“Bu cinayətkarlar müsəlman deyillər...” - Prezidentdən Gəncə hadisələrinə qətiyyətli mövqe və ünvanlı mesajlar

14.07.2018 17:00     Siyasi reaksiya     2034

Hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşdə dövlət başçısı İlham Əliyev Gəncədə baş verənləri terror kimi qiymətləndirdi; “Bizim siyasi iradəmizə heç bir qüvvə təsir edə bilməz, tutduğumuz yoldan heç kim döndərə bilməz” deyən dövlət başçısı Azərbaycanda siyasi sabitliyi pozmaq istəyən qüvvələrə sərt mesajlar göndərdi

İyulun 13-də prezidenti İlham Əliyevin yanında respublikanın hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə iclas keçirilib. Dövlət başçısı həm Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin vurulmasına və iyulun 10-da bir qrup terrorçunun iki polis zabitini qətlə yetirməsinə sərt mövqeyini ortaya qoyub.

“İyulun 3-də və 10-da Gəncə şəhərində baş verən qanlı cinayətlər dövlətçiliyimizə qarşı törədilmiş cinayətlərdir” deyən dövlət başçısı terrorçu qruplaşmaların Azərbaycanda sabitliyi pozmaq istədiyini vurğulayıb. İlham Əliyev deyib ki, bu terror aktlarının əsas məqsədi cəmiyyətdə gərginlik yaratmaq və cəmiyyətimizi qorxutmaqdır. Dövlət başçısı bu terror aktlarının dini şüarlar altında pərdələndiyini xatırladaraq, “Bu, özlüyündə İslam dininə qarşı ən böyük cinayətdir. Çünki İslam sülh, mərhəmət dinidir. Azərbaycan dövləti və Azərbaycan xalqı öz milli, dini dəyərlərini daim qoruyur”deyib.

 

 

gəncədə polislər ile ilgili görsel sonucu

Prezident  Azərbaycanın İslam mədəniyyətini dünyada ən çox təbliğ edən ölkələrdən biri olduğunu, ötən il ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunduğunu, İslam Həmrəyliyi Oyunları keçirildiyini yada salıb: “Azərbaycan dövlətinin xətti və dəstəyi ilə dövlət vəsaiti hesabına bizim tarixi-dini abidələrimiz tam bərpa olunub, yenidən qurulub, yeni məscidlər tikilib. Yəni bir daha demək istəyirəm ki, bu cinayəti dinimizə bağlamaq istəyənlər dinimizə qarşı ən böyük cinayət törədiblər”. Prezident çıxışını daha sərt mövqe ortaya qoyaraq davam etdirib: “Bu cinayətkarlar müsəlman deyillər...”

İ.Əliyev Azərbaycana qarşı terror planlarının arxasında dayananların heç vaxt öz məkrli planlarına çata bilməyəcəyini söyləyib: “Azərbaycan dövləti və Azərbaycan xalqı buna heç vaxt imkan verməyəcək”.

Gəncə olayları ile ilgili görsel sonucu

Dövlətimizin başçısı bu qanlı cinayətlərin xalq tərəfindən birmənalı pisləndiyini və bu cinayətləri törədənlərə qarşı nifrətin olduğunu yada salıb. “Bizim siyasi iradəmizə heç bir qüvvə təsir edə bilməz. Bizi tutduğumuz yoldan heç kim döndərə bilməz. Azərbaycanın müasir tarixi mənim dediklərimi dəfələrlə sübut edib. Kim ki, bizə qarşı çirkin niyyətlərlə hərəkət edib, özü bu hərəkətlərin qurbanı olub. Əvvəllər də belə olub, bu gün də belədir, bundan sonra da belə olacaq” deyə, dövlət başçısı bildirib.

Prezident yada salıb ki, müstəqillik tariximizdə ölkəmizə qarşı silahlı təxribatlar, terror aktları, dövlət çevrilişlərinə cəhdlər olub: “Onların biri də baş tutmadı. Bunun başlıca səbəbi ondan ibarətdir ki, Azərbaycanda xalq-iqtidar birliyi var. Mən dəfələrlə bu barədə öz fikirlərimi bildirmişdim, bir daha demək istəyirəm, xalq-iqtidar birliyi sabitliyimizin əsas şərtidir. Xalq-iqtidar birliyini heç bir qüvvə - nə xarici, nə daxili qüvvə sarsıda bilməz”.

“Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədə təmin edilir” deyən prezident  dünya miqyasında Azərbaycanın ən təhlükəsiz ölkələrdən biri olduğunu xatırladıb, “Azərbaycan xalqının rahat yaşaması üçün biz əlimizdən gələni edirik. Azərbaycan dövləti isə öz üzərinə düşən bütün vəzifələri şərəflə yerinə yetirir. Cinayətkar dəstə zərərsizləşdirilib, əməliyyat-axtarış işləri davam etdirilir. Bu cinayətlərdə əli olan bütün cinayətkarlar məsuliyyətə cəlb olunacaqlar”.

