Hikmət Hacıyev Nikol Paşinyana cavab verib

28.02.2019 15:59     Siyasi reaksiya     815

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar formatı bəllidir, formatın dəyişdirilməsi müzakirə mövzusu deyil və ola da bilməz. Danışıqlar prosesi ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişə tərəfləri olaraq Ermənistan və Azərbaycan arasında aparılır.

Bunu Oxu.Az-a açıqlamasında Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. 

H.Hacıyev bildirib ki, Ermənistandakı hakimiyyət dəyişikliyindən sonra Prezident İlham Əliyev və Nikol Paşinyan arasında üç dəfə təmasın olması, Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında dörd dəfə görüşün keçirilməsi danışıqların mövcud format əsasında aparılmasının bariz nümunəsidir.

“Ermənistan rəhbərliyinin danışıqlar prosesinin formatının dəyişdirilməsi barədə iddiaları qəsdən danışıqları dalana salmaq və danışıqlar prosesini pozmaq cəhdlərindən başqa bir şey deyildir. Buna görə məsuliyyət tam şəkildə Ermənistan tərəfinin üzərinə düşür”, - deyə PA rəsmisi qeyd edib.

“Danışıqlar prosesində hökumətin prioritet tapşırıqlarından biri Qarabağın subyektliyinin  artırılmasıdır. Azərbaycanlı prezidentlə görüşməliyik. Görüşdə hər hansı gündəm olmayacaq, bununla belə, əsas istiqamət olaraq danışıqlar prosesinin formatı müzakirə olunacaq”, - “Tert.am” xəbər saytı N.Paşinyanın bəyanatından sitat gətirib. 

“Bu format ətrafında razılıq əldə olunmayınca, təmasları rəsmi danışıqlar hesab etmək olmaz. Biz danışıqlar prosesində Qarabağın yeni subyektlik səviyyəsinə çatması üçün əlimizdən gələni etməliyik”, - deyə Ermənistan baş naziri bildirib.

Reaksiya.az

Şərhlər