MÜDAFİƏ SƏNAYESİ NAZİRLİYİ LƏĞV EDİLDİ, BAZASINDA YENİ QURUM YARADILDI –Fərman

14.01.2019 19:54     Siyasi reaksiya     873

Bu gün Prezident İlham Əliyev fərman verib.

Reaksiya.az xəbər verir ki, fərmana əsasən, ölkədə dövlət idarəetmə strukturunu optimallaşdırmaq, müdafiə sənayesinin inkişafının dayanıqlılığını təmin etmək, bu sahədə idarəetmə mexanizmlərini daha təkmilləşdirmək, habelə sənayeləşmənin yeni mərhələsində mövcud potensialdan səmərəli istifadə etməklə Azərbaycanın regionda silah istehsal edən əsas sənaye mərkəzlərindən birinə çevrilməsinə nail olmaq məqsədi ilə aşağıdakı qərar verilib:

1. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin əsasında “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Cəmiyyət) yaradılsın.

2. Cəmiyyətdə ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

2.1. Azərbaycan Respublikasının Prezidentinə:

2.1.1. Cəmiyyətin nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;

2.1.2. Cəmiyyətin İdarə Heyəti sədrinin və sədr müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

2.1.3. Cəmiyyətin yenidən təşkili və ləğvi;

2.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

2.2.1. bu Fərmanın 2.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

3. Müəyyən edilsin ki:

3.1. Cəmiyyət qabaqcıl texnologiyaları tətbiq etməklə Azərbaycan Respublikasında silah istehsalını, ixracını, onların ölkə daxilində və xaricdə satışının təşkilini həyata keçirən, müasir menecment və korporativ idarəetmə standartları əsasında tabeliyində olan müəssisələrin fəaliyyətinin əlaqələndirilməsini və bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirən kommersiya hüquqi şəxsidir;

3.2. Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti üç üzvdən – Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi İdarə Heyətinin sədrindən və onun iki müavinindən ibarət İdarə Heyəti həyata keçirir.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. üç ay müddətində:

4.1.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.1.3. Cəmiyyətin nizamnaməsinin layihəsini, strukturu, o cümlədən nizamnamə kapitalının miqdarı barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.1.4. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisələrin Cəmiyyətin tabeliyinə verilməsi, habelə beynəlxalq təcrübə nəzərə alınmaqla, onların fəaliyyətində səmərəliliyinin daha da artırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.1.5. Cəmiyyətin balansına veriləcək aktivləri fəaliyyət profilinə uyğun olaraq təsnifləşdirsin, onun fəaliyyət istiqamətləri ilə uzlaşmayan və ya problemli aktivləri müəyyən etsin və beynəlxalq təcrübə nəzərə alınmaqla, həmin aktivlərin mərhələli şəkildə Cəmiyyətin balansından çıxarılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.1.6. Cəmiyyətin tabeliyinə veriləcək müəssisələrin infrastruktur təminatının yaxşılaşdırılması ilə bağlı tədbirlər görsün və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.2. bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş gündən:

4.2.1. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin normativ hüquqi aktlarına münasibətdə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 7.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyəti Cəmiyyətin təklifləri əsasında həyata keçirsin və nəticəsi barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.2.2. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin balansında olan dövlət əmlakının Cəmiyyətin balansına verilməsini bir ay müddətində təmin etsin və nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Cəmiyyət “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi öz fəaliyyətini davam etdirsin.

6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar