Ermənistan cəmiyyəti, yoxsa hakimiyyəti daha güzəştsizdir?

Elçin Mirzəbəyli: “Tarixdə ermənilərin azərbaycanlılara sülh üçün yalvarmaları ilə bağlı kifayət qədər faktlar var”; Akif Nağı: “Erməni hökuməti məsuliyyəti cəmiyyətin üzərinə atmağa çalışır”

Bu yaxınlarda İrəvanda səfərdə olan “Turan” informasiya agentliyinin əməkdaşı Şahin Hacıyev  mediaya açıqlamasında bildirib ki, Qarabağ məsələsində Ermənistan cəmiyyəti Ermənistan hökumətindən daha güzəştsiz mövqedədir. Hökumət güzəştlərə getmək istəsə belə, bu vəziyyətdə cəmiyyətin sərt reaksiyasından çəkinər.

Erməni cəmiyyətinin daha güzəştsiz və sülhdən uzaq mövqedə olması barədə deyilənlər “Torpağı işğalda olan biz olduğumuz halda, nədən erməni cəmiyyəti daha sərt mövqedədir? Erməni cəmiyyətini bu əhval-ruhiyyədən çıxarmaq üçün nə edilməlidir? Bəlkə güc yolu seçilsə məcburi yumşalarlar” suallarını gündəmə gətirir.

Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, əslində bizə erməni xisləti və təfəkkürü ilə bağlı böyük təcrübə qazandırmalı olan, geridən buraxdığımız yüzillik bir tarix var. Amma nədənsə, toplum olaraq keçmişdən nəticə çıxarmırıq. Vazkeçilməz olanlardan belə vaz keçməyi bacarırıq və bəzən də bunun adını tolerantlıq qoyuruq. Amma unutqanlıq tolerantlıq deyil, immun sistemini kənar təsirlər qarşısında müqavimətsiz buraxmaqdır: “Yəqin siz də diqqət yetirmisiniz ki, son zamanlar ”sülh göyərçinləri"nin sayı durmadan artır. Bəziləri ictimai qınaqdan çəkinməsələr, “Qardaş olub Hayastan Azərbaycan” mahnısını yeni interpretasiyada da ifa edərlər. Onlardan bəziləri “darı” qoxusuna görə canfəşanlıq edir, bəzilərinin isə mənəviyyatında aşırı deqredasiya baş verib. Amma sevindirici hal da odur ki, cəmiyyətimizin əhəmiyyətli hissəsi ölkənin ərazi bütövlüyü ilə bağlı məsələni özünün keçilməz sərhəd xətti hesab edir. İlk növbədə Azərbaycan prezidentinin milli maraqlarımız, ərazi bütövlüyümüz, suverenliyimiz, istiqlalımızla bağlı mövqeyi güzəştsizdir.

Şahin Hacıyevin mülahizələrinə gəldikdə isə onu deyə bilərəm ki, bir azərbaycanlı jurnalistin Ermənistana səfər edərək bu ölkədəki ictimai rəyi öyrənmək istəməsi gerçək bir mənzərənin əldə edilməsi baxımından mümkünsüzdür. Bu, çox uğursuz və ziyanlı layihədir. Çünki son nəticədə onunla görüşən ermənilər onların fikirlərinin Azərbaycan cəmiyyətinə çatdırılacağından əmindirlər və təbii ki, güzəştsiz mövqe tutduqlarını nümayiş etdirməklə Ermənistanın maraqlarından çıxış edəcəklər. Əslində erməni cəmiyyəti təqdim olunduğu kimi güzəştsiz deyil. Tarixdə ermənilərin azərbaycanlılara sülh üçün yalvarmaları ilə bağlı kifayət qədər fakt var".

Politoloq qeyd etdi ki, aprel döyüşlərindən sonra Ermənistan cəmiyyətindəki ruh düşkünlüyü müstəvisində sülh çağırışlarının kifayət qədər açıq şəkildə ifadə olunduğunun şahidi olmuşuq. Lokal və sarsıdıcı bir zərbə Ermənistan cəmiyyətinin alt qatındakı bütün zəifliyi ortaya çıxara bilər: “Ermənilərin müqavimət gücü, ən sarsıdıcı zərbələrə davam gətirmək potensialı bizim qədər deyil. Onlar, sadəcə, yaxşı təşkilatlanıblar və özlərini geosiyasi oyunların alətinə çevirməyi bacarırlar. İndi vəziyyət dəyişib. Regiondakı geosiyasi və geoiqtisadi amillər bizim xeyrimizədir. İndiki şəraitdə bizim işğalçı Ermənistanla və işğal altındakı Azərbaycan torpaqlarında və hələ işğaldan öncə yaşayan ermənilərlə bağlı iki fərqli siyasətimiz olmalıdır. Biz Qarabağdakı ermənilərə təhlükəsiz həyat və rifah, Ermənistana isə işğala son qoymayacağı təqdirdə fəlakət vəd etməliyik. Və mütəmadi olaraq bu mövqeyimizi konkret addımlarla möhkəmləndirməliyik”.

Akif Nağı ile ilgili görsel sonucu

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə bildirdi ki, əslində erməni cəmiyyətində elə radikal fikrin olması inandırıcı deyil. Bu fikrin görüntüsünü yaratmağa çalışırlar: “Beynəlxalq mərkəzlərin, o cümlədən erməni mərkəzlərinin təşkil etdiyi bu səfərlər də ona xidmət edir ki, ermənilərin guya bu barışmaz mövqeyini Azərbaycan cəmiyyətinə çatdırsınlar. Əslində Ermənistan hakimiyyəti barışmaz mövqedədir. Erməni hökuməti o cür rəy yaratmaqla diqqəti özlərindən uzaqlaşdırmağa, məsuliyyəti cəmiyyətin üzərinə atmağa çalışır. Mən guya ermənilərin bir hissəsi yumşaq, o biri hissəsi sərt mövqedədir fikrinin Azərbaycan cəmiyyətinə sırınmasının qəti əleyhinəyəm, ermənilərin hamısı Qarabağ məsələsində demək olar ki, eyni mövqedədir. Bundan çıxış yolu isə yalnız müharibədir. Bu gün Azərbaycanda artıq hamı müharibə deyir. İki gün öncə Beyləqanda Qaradağlı faciəsinin ildönümü ilə bağlı müxtəlif tədbirlərdə iştirak etdik, çoxlu sayda insanlarla görüşdük, o cümlədən yüksək rütbəli zabitlər, əsgərlərlə, dövlət adamları, Qarabağ döyüşçüləri və sadə insanlarla görüşdük. Hər kəs torpaqlarımızın azad olunması üçün hərbi əməliyyatların başlanmasını istəyir və müharibəyə hazırdır”.

Reaksiya.az

Advertisement Banner

Şərhlər

Çox oxunanlar