davam etdirsə, Rusiyanın maraqlarına zərbə endirmiş olacaq. Çünki onun tələbləri daha çox anti-Rusiya xarakterli idi. Ancaq hakimiyyətə gəldikdən sonra Paşinyanın bəzi təlaşları özünü göstərib və o, tonunu dəyişib. Rusiya bundan sonra daha çox Paşinyanın hərəkətlərinə fikir verəcək. Əgər o, Qərbi seçməsə, onda Rusiya Ermənistanı köhnə, yəni pro-Rusiya məcrasına gətirməyə çalışacaq. Yox, qərbpərəst siyasi kurs yeridərsə, Rusiya Ermənistanın əldən çıxmaması üçün korrektələr etməyə çalışacaq”.

Rus qoşunları ile ilgili görsel sonucu

Ekspertin fikrincə, burada söhbət təkcə Gümrüdəki bazadan getmir. “Rusiya istənilən vaxt oraya daha geniş hərbi qüvvə yeridə bilər. Çünki Ermənistan İran və Rusiya sərhədində Rusiya hərbiçiləri var. Rusiya iki əsrdən artıqdır ki, Ermənistana yatırımlar edir və bu mənada bölgədə Ermənistanla bağlı söz haqqı var. Bu proseslərin nə dərəcədə intensiv olacağını və hansı formada həllini tapacağını yaxın gələcək göstərəcək. İstənilən halda Rusiya öz təsirini Ermənistanda saxlamaqda israrlı olacaq”, - deyə o əlavə edib.

*****

Kremlin Ermənistanı öz orbitində saxlamaq üçün rıçaqları isə rəngarəngdir. İkisi deyildi - Dağlıq Qarabağ məsələsi ilə manipulyasiya və işğalçı ölkədəki hərbi kontingent. Bundan əlavə, iqtisadi təzyiq vasitələri də işə salına bilər. Ancaq böyük ehtimalla, Rusiyada iyunun 15-dən iyulun 15-dək nəzərdə tutulmuş futbol üzrə dünya çempionatı başa çatmamış bu yöndə hansısa sərt hərəkətliliyin şahidi olmayacağıq. Çünki Putindən ötrü bu böyük idman tədbiri hər şeydən öncə özünün və ölkəsinin imic məsələsidir.

Rus qoşunları ile ilgili görsel sonucu

Üstəlik, ona qədər Moskva Paşinyanı daha yaxşı dişinə vura, onun xarici siyasət oriyentirləri ilə daha müfəssəl tanış ola biləcək. Eyni zamanda Ermənistan daxilində o vaxta siyasi qüvvələr nisbətində mənzərə üzə çıxacaq ki, bu da rəsmi Moskvaya daha çox hansı qüvvə ilə yola davam eləməklə bağlı suala aydınlıq gətirə bilər.

*****

“Ermənistan Respublika Partiyasının rəhbər şəxsləri hələ də Rusiyadan mesajlar almağa davam edir”. Bu barədə erməni nəşri “Jamanak” yayıb. Qəzet Rusiyanın hələ də Respublika Partiyasının birliyinin qorunmasında maraqlı olduğunu bildirib. Sitat: “Rusiya hesab edir ki, yeni hökumətin formalaşması başa çatanadək Respublika Partiyası parlamentdəki üstünlüyünü qoruyub saxlamalıdır. Rusiya hələ də Respublika Partiyasını yeni seçkilər keçirilənə qədər parlamentdə yeganə legitim çoxluğa sahib olan partiya hesab edir”.

İstənilən halda, belə görünür ki, Nikol Paşinyan üçün geri sayım artıq başlayıb. Moskva mayın 8-də, Şuşanın işğal günü onun üçün “sayğac”ı işə salıb. Zamanın kimə işlədiyini tezliklə biləcəyik...

Reaksiya.az

Advertisement Banner

Şərhlər