Azərbaycanın dünya miqyasında sürətlə inkişaf edən müasir dövlət olduğunu qeyd edən İ.Əliyev  “ona görə, əlbəttə ki, bizim uğurlarımıza kölgə salmaq, siyasətimizə təsir etmək istəyən qüvvələr müxtəlif üsullardan istifadə edirlər” deyib. Prezident bu qüvvələrin əməllərini belə sıralayıb: “Bizə qarşı çirkin kampaniyalar aparılır, qarayaxma, şər-böhtan kampaniyaları. Yalan, iftira üzərində qurulmuş bu kampaniyaların heç bir səmərəsi olmur. Bizə qarşı müxtəlif xarici mərkəzlərdən idarə olunan media qaralama kampaniyası aparılır. Bunun da heç bir səmərəsi olmur. Özünü hüquq müdafiəçisi adlandıran bir neçə qeyri-hökumət təşkilatı Azərbaycana qarşı gecə-gündüz şər-böhtan kampaniyası aparır. Bunun da nə ölkə daxilində, nə də ki, xaricdə heç bir təsiri olmadı”. 

Dövlət başçısı söyləyib ki, Azərbaycan xalqı bu yalanlara, bu böhtanlara inanmır: “Azərbaycan xalqı öz rəhbərliyinə inanır. Bu il keçirilmiş prezident seçkiləri bunu bir daha bütün dünyaya əyani şəkildə sübut etdi. Yəni, bu cəhdlər əbəsdir. Bizim siyasətimizə, bizim iradəmizə şər qüvvələr heç cür təsir edə bilmir. Onların son addımları göstərir ki, terrordan başqa əllərində bir şey qalmayıb. Bu da keçməyəcək, necə ki, əvvəlki illərdə keçməyib. Azərbaycan dövləti bu dəfə də öz gücünü göstərib və göstərəcəkdir. Bütün cinayətkarlar məsuliyyətə cəlb olunacaqlar, məhkəmə qarşısında, ədalət qarşısında, xalq qarşısında cavab verəcəklər. Bunu təmin etmək üçün bizim kifayət qədər gücümüz, imkanlarımız var”.

Dövlət başçısı sonda cinayətkarların bir hissəsinin həbs edildiyini açıqlayıb: “Operativ əməliyyat-axtarış tədbirləri davam etdiriləcək. Tam əminliklə deyə bilərəm ki, heç kim məsuliyyətdən boyun qaçıra bilməyəcək. Azərbaycan xalqı isə tam əmin ola bilər ki, Azərbaycan bundan sonra da inkişaf, tərəqqi yolu ilə gedəcək. Biz bundan sonra da öz siyasətimizi aparacağıq, Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin edəcəyik”.

***

Prezidentin çıxışında öncəliklə diqqəti çəkən əsas məqam budur ki, dövlət başçısı baş vermiş hadisələrin “din adı altında” pərdələnməsi versiyasını qətiyyətlə rədd edir, bu hadisəni məhz dövlətə və dövlətçiliyə qarşı xaricdə hazırlanmış məkrli plan, birmənalı terror kimi qiymətləndirir.

Dövlət başçısı çıxışının məhz sonrakı hissəsində Azərbaycanın İslam mədəniyyətinə verdiyi töhfələri, xalqını dini-mənəvi dəyərlərinə daima yüksək dəyər verildiyini, məscidlərin bərpasının və tikilməsini yada salaraq baş verənlərin dinlə heç bir əlaqəsi olmadığını bir daha bəyan edib. “Bəs bu planların arxasında duranlar kimdir və hansı qüvvələrdir” kimi suallara prezidentin çıxışında cavab tapmaq mümkündür: “Azərbaycanın inkişafını istəməyən xarici mərkəzlər...”

Dövlət başçısının çıxışında diqqətçəkən daha bir mühüm məqam Azərbaycanın inkişafı kontekstində vurğuladığı “bizim siyasi iradəmizə heç bir qüvvə təsir edə bilməz”,  “tutduğumuz yoldan bizi heç kim döndərə bilməz” kimi qətiyyətli mövqeyidir. Bu, siyasi təhlilçilər üçün açar ifadələrdir və iyunun 3-də və 10-da baş verənləri ən müxtəlif tərəflərə yozanlara,  terrorçuları ən müxtəlif qüvvələrə  bağlayanlara “yol xəritəsidir”. 

Prezidentin çıxışında xüsusi qeyd ediləsi daha bir məqam da bu terror qruplaşmasının əməlinin  hədəfində böyük mənada Azərbaycanın müstəqilliyinin olması barədədir. “Onların son addımları göstərir ki, terrordan başqa əllərində bir şey qalmayıb. Bu da keçməyəcək, necə ki, əvvəlki illərdə keçməyib. Azərbaycan dövləti bu dəfə də öz gücünü göstərib və göstərəcəkdir” deyə, prezident bildirib.

Nəhayət, ən mühüm məqam dövlət başçısının ölkəmizin təhlükəsizliyi ilə bağlı söylədikləridir. Prezidentin çıxışının əsas ana xəttində məhz xalqın və dövlətin təhlükəsizliyi məsələsidir.

“Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədə təmin edilir. Dünya miqyasında Azərbaycan ən təhlükəsiz ölkələrdən biridir. Azərbaycan xalqı sülh, əmin-amanlıq, təhlükəsizlik şəraitində yaşayıb yaradır, qurur. Azərbaycan xalqının rahat yaşaması üçün biz əlimizdən gələni edirik” deyən prezident çıxışının sonunda da bir daha bu məsələyə qayıdıb: “Azərbaycan xalqı tam əmin ola bilər ki, Azərbaycan bundan sonra da inkişaf, tərəqqi yolu ilə gedəcək. Biz bundan sonra da öz siyasətimizi aparacağıq, Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin edəcəyik”.(Musavat.com)

Şərhlər