Azərbaycan müharibə və müdafiə strategiyasını gücləndirir - Bakıda mühüm anlaşma

27.09.2018 16:16     Siyasi reaksiya     907

Paytaxtda Beynəlxalq Müdafiə Sərgisinin keçirilməsində əsas hədəf; Fransa ilə də hərbi sahədə razılaşma - Azərbaycan hərbi gəmilər istehsal edəcək; Qarabağ məsələsində Ermənistanın güvəndiyi Parislə hərbi əməkdaşlıq daha da genişlənə bilər...

Qarabağ danışıqlarının artıq iki ildir dalanda olması, 25 ildir BMT-nin 4 məlum qətnaməsinin kağız üstündə qalması fonunda Azərbaycan hərbi qüdrətini artırmaqda davam edir. Bu da təbiidir. Çünki ərazisinin 20%-i işğal altında olan məhz Azərbaycandır. Hərbi qüdrətin artırılması isə həm ölkənin müdafiə qabiliyyətinin möhkəmlənməsi, o sırada strateji obyektlərin daha effektli şəkildə mühafizəsini, həm də sözsüz ki, işğalçı qüvvələrin ərazimizdən çıxarılmasını təmin edəcək döyüşkən ordunun qurulmasını özündə ehtiva edir.

Əlamətdardır ki, bu yöndə Azərbaycan özünün hərbi sənaye-kompleksini də inkişaf etdirir, hərbi təyinatlı məhsullar, o sırada Ermənistanın qorxulu röyası olan  pilotsuz uçan aparatları istehsal edən özəl və birgə zavodların sayını artırır. Silah alıcısından tədricən silah istehsalçısına çevrilir. Sentyabrın 25-də Bakı Ekspo Mərkəzində açılan və davam edən üçüncü “ADEX-2018" Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi bunu bir daha sübut edir.

***

Xatırladaq ki, sərgi dünyanın 29 ölkəsini təmsil edən 224 şirkətini bir araya gətirib. Regionda ən böyük silah və hərbi texnika ekspozisiyalarından ibarət genişmiqyaslı bu tədbir müasir silah və avadanlıqların, Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişi üçün geniş imkanlar açır.

Xəbər verildiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev sərgi ilə tanış olub, Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin pavilyonunda nümayiş etdirilən hərbi məhsullara baxıb. Müasir silah və texnikanın, habelə milli müdafiə sahəsində Azərbaycanın gücü və qüdrətinin böyük nümayişinə çevrilən sərgidə son illərdə ölkəmizdə istehsal olunan yüngül və ağır hərbi texnikalar nümayişə çıxarılıb.

ilham Əliyev ADEX 2018 ile ilgili görsel sonucu

Ümumilikdə, sərgidə quru qoşunları və hərbi hava qüvvələrinin texnika və silahları, hərbi aviasiya silahları, Hava Hücumundan Müdafiə sistem və vasitələri, xüsusi təyinatlı əmlak və vasitələr, informasiya texnologiyaları, kosmik texnologiyalar, ordunun inzibati və texniki təchizatı ilə bağlı yeniliklər nümayiş olunur.

Sərgidə təmsil olunan şirkətlərin sayının çoxluğuna görə ilk dördlüyə Türkiyə (41 şirkət), Rusiya (25 şirkət), İsrail (14 şirkət) və Belarus (10 şirkət) daxildir. Ümumilikdə ziyarətçi şirkət və qurumlarla birlikdə sərginin coğrafiyası 44 ölkəni əhatə edir. Onların arasında ilk dəfə olaraq, Avropa Birliyinin aparıcı dövlətlərindən biri - Fransa da var. 

ilham Əliyev ADEX 2018 ile ilgili görsel sonucu

Fransanı təmsil edən “Naval Group” şirkəti hərbi-dəniz müdafiəsi sahəsində Avropa lideridir. Şirkət əsasən sualtı qayıqları və gəmiləri layihələndirir və inşa edir. Fransanın sərgidəki digər iştirakçısı isə “Thales” şirkətidir. Şirkət sərgidə hava hərəkətinin idarəolunması, hava müşahidə sistemləri, zirehli maşınlar, təlim və simulyasiya üzrə məhsul və xidmətlərini təqdim edir.

