Prezident İlham Əliyev: "Gəncədəki terror aktlarının dini şüarlar altında törədilməsi İslam dininə qarşı ən böyük cinayətdir"

Bu cinayətləri törədən terrorçu qruplaşma Azərbaycanda sabitliyi pozmaq istəyir. Bu cinayətlərin əsas məqsədi bundan ibarətdir. Bu qanlı terror aktları cəmiyyətdə gərginlik yaratmaq və cəmiyyətimizi qorxutmaq məqsədilə törədilib.

Reaksiya.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev respublikanın hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda söyləyib.

Bu terror aktlarının dini şüarlar altında törədildiyini deyən dövlətimizin başçısı vurğulayıb ki, bu, özlüyündə İslam dininə qarşı ən böyük cinayətdir. Çünki İslam sülh, mərhəmət dinidir. Azərbaycan dövləti və Azərbaycan xalqı öz milli, dini dəyərlərini daim qoruyur. Azərbaycan İslam mədəniyyətini dünyada ən çox təbliğ edən ölkələrdən biridir. Bildiyiniz kimi, ötən il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunub, İslam Həmrəyliyi Oyunları keçirilib. Bu il Naxçıvan İslam mədəniyyətinin paytaxtı şəhəridir. Bir neçə il əvvəl Bakı şəhəri bu şərəfli ada layiq görülüb. Müsəlman ölkələrini birləşdirən İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanda dini sahədə görülən işlərə ən yüksək qiymət verir. Azərbaycan dövlətinin xətti və dəstəyi ilə dövlət vəsaiti hesabına bizim tarixi-dini abidələrimiz tam bərpa olunub, yenidən qurulub, yeni məscidlər tikilib. Yəni, bir daha demək istəyirəm ki, bu cinayəti dinimizə bağlamaq istəyənlər dinimizə qarşı ən böyük cinayət törədiblər.(AZERTAC)

 

Reaksiya.az

Advertisement Banner

Şərhlər