Hər şeyə Moskva qərar vermir - Cənubi Qafqazda çaxnaşma olacaq

14.09.2018 13:47     Siyasi reaksiya     1280

Suriyanın İdlib bölgəsi ətrafındakı hadisələrin inkişafı Cənubi Qafqaz regionu müstəvisinə keçə bilər.
Bu barədə Rusiyanın tanınmış hərbi eksperti Pavel Felqenhauer erməni mediasına müsahibəsində deyib. Dağlıq Qarabağ müharibəsi ətrafında yaranan yeni vəziyyət, İrəvan-Moskva münasibətlərinin durumu, ABŞ və İran arasındakı qarşıdurmanın regiona təsiri və Türkiyə amilindən bəhs edən ekspert Cənubi Qafqaz regionunun gələcəyinə dair heç də nikbin proqnozlar verməyib. 



Felqenhauerə görə, əgər Türkiyə və Rusiya İdliblə bağlı kompromisə gələ bilməsələr, bu, Ankaranın Moskva və həmçin, Tehranla çox ciddi qarşıdurmasına gətirib çıxara bilər ki, bunun da təsiri son nəticədə özünü Cənubi Qafqazda göstərə bilər. Lakin rusiyalı ekspertin fikrincə, regiondakı proseslərə, xüsusən də Dağlıq Qarabağ münaqişəsinə İrəvan-Moskva münasibətlərinin inkişaf istiqaməti daha çox təsir edəcək. 

“Rusiya ilə Ermənistan arasında ciddi gərginlik və qarşılıqlı etimadsızlıq olsa da, münasibətlər hələ tam pozulmaq səviyyəsinə gəlib çatmayıb. Hətta etimadsızlıq da qarşılıqlı deyil, yəni məhz Moskva Nikol Paşinyan hökumətinə etibar etmir. Lakin hazırda Rusiya Ermənistanla əlaqələri tam pozmağa hazır deyil, çünki buna əsas da yoxdur. Moskvaya qarşıdurma və Qarabağda hərbi əməliyyatların bərpası lazım deyil. Region ətrafındakı mürəkkəb geosiyasi şəraitdə Dağlıq Qarabağda status-kvonun qorunub saxlanması indi Rusiyaya sərf edir. Amma belə nəticə çıxarmaq lazım deyil ki, Qarabağda heç nə baş verməyəcək... Çünki heç də hər şeyə Moskvada qərar verilmir. Münaqişənin nizamlanacağına dair hələ ki heç bir perspektiv yoxdur. Odur ki, vəziyyət çıxılmaz hal alarsa, tezliklə Qarabağda hərbi əməliyyatlar bərpa oluna bilər. Aprel döyüşləri də göstərdi ki, silahlanma sahəsində Azərbaycan bir çox üstünlüklərə malikdir. Və həmin üstünlüklər hələ də qalır. Aydındır ki, münaqişə ətrafındakı mövcud vəziyyət sonsuzadək davam edə bilməz”, – deyə Felqenhauer vurğulayıb. 



Rusiyalı ekspert Naxçıvanda Türkiyə hərbi bazasının yerləşdirilməsi məsələsinə də toxunub. Onun fikrincə, belə bir addım Rusiyanın xoşuna gəlməyəcək. Türkiyənin Suriyada kompromislərə getməsi müqabilində Rusiyanın Naxçıvanda türk hərbi bazasının yaradılması məsələsində güzəştlərə getməsinin mümkünlüyünə gəlincə, Felqenhauerin fikrincə, çətin ki, Ankara Suriyadakı maraqlarından asanlıqla imtina etsin. 

Ermənistanın Suriyaya humanitar missiya göndərmək qərarını şərh edən Felqenhauer bunu, son zamanlar ikitərəfli münasibətlərdəki gərginlik fonunda Paşinyan hökumətinin Moskvanın xoşuna gəlmək cəhdi adlandırıb. Ekspertin sözlərinə görə, İrəvanın bu addımı çətin ki, Qərbin Ermənistanla münasibətlərinə ciddi şəkildə təsir edəcək.



“Qərbdəki əsas gərginlik İranla bağlıdır. Ermənistanın İranlala sıx ticari əlaqələri – Vaşinqtonla münasibətlərdə İrəvan üçün ciddi problem bax budur. Çünki ABŞ-ın indiki administrasiyası üçün başlıca düşmən Rusiya yox, İrandır. ABŞ-la münasibətlərdə Ermənistanın İranla yaxınlığı Suriyada hansısa humanitar missiyadan daha pisdir”.

Bütün bu faktları nəzərə alaraq, rusiyalı hərbi ekspert Ermənistanla Azərbaycanın da cəlb olunacağı iri regional müharibənin proqnozunu verib. “Əgər qarşıdurma yaranarsa və İran ABŞ, Səudiyyə Ərəbistanı və İsraillə müharibə edərsə, regiondakı vəziyyət kökündən dəyişəcək. Belə də, İranın müttəfiqi olan Ermənistanın aqibəti bəlli olmayacaq. Regionda böyük müharibə istisna deyil və hadisələr bu cür inkişaf edərsə, Cənubi Qafqazın “öz çaxnaxması” başlaya bilər”, – deyə Felqenhauer qeyd edib.(azvision)
 

Şərhlər