Paşinyan Vyana görüşünə qədər nələr etdi?

29.03.2019 12:44     Siyasi reaksiya     781

Bu gün Vyanada Ermənistan Baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında görüş baş tutacaq.

Axar.az xəbər verir ki, bu, Paşinyanın hakimiyyətə gəlməsindən sonra iki ölkə liderinin həyata keçirəcəyi ilk rəsmi görüş olacaq.

Görüşdə tərəflərin Qarabağ konfliktinin həll variantlarını müzakirə etməsi nəzərdə tutulub. Ermənistan tərəfi isə görüşdə heç bir gündəmin olmadığını açıqlayıb.

Liderlərin görüşündən əvvəl dünən Vyanada xarici işlər nazirlərinin beşinci görüşü baş tutub. Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan arasındakı görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri də iştirak edib.

Maraqlı məqamlardan biri də görüşdən öncə İrəvanın atdığı addımlar olub. Belə ki, Baş nazir Nikol Paşinyan Vyanaya getməzdən əvvəl qondarma rejimin rəhbəri Bako Saakyanla telefon danışığı aparıb. Üstəlik, Paşinyan Vyanaya parlament qarşısında hesabat verərək gedib. Parlamentdəki çıxışında Ermənistan lideri yenidən qondarma rejimin danışıqlar prosesinə cəlbi məsələsindən bəhs edib və bu mövqelərindən əl çəkməyəcəklərini bildirib.

Görüşdən öncə Ermənistan tərəfinin atdığı maraqlı addımlardan başqa biri Madrid prinsiplərini gündəmə gətirməsi olub. İrəvanı buna vadar edən ATƏT-in Minsk Qrupu həmsədrlərinin Qarabağın həlli ilə bağlı yaydıqları bəyanat olub. İrəvan əvvəlcə qondarma rejimin, daha sonra hökumətə yaxın ictimai xadimlər vasitəsilə bu prinsiplərin yenilənməsinə ehtiyac olduğunu dilə gətirib. Hakim Mənim Addımım Blokundan olan deputat Ovanes İgidyan hökumətə yaxın “Lragir.am” saytına müsahibəsində Madrid prinsiplərini “arxaik yanaşma” adlandırıb. Paşinyan isə kritik görüşdən 10 gün öncə Ermənistanın Qarabağla bağlı mövqeyini yumşalda biləcəyini, amma bunun üçün tərəfdaşlarının mövqelərini yumşaltması gərəkdiyini deyib.

İrəvan həmçinin rəsmi görüşdən bir həftə öncə Xarici İşlər naziri Zöhrab Mnatsakanyanı Moskvaya məxfi səfərə göndərib. Səfəri çərçivəsində Mnatsakanyan həm Xarici İşlər naziri Sergey Lavrov, həm də ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri İqor Popovla görüşüb.

Əslində ATƏT-in Minsk Qrupu həmsədrlərinin yaydığı bəyanat rəsmi görüş öncəsi Azərbaycanın əlinə oynayan əsas kartdır. Bu bəyanatdan dərhal sonra məlumat yayan Azərbaycan Xarici İşlər Nazirliyi bunun Paşinyan hakimiyyəti üçün siqnal olduğunu vurğulayıb. Madrid prinsiplərindən imtinaya gəlincə isə rəsmi Bakı hələlik bu fikirdə olmadığını və Madrid prinsiplərinə alternativ olaraq İrəvanın irəli sürdüyü təkliflərin qəbuledilməz olduğunu vurğulayıb.

Qeyd edək ki, indiyə qədər Azərbaycan prezidenti ilə Ermənistan baş naziri arasında qeyri-rəsmi 3, xarici işlər nazirləri arasında isə 4 görüş olub. Azərbaycan və Ermənistan liderləri indiyə qədər Düşənbə, Davos və Sankt-Peterburqda bir araya gəliblər.

Reaksiya.az

Şərhlər