Aprel ayında seçkilər keçiriləcəyi xəbərləri...; deputat: "Siyasi məqsədəuyğunluq olarsa..."

05.01.2019 16:14     Siyasi reaksiya     826

Aprel ayında növbədənkənar parlament seçkilərinin keçiriləcəyi barədə xəbərlər yayılır. İddialara görə, növbədənkənar prezident seçkiləri kimi bu seçkilər də seçki kampaniyasına çox az qalmış təyin edilə bilər.

Hələ ki, hakimiyyət düşərgəsindən növbədənkənar parlament seçkilərinin olacağı barədə xəbərlərə hər hansı şəkildə reaksiya yoxdur. Lakin nəzərə alsaq ki, keçən ilin bu vaxtlarında da yaz aylarında növbədənkənar prezident seçkisinin gözlənildiyi barədə xəbərlər yayılanda rəsmi dairələrdən heç bir təsdiq xarakterli mövqe bildirilmirdi. Buna baxmayaraq yayılan xəbərlər doğruldu-aprel ayında növbədənkənar prezident seçkisi keçirildi. Bu dəfə də belə olacağı istisna deyil.

Növbədənkənar parlament seçkilərinin keçirilməsinin lazım olub-olmadığı məsələsinə gəlincə, siyasətçilər arasında bu məsələdə yekdil rəy yoxdur. ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, siyasi deyil, hüquqi baxımdan yeni parlament seçkiləri keçirilməlidir. Çünki artıq xeyli vaxtdır yeni konstitusiya qəbul olunub, parlamentin səlahiyyətləri dəyişdirilib. Əslində keçən il növbədənkənar parlament seçkilərinə gedilməliydi. Buna gedilməməsinin özü yanlışdır: “Çünki referendumun nəticələri-konstitusiya dəyişikliyi yeni parlamentin formalaşdırılmasını tələb edir. Ona görə də parlament seçkiləri keçirilməlidir. Yaxın aylarda belə bir qərarın veriləcəyi istisna deyil. Vaxtı ilə prezident seçkiləri ilə bağlı bizim verdiyimiz bəyanata da qarşı çıxılırdı, amma sonradan həyata keçirildi”.

Deputat Fazil Mustafa isə bildirdi ki, növbədənkənar parlament seçkilərinin olacağı barədə onda hansısa informasiya yoxdur. Konstitusiya dəyişikliyi və növbədənkənar prezident seçkilərinin keçirilməsi isə parlamentin buraxılması və yeni parlament seçkiləri keçirilməsi zərurətini yaratmır: “Növbədənkənar parlament seçkiləri keçirilməsinin vacibliyini söyləyənlərin mövqeyi əslində siyasi istəklərin reallaşdırılması arzusundan doğan siyasi məsələdir. Siyasətlə həvəskar kimi məşğul olan insanlar hər dəfə bir mövzu üzərində fikir bildirməyə çalışırlar. Amma bir fikir bildirəndə onu Konstitusiya ilə əsaslandırmağa əslində əsası olmayan cəhdlər edirlər. Konstitusiyada dəyişikliklərdə Milli Məclislə bağlı hər hansı bir dəyişikliyi nəzərdə tutan yeni müddəalar qoyulmayıb. Deputatın etik qaydaları haqqında qanun qəbul olunması məsələsi qoyulmuşdu. Həmin qanun da qəbul olundu. Parlamentlə bağlı başqa bir məsələ nəzərdə tutulmayıb ki, təcili parlament seçkiləri keçirilməsi zərurətini yaratmış olsun. Milli Məclisin buraxılıb yeni seçkilərin keçirilməsini əsaslandıracaq bir hüquqi və siyasi situasiya yoxdur. Konstitusiya dəyişikliyi də bunu ehtiva eləmir. Sadəcə ara-sıra bəzi şəxslər arzu etdikləri məsələni konstitusion tələb kimi göstərməyə çalışırlar. Fikrimcə bu, doğru deyil”.   

Deputat Fazil Mustafa ile ilgili görsel sonucu

F.Mustafa xatırlatdı ki, Milli Məclis üzvlərindən bir neçə nəfər başqa vəzifələrə gediblər, bir nəfər vəfat edib. Cəmi 6 deputat yeri hazırda boşdur. Bu da çox sayı əhatə eləmir. O baxımdan da yanaşılsa növbədənkənar parlament seçkilərinin keçirilməsi zərurəti yoxdur: “Amma siyasi məqsədəuyğunluq olarsa, əlbəttə seçki vaxtından qabaq da keçirilə bilər. İndiki halda isə bunu zəruri edən hansısa konstitusion şərt yoxdur. Konstitusiya dəyişiklikləri Milli Məclisin fəaliyyəti ilə bağlı hansısa konseptual yenilik gətirməyib. Parlamentlə bağlı hər hansı dəyişiklik olmayıb, ili artırılmayıb, strukturu dəyişməyib, qanunverici orqan olaraq səlahiyyətləri artırılmayıb, heç bir əlavə funksiya verilməyib ki, yenidən seçimə ehtiyac olsun. Prezidentliklə bağlı belə dəyişikliklər vardı deyə seçkilər irəli çəkildi”.

Xatırladaq ki, hazırda fəaliyyətdə olan V çağırış Milli Məclisə seçkilər 2015-ci ilin noyabrında keçirilib, hazırkı Milli Məclis 3 ildən artıqdır fəaliyyət göstərir. Deputatların səlahiyyət müddəti 5 ildir. Növbədənkənar seçkilər olmayacağı halda ölkədə növbəti parlament seçkiləri 2020-ci ildə keçirilməlidir.

Şərhlər