ZAKİR HƏSƏNOV BMT BAŞ KATİBİNİN MÜAVİNİ İLƏ GÖRÜŞDÜ

Amerika Birləşmiş Ştatlarında (ABŞ) işgüzar səfərdə olan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov BMT Baş Katibinin müavini - BMT-də Sülhməramlı Əməliyyatlar Departamentinin rəhbəri cənab Jan Pyer Lakrua ilə görüşüb.
 
Müdafiə Nazirliyindən Reaksiya.az-a bildirilib ki, J.P.Lakrua Azərbaycanın indiyədək sülhməramlı əməliyyatlarda, xüsusilə Əfqanıstanda həyata keçirilən missiyada fəaliyyətlərini və beynəlxalq təhlükəsizliyə dəstəyin davamı olaraq Cənubi Sudan Respublikasında Azərbaycan hərbçilərinin iştirakını yüksək qiymətləndirib.
 
General-polkovnik Z.Həsənov BMT-nin Sülhməramlı Əməliyyatlarına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində keçiriləcək görüşdə iştirak etməkdən məmnunluq hissi keçirdiyini vurğulayıb.
 
Regiondakı hərbi-siyasi vəziyyətə toxunan Müdafiə naziri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verərək Ermənistanın BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə məhəl qoymamasını BMT Baş Katibi müavininin diqqətinə çatdırıb.
 
Müdafiə naziri bildirib ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir, lakin, eyni zamanda, ölkəmiz BMT-nin xartiyasına uyğun olaraq, öz torpaqlarını istənilən vasitə ilə azad etmək hüququnu özündə saxlayır.
 
Görüşdə tərəflər ölkəmizin BMT-nin sülhməramlı əməliyyatlarda iştirakının perspektivləri barədə də geniş fikir mübadiləsi aparıblar.
Advertisement Banner

Şərhlər