YAP-çı deputat İlqar Məmmədovu müdafiə etdi - REAL-dan reaksiya

18.08.2018 16:04     Siyasi reaksiya     1047

Aydın Mirzəzadə: “İlqar Məmmədovun azadlığa buraxılması müxalifət liderlərini narahat edir”

REAL Partiyasının sədri İlqar Məmmədovun 5 il yarımdan sonra azadlığa çıxmasından sonra demokratik düşərgə daxilində canlanma yarada biləcəyi, eləcə də, digər siyasi qurumlarla əməkdaşlıq edib-etməyəcəyi ilə bağlı müxtəlif mövqelər var. Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə unikal.org-a açıqlamasında REAL rəhbərinin azad olunmasına münasibət bildirərkən bır sıra diqqətçəkən fikirlər səsləndirib.

“Aydın məsələdir ki, ayrı-ayrı ənənəvi müxalifət liderləri öz zonasında yeni bir iddiaçının olmasında maraqlı deyil. Çünki, bu iddiaçı güclü iqtidardan deyil, məhz müxalifətin sosial bazasından öz tərəfdarlarını qoparacaq. Buna görə də, İlqar Məmmədovun həbsinin şərti cəza ilə azadlığa buraxılması müxalifət liderlərini narahat edir. Buna görə də müxtəlif versiyalar irəli sürürlər. Onun azadlığa çıxma məsələsinə kölgə salmağa və qısqanclıqla qarşılamağa çalışırlar. Bu gün müxalifətin müəyyən qanadları İlqar Məmmədov faktorunu sıradan çıxarmağa çalışırlar. Onu öz təsiri altına almağa, yaxud da onun yenidən səhv addımlar atmasına səy göstərirlər. Bu gün radikal müxalifət üçün İlqar Məmmədov həbsdə olması daha əlverişlidir. Çünki, belə olduğu halda onların sosial bazasına göz dikəcək bir rəqiblərini sıradan çıxarmış olurlar”-deyə, deputat bildirib.

Natiq Cəfərli ile ilgili görsel sonucu

REAL-ın İdarə Heyətinin üzvü Natiq Cəfərli “Yeni Müsavat”a deputatın fikirlərini bu cür şərh etdi: “Aydın Mirzəzadə daha açıq danışsa yaxşı olardı. Bəlkə onların əllərində hansısa faktlar var. İlqar Məmmədov bir neçə gündür azadlıqdadır. Azadlığa çıxdığı gün cib telefonu işləmirdi. Təbii ki, 5 il yarım həbsdə olan bir insanın nömrəsi deaktiv olmuşdu. Bütün müxalifət liderləri, o cümlədən, İsa Qəmbər, Arif Hacılı mənə zəng etdilər, təbriklərini çatdırdılar. İlqara da təbriklərini çatdırmağımı xahiş etdilər. Eyni zamanda, ev telefonunu istədilər ki, danışa bilsinlər. Bildiyim qədəri ilə Əli Kərimli də zəng edib, öz təbrikini çatdırıb. Bir çox müxalifət funksionerləri İlqarın evinə yaxud ofisimizə gələrək onunla görüşüblər. Ola bilsin ki, İlqarın azadlığa çıxması, gələcəkdə REAL-ın daha da güclənməsi bir müddətdən sonra bir çox siyasi partiyalarda müəyyən qısqanclıq yaratsın. Amma hələ ki ciddi şəkildə Aydın Mirzəzadənin dediyi bir vəziyyət yoxdur. Əgər onun əlində belə bir fakt, informasiya varsa, mətbuat vasitəsilə cəmiyyətlə bunu bölüşməsi daha doğru olardı. Bir düşərgə daxilində çaşqınlıq, qarşıdurma yaratmaq üçün də belə fikirlər ortaya atıla bilər. Aydın Mirzəzadə çalışa bilər ki, rəqib saydığı düşərgədə müəyyən söz-söhbətlərin yaranmasına şərait yaratsın. Aydın Mirzəzadə və digər YAP-çılara məsləhətim o olardı ki, bunu çox primitiv şəkildə etməsinlər. Heç olmasa bir düşünülmüş addımlar atsınlar”.

N.Cəfərli YAP funksionerinin fikirlərində müəyyən həqiqətlərin olduğunu da söylədi: “Qlobal götürdükdə, onun müxalifət düşərgəsinin bir siyasi rəqibin səhnəyə çıxmasını istəmir kimi fikirlərində müəyyən həqiqətlər var. Çünki REAL-ın sosial bazası ənənəvi müxalifətin bazası kimi deyil. Yarandığımız ilk günlərdən demişik ki, biz orta sinfin, orta sahibkarlığın, gəncliyin, tələbələrin, hətta dövlət vəzifələrində çalışan orta və kiçik məmurların, yeniliyin, rifahçıların, cümhuriyyətçilərin partiyası olmaq üçün çalışacağıq. Bizim hazırkı hədəflərimiz də budur. 68 səhifəlik proqramımız var. Çox yaxşı olardı ki, belə boş söhbətlər etməkdənsə, həm iqtidar, həm də müxalifət partiyaları normal şəkildə bir proqram ortaya qoysunlar. Nəticədə ideologiyalar üzərindən bir diskussiya ortamı yaransın. Açığı hazırda siyasət aləmindəki ortamı diskussiya ortamı adlandırmaq olmaz. Ortada qeybət ortamı var. Bu da çox üzücü bir haldır. İlqar Məmmədov azadlığa çıxdıqdan sonra digər siyasi partiyaların liderləri tərəfindən görüş üçün müraciət olsaydı, İlqar bəy bundan imtina etməzdi. Belə bir cəhdlərin olmaması suallar doğurur. Çünki bu günə qədər həbsdən çıxan siyasi məhbuslarla görüşə can atan müxalifət liderlərinin davranışını görmüşük. Görünür hələ ki, belə bir görüşə ehtiyac duymayıblar”.

Reaksiya.az

Şərhlər