“Azərbaycan öz torpaqlarını azad etməlidir” - ZAXAROVANIN REPERTUARI DƏYİŞƏN DEYİL

20.07.2018 13:47     Siyasi reaksiya     794

Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Brüssel görüşünü şərh edib. Rusiya XİN sözçüsü bildirib ki, tərəflərin qurduğu istənilən konstruktiv münasibətlər problemin nizamlanmasının əsas məqsəd və vəzifələrinə nail olmağa xidmət etməlidir:
 
"Biz hər iki tərəfin münaqişənin tam nizamlanması və ya heç olmasa, dialoqun davam etdirilməsi istiqamətində addımlarını dəyərləndiririk”. Münaqişənin həlli prosesində həmsədr rolunu oynayan bir dövlətin rəsmisi "heç olmasa, dialoq davam etdirilir” şəklində bir açıqlama verir. Məsələ ondadır ki, dialoqların davam etməsi, daha doğrusu, tərəflər arasındakı təmasın indiki şəkildə sürdürülməsi münaqişənin həllinə töhfə vermir . Elə əsas problem də ondadır ki, münaqişənin həllini həvalə etdiyimiz vasitəçilər status-kvonun saxlanmasına çalışır və mənasız dialoqların davam etdirilməsində israr edirlər.
 
Politoloq Əhəd Məmmədli "Şərq”ə açıqlamasında Mariya Zaxarovanın sözlərini ənənəvi Rusiya yanaşması adlandırıb: 
 
"Rusiyaya Dağlıq Qarabağ məsələsində status-kvo sərf edir. Belə olan halda hər iki tərəflə manipulyasiya etmək daha asan olur. Bu cür vəziyyət münaqişə tərəflərinin Rusiyanın nəzarətində qalmasına gətirib çıxarır. Zaxarova kimiləri üçün Qarabağın həlli önəmli deyil. Azərbaycan öz torpaqlarını azad etməlidir. Heç olmasa, bir hissəsini qaytarmalıdır. O zaman Zaxarova kimilərinin səs tonu dəyişəcək”.
 

Şərhlər