Beləliklə, “ADEX” sərgisi dünyanın silah bazarında ixrac üçün təklif olunan hərbi sənaye kompleksinin müxtəlif sahələri üzrə müasir müdafiə texnologiyaları, hərbi texnikanın ən son nümunələri ilə tanış olmaq imkanı yaradır. Bu sərgi ən son silah nümunələrinin nümayiş olunması və beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində yeni müqavilələrin imzalanması üçün artıq əla platformaya çevrilib.

*****

“Naval Group” ile ilgili görsel sonucu

Yeri gəlmişkən, sentyabrın 26-da məlum olub ki, Azərbaycanla Fransa hərbi-texniki sahədə əməkdaşlığı genişləndirməyə hazırlaşır. “Azərbaycan Fransa ilə müştərək əsasda hərbi patrul gəmiləri istehsal etməyi nəzərdə tutur”. “Yeni Müsavat”ın məlumatına görə, bunu “Report”a Fransanın “Naval Group” şirkətinin Azərbaycandakı nümayəndəsi Kristof Blö bildirib. O, hazırda məsələ ilə bağlı hərtərəfli danışıqlar aparıldığını deyib.

“OPV-90 tipli hərbi gözətçi gəmiləri bütövlüklə Azərbaycanda istehsal olunacaq. Burada söhbət ayrı-ayrı parçaları gətirib yığmaqdan yox, məhz bütöv bir istehsal prosesindən gedir. Həmin gəmi su üzərində dayanıqlı olub Azərbaycanın Xəzərdə suveren hüquqlarını təmin etməyə layiqli töhfə verəcək” deyə, Fransa şirkətinin təmsilçisi qeyd edib. OPV-90 gəmisinin həmçinin gəmivuran raketlər sistemilə təchiz olunduğu, iki 5-10 tonluq helikopteri qəbul edə bildiyi də qeyd olunub.

Doğrudur, söhbət hələ ki Xəzər hövzəsində Azərbaycanın təhlükəsizliyinə xidmət edəcək hərbi gəmilərdən gedir. Ancaq iki dövlət arasında hərbi sferada əməkdaşlıq tədricən digər, daha önəmli hərbi anlaşmalara da gətirə bilər. Məsələn, az öncə Fransanın Azərbaycana müasir silahlar satmağa hazır olduğu haqda məlumat yayılmışdı.

*****

Ä°lgili resim

Yada salaq ki, Fransa Qarabağ probleminin dinc həllinə məsul edilmiş ATƏT-in Minsk Qrupunun 3 həmsədrindən biridir. Eyni zamanda erməni lobbisinin ən güclü olduğu, saxta soyqırım məsələsində ən ermənipərəst mövqe sərgiləyən bir Qərb ölkəsidir. Fransa prezidentlərindən biri Ermənistanı hətta “Fransanın kiçik bacısı” adlandırmışdı.

Bu mənada Azərbaycanın Fransa ilə hərbi sahədə əlaqələr qurması prinsipial əhəmiyyət kəsb edir. Hər necə olmasa, ikitərəfli əlaqələrin çoxvektorluğu, ölkəmizdə Fransa biznesinin böyüməsi enində-sonunda rəsmi Parisin Qarabağ məsələsində də daha ədalətli mövqe tutmasına gətirə bilər. Üçüncü yandan, Azərbaycan digər həmsədr dövlətdən - Ermənistanın əsas müttəfiqi olan Rusiyadan böyük həcmdə silah-sursat alırsa, Fransa və onun hərbi-sənaye kompleksi də bunu edə bilər.

Beləcə, Azərbaycan müdafiə və müharibə strategiyasını cilalamaqda davam edir - həm də silahlanma siyasətini İsrail, Türkiyə, Pakistan, Belarusla yanaşı, artıq Fransa kimi nüfuzlu Avropa dövləti hesabına şaxələndirməklə. Bu xüsusda “ADEX” sərgisi dünyanın silah bazarında ixrac üçün təklif olunan hərbi sənaye kompleksinin müxtəlif sahələri üzrə müasir müdafiə texnologiyaları, hərbi texnikanın ən son nümunələri ilə tanış olmaqla yanaşı, beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində yeni müqavilələrin imzalanması üçün gözəl imkanlar açır.      

Reaksiya.az

Şərhlər