İrəvan qapalı görüşdə Moskvadan Bakı ilə bağlı nə istəyəcək?

06.06.2018 11:24     Siyasi reaksiya     939

Ermənistanın xarici işlər naziri Zoqrab Mnasakanyan bu gün Moskvaya ilk səfərini edir. 6-7 iyun tarixində davam edəcək səfər zamanı erməni nazir Rusiya parlamentinin nümayəndələri, Moskvada təhsil alan erməni tələbələr, ən nəhayət, Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşəcək. Bu görüş Ermənistanda Paşinyanın hakimiyyətə gəlişindən sonra həm İrəvan-Moskva münasibətləri, həm də Dağlıq Qarabağ münaqişəsi baxımından diqqətçəkəndir. Nəzərə alsaq ki, keçmiş xarici işlər naziri Edvard Nalbandyan birbaşa “Kremlin əmirlərini” yerinə yetirirdi, o zaman daha çox Qərbyönümlü mövqeyi ilə tanınan Mnasakanyanın ruslar üçün Paşinyan qədər heç də arzuolunan olmadığını deyə bilərik. Görünür, Mnasakanyanla Lavrovun görüşü də daha çox tanışlıq xarakteri daşıyacaq. Amma yenə də ermənilər üçün çətin dövrün başladığını deyə bilərik. Çünki Moskva yeni hakimiyyətin də sələfi kimi yeni hakimiyyətin də özü ilə hesablaşmasını istəyəcək.

Son günlər Ermənistan-Rusiya xəttində diplomatik trafik güclüdür.

İki gün öncə Rusiyanın Ermənistana təyin etdiyi yeni səfiri Serqey Kopırkin etimadnaməsini xarici işlər naziri Mnasakanyana təqdim etdi. Elə həmin gün Ermənistanın müdafiə naziri David Tonoyan iki tərəfli görüş keçirmək və MDB ölkələrinin müdafiə nazirlərinin görüşündə iştirak etmək üçün Moskvaya yola düşdü. Rusiyanın “Vesti” telekanalı Ermənistan prezidenti Armen Sarkisyandan müsahibə aldı, bu gün isə Zoqrab Mnasakanyan rus torpaqlarına uçdu. İrəvan indiki situasiyada rusları “incik” salmamaq üçün olduqca dostcanlı görünür, lakin bu nə qədər belə davam edə bilər? Hər halda Lavrov-Mnasakanyan görüşü bu proseslər fonunda əhəmiyyətlidir.

Erməni siyasi şərhçi Aram Amatuni yazır ki, Rusiya-Ermənistan bir-birinə möhtac olduqlarını anlayır və sıx təmaslar qururlar: “Lakin bunun müsbət, yoxsa mənfi olduğunu indidən demək çətindir. Çünki əvvəlki hakimiyyət Ermənistanı Rusiyanın vassalı etmişdi və bu vəziyyət hələ ki, tamamilə dəyişməyib. Ruslar yeni hakimiyyətdən də onu istəyəcək”.

Lavrov-Mnasakanyan görüşündə ən mühüm məqam Dağlıq Qarabağ münaqişəsilə bağlı olacaq. Xüsusilə Nikol Paşinyanın Azərbaycanı işğal edilmiş torpaqlarına gələrək, nümayişkaranə tərzdə “Qarabağ danışıqlarda əsas tərəf olmalıdır” açıqlamasından sonra rusların ermənilərə birbaşa təmasda nələr deyəcəyi maraqlıdır.

Paşinyanın bu mövqeyi ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlara ziddir, eləcə də bu, təmas xəttində eskalasiyanın yenidən başlamasına işarə ola bilər. Rusiya XİN-in nümayəndəsi Artyom Kojin Paşinyanın bu bəyanatını qeyri-konstruktiv adlandırdı, hərçənd, sonradan bu açıqlama təhrif olundu, amma yenə də mesajın yerinə çatdığını düşünə bilərik.

Əslində Paşinyanın müharibəyə səbəb ola biləcək açıqlamasının “ayaq tutub yeriməsi” rusların da marağına uyğun deyil. Çünki Qarabağda alovlana biləcək hər hansı qığılcım Rusiya-Qərb qarşıdurmasında Moskvanın ziyanınadır.

Bu baxımdan, Moskva görüşündə Lavrovun Mnasakanyana yumşaq və gərginliyi artıracaq açıqlamalar verməməklə bağlı müəyyən tövsiyələri ola bilər. Əsasən də görüşün qapalı hissəsində bu məsələləri başa salacaq. İşğalçı ölkənin yeni populist rəhbərliyinin bu tövsiyələri nə qədər dinləyəcəyinə və nə qədər əməl edəcəyinə sonrakı mərhələdə şahid olacağıq.

Sonuncu məqam isə Mnasakanyanın Paşinyanın Putindən istədiyini Lavrovdan diləməsi ehtimalıdır. Söhbət Azərbaycan-Rusiya hərbi əməkdaşlığından gedir. Güman ki, Mnasakanyan rusiyalı həmkarına Moskvanın Bakıya silah satmamasını istədiklərini çatdıracaq. Rusların buna cavabı isə məlumdur.(publika)

Reaksiya.az

Şərhlər