Paşinyan Əliyevi görən kimi nələri unutdu? - Marqaryan Vyana GİZLİNLƏRİNİ AÇDI

05.04.2019 14:57     Siyasi reaksiya     788

Ermənistanda baş nazir Nikol Paşinyan Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlardan məğlub qayıtmaqda ittiham olunur. Ermənilər bildirirlər ki, Paşinyan görüşdən əvvəl cəsarətli danışırdısa, görüşdən sonra bu cəsarət yoxa çıxdı.

Publika.az xəbər verir ki, erməni jurnalist Ruben Marqaryan “Ermənistanın səsi” qəzetində dərc olunan məqaləsində Paşinyanı geri çəkilməkdə günahlandırıb. 

“Bizim baş nazirimiz əvvəlcə bu və ya digər məsələdə mövqeyini qəti şəkildə bildirir, lakin sonra bu qəti mövqe qəfil yoxa çıxır və prinsipial bəyanatların verilməsi vaxtı başqa mövzulardan danışır. Əliyevlə Vyanada keçirilən görüşdə də Paşinyan eyni formada davrandı. O, görüşdən əvvəl təntənəli sürətdə elan etdi ki, Vyanada ilk olaraq Dağlıq Qarabağ hakimiyyətinin bilavasitə danışıqlarda iştirakı məsələsini qaldıracaq, daha sonra Minsk qrupu tərəfindən elan edilmiş üç əsas prinsip və nizama salmanın altı elementinin izahını tələb edəcək. Görüşdən öncə Paşinyan belə danışırdı, lakin görüş başa çatdı və heç kim Vyanada iki saat ərzində onun Əliyevlə nə danışdığını, əvvəldən elan etdiyi tələbləri səsləndirdiyini bilmir. Lakin görüşdən sonra Minsk qrupunun bəyanatından aydın olur ki, nə Qarabağın danışıqlarda iştirakı, nə də nizama salma elementləri ilə bağlı izahat tələbi səsləndirilib. Paşinyan sadəcə bildirdi ki, “görüş normal keçdi”. İlham Əliyev isə görüşdən sonra bəyan etdi ki, danışıqlar bundan sonra da ikitərəfli formada davam edəcək, nizama salmanın əsas prinsiplərinə gəlincə, Bakının mövqeyi dəyişmədi, Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür. Paşinyan bundan incidi, guya o, iki saat ərzində başqa şeydən danışıb, Əliyev başqa şey haqqında danışır. “Facebook”da canlı yayıma çıxan baş nazir bildirdi ki, “udmaq, yaxud uduzmaq haqqında danışmaq doğru deyil, bu yanaşma köhnəlib”. O, qeyd etdi ki, görüşdə Qarabağın danışıqlarda iştirakı məsələsi qaldırılıb, lakin heç bir nəticə verməyib. Amma bu məsələni bundan sonrakı görüşlərdə də qaldıracaq. Üç prinsip, altı element məsələsində gəlincə Paşinyan bunun böyük məsələ olduğunu, yalnız bir görüşdə müzakirə edilib həll olunmasının mümkünsüz olduğunu bəyan etdi. Hərçənd, o görüşdən əvvəl başqa, görüşdən sonra isə başqa sözlər danışır və bu onun Vyanada məğlub olduğunu təsdiqləyir. Görünür, baş nazirimiz Əliyevi görən kimi qəti mövqeyini unudub”, - deyə müəllif qeyd edib.

Reaksiya.az

Şərhlər