Dağlıq Qarabağdakı separatçılarla İrəvan arasında qarşıdurma

Ermənilər Azərbaycan ordusunu Xankəndinə çağırır; Akif Nağı: “Şərait əlverişlidir, başlamaq lazımdır”

Azərbaycanın işğal olunmuş ərazilərində qurulan separatçı Dağlıq Qarabağ rejimi ilə Ermənistanın yeni hakimiyyəti arasında münasibətlər gərginləşir. Son günlər Xankəndində baş qaldıran etiraz aksiyalarının da arxasında rəsmi İrəvanın dayandığı ehtimal edilir. Ermənistanın baş naziri Nikol Paşinyanın Serj Sərkisyana bağlı olan Dağlıq Qarabağ separatçılarının başçısı Bako Saakyanı bu yolla vəzifəsindən uzaqlaşdırmaq istədiyi qeyd olunur.

Yaranmış vəziyyət artıq rəsmi İrəvana müraciətlərin edilməsinə səbəb olub. Bu müraciətlərdən biri separatçı rejimin liderinin müşaviri Artur Ağabekyan tərəfindən edilib. Ağabekyan müraciətində İrəvanı “özünə gəlməyə” səsləyib. Ağabekyan qondarma rejimin “təhlükəsizlik xidmətinin rəhbəri” olan Arşavir Kərəmyanın istefasının qəbuledilməz olduğunu və guya məhz onun aprel müharibəsindən sonra Xankəndinin “özünə gəlməsində” mühüm rol oynadığını bildirib. Digər önəmli məqam isə müraciətdə Xankəndinin Ermənistan hökumətindən aksiyalarla bağlı mövqeyini dilə gətirməsi və Qarabağa nümayəndə heyətini göndərməsi tələbinin yer alması olub.

Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan isə Dağlıq Qarabağ bölgəsində son günlər baş verən hadisələrə dair bəyanat verib. Virtualaz.org xəbər verir ki, o, Ermənistan hakimiyyətini “maksimal sürətlə və operativ şəkildə situasiyaya müdaxilə etməyə”, Dağlıq Qarabağdakı qondarma rejimə dəstək verməyə çağırıb.

Levon Ter-Petrosyan əmindir ki, hərbi vəziyyətin hökm sürdüyü Dağlıq Qarabağ rəhbərliyinə təzyiqlərə yol vermək olmaz. Onun fikrincə, Qarabağdakı vəziyyətin sabitləşməsi naminə eks-prezidentlər Robert Köçəryan, Serj Sərkisyan, habelə Arkadi Qukasyan və Samvel Babayan öz nüfuzlarından istifadə etməyə borcludur. Hətta hazırda həbsdə olan Samvel Babayanın bu məqsədlə dərhal azadlığa buraxılması lazım gəlsə belə.

Xankəndində iyunun  4-də küçələri bloklayan etiraz aksiyasında Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi şüarları səsləndirilib.

Erməni siyasi şərhçi Sarqis Artsruni yazır ki, Qarabağın Ermənistana birləşdirilməsi şüarları təhlükəlidir: “Bu təhlükəli presedentdir və Qarabağda daxili parçalanmaya gətirib çıxara bilər. Həmçinin bu tələblər danışıqlar prosesində təhlükəli kontekst yarada bilər və Azərbaycan bundan istifadə edə bilər”.

Erməni politoloq Artur Osipyan deyib ki, Qarabağda yaşayan ermənilərin qondarma rejimin “güc strukturları” tərəfindən döyülməsi hadisəsi adi hal alıb: “İnsanlar artıq bu vəziyyətdən beziblər. Qarabağa Bako Saakyan və bir neçə general nəzarət edib. Onlar 20 ildir insanları qarət edir, amansızlıq göstərirlər”.

Ä°lgili resim

Erməni sosioloq David Karabekyan etiraf edib ki, Qarabağ İrəvan tərəfindən idarə olunur: “Biz eyniyik, sadəcə olaraq, hər şey süni şəkildə bölünüb və guya elə təqdim edirlər ki, ayrıca respublikayıq. Bunun belə olmadığını hər kəs bilir. Bu baxımdan, İrəvanda hakimiyyətin dəyişməsi ilə nəticələnən aksiyalardan sonra Xankəndindəki ermənilər də ayağa qalxıb. Xankəndindəki rejim kriminal qaydalarla hərəkət edir”.

Erməni sosioloq onu da əlavə edib ki, rejimdən bezən Qarabağdakı ermənilər hansı yolla olursa-olsun, xilas olmaq istəyirlər.

“Hətta elə insanlar var ki, xilas yolunun İrəvandan, yoxsa Bakıdan gəlməsinin fərqinə varmırlar. Azərbaycan ordusu Xankəndinə gəlsə və erməniləri mövcud rejimdən xilas etsə, hər kəs onlara təşəkkür edəcək. Yəni vəziyyət o həddə çatıb”, - deyə o bildirib.

Siyasi ekspertlər Dağlıq Qarabağın seperatçı rejiminin artıq laxladığını bildirirlər və hesab edirlər ki, Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistandakı və Dağlıq Qarabağdakı prosesləri diqqətlə izləyib, buna uyğun gedişlər fikirləşməlidir.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı ile ilgili görsel sonucu

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Yeni Müsavat”a açıqlamasında Azərbaycanın Dağlıq Qarabağdakı yaranmış vəziyyətdən təcili istifadə edib öz ərazilərində hərbi əməliyyatlara başlamasının vacib olduğunu bildirib:“İşğal altındakı Dağlıq Qarabağda bir neçə gündür mitinqlər başlayıb. Ermənistanın yeni hakimiyyəti ilə qondarma rejim arasında qarşıdurma olduğu hiss edilməkdədir. Biz heç olmasa bu dəfə yaranmış fürsətdən istifadə etməliyik. Ermnənistanda gedən prosesləri diqqətə izləməli, anında hərəkət etməliyik. Biz belə düşünürük, hakimiyyət də elə düşünürmü, bilmirik. Ənənəvi olaraq Rusiya Qarabağ ermənilərinə arxalanıb, öz mədsədləri üçün onlardan istifadə edib. Hətta Ermənistanda hakimiyyəti də Dağlıq Qarabağ ermənilərinin əli ilə dəyişib. İndi də Rusiyanın öz istəklərinə nail olması, Ermənistanda istədiyi hakimiyyəti iş başında oturtması üçün proseslər Dağlıq Qarabağdan başlaya bilər. Və yaxud paralel bir neçə yerdən, o cümlədən Qarabağdan başlaya bilər. Bu isə İrəvanla separatçı rejimin münasibətlərini gərginləşdirəcək. Ermənistanın özündə vəziyyət indi çox gərgindi, bir azdan daha gərgin ola bilər. Bu, Azərbaycanın hərəkətə keçməsi üçün münbit şərait yaradır. Dağlıq Qarabağda narazılıq onsuz da var idi, əhali hərbi diktatura rejimi ilə nəzarətdə saxlanılır, Serj Sərkisyan ”özlərindən" olduğuna görə dözürdülər, indi əl-ayaqları açılıb. Ona görə də hadisələr daha sərt ssenari əsasında gedə bilər. Hiss olunur ki, Dağlıq Qarabağdakı hərbi hissələrdə də qarşıdırma meylləri var. Bir sözlə, artıq elə bir vəziyyət yaranır ki, Azərbaycan əməliyyatlara başlasa işğalçı ordu daha tez demoralizasiya olub sıradan çıxa bilər. Şərait əlverişlidir, başlamaq lazımdır"

Reaksiya.az

Advertisement Banner

Şərhlər