Prezidentin Davos çıxışı: ölkə üçün yeni imkan yaranır

23.01.2019 13:48     Siyasi reaksiya     710

Davos İqtisadi Forumunda Azərbaycan nümayəndə heyətinin rəhbəri ölkə Prezidenti idi. Təbii ki, bu, Azərbaycanın foruma verdiyi əhəmiyyətin mühüm göstəricisidir.

Bu sözləri Prezident İlham Əliyevin Davos İqtisadi Forumundakı çıxışını şərh edən iqtisadçı alim Vüqar Bayramov deyib. Ekspert hesab edir ki, bu il keçirilən Davos İqtisadi Forumu ölkəmiz üçün faydalı hesab edilə bilər:

“Bu forumun Azərbaycanın prioritetləri baxımından əhəmiyyəti daha çoxdur. Çünki yanvarın əvvəllərində Azərbaycan genişmiqyaslı struktur islahatlarına başladı. Azərbaycan 2019-cu ildə daha çox xarici sərmayə cəlb etmək və bütövlükdə biznes, real sektor və xüsusən də qeyri-neft sektorunun dəstəklənməsi siyasətinin genişləndirilməsini hədəfləyir. Ötən il Azərbaycan iqtisadiyyatına 17 milyard manatdan artıq sərmayə qoyulub. Bunun da əhəmiyyətli hissəsi qeyri-neft sektoruna yönəldilib. 2019-cu ildə də Azərbaycan üçün xarici sərmayənin qeyri-neft sektoruna cəlb edilməsi çox vacibdir. Bu baxımdan da əsas prioritetlərdən biri xarici sərmayənin payının artırılmasıdır”.

İqtisadçı qeyd edib ki, Prezidentin Davosda keçirdiyi görüşlər və sessiyadakı çıxışları Azərbaycana investisiyaların cəlb edilməsi baxımından bir baza formalaşdırır:

“Prezident forumda aparıcı televiziya kanallarına ölkənin iqtisadi potensialı və aparılan iqtisadi islahatlarla bağlı məlumat verməklə xarici investorları və şirkətləri Azərbaycana dəvət etdi. Xarici investorlar üçün investisiya etmək istədiyi ölkənin prezidenti tərəfindən dəvət olunmaq fərqli imkanlardır. Bu baxımdan da ölkə rəhbərinin Davosda iştirakı və çıxışları Azərbaycan iqtisadiyyatına daha çox sərmayənin cəlb edilməsi baxımından vacibdir. Güman edirəm ki, Davos İqtisadi Forumunda Azərbaycanın potensialının, islahatlar və biznes mühiti ilə bağlı məlumatların təqdim edilməsi bu mənada mühüm rol oynayacaq. Nəzərə alsaq ki, 2018-ci ildə Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşıb. Bu, dünyanın ən yaxşı investisiya mühitinə malik olan 25 ölkəsindən biri olmaq deməkdir. Bu kontekstdə Davos İqtisadi Forumu Azərbaycan üçün qeyri-neft sektoruna xarici sərmayənin cəlb edilməsi baxımından bir imkan kimi qiymətləndirilməlidir”.

Qeyd edək ki, İsveçrənin Davos şəhərində illik Dünya İqtisadi Forumu öz işinə başlayıb. Foruma 110 ölkədən 3 mindən çox iştirakçı qatılıb.(axar)

Reaksiya.az

Şərhlər

Çox oxunanlar