Tahir Kərimlidən “Bakını xilas planı”-rəsmilər nə deyir?

Noyabrın 13-də Milli Məclisin plenar iclasında deputat Tahir Kərimli təklif səsləndirib ki, paytaxtı tıxacdan xilas etmək üçün Bayıl-Zığ gəmi yolunu açmaq lazımdır. Deputat hesab edir ki, çox da məsrəf tələb etməyən bu layihə ilə “Azneft” meydanı ətrafında hər gün yaranan tıxacın qarşısını almaq mümkündür.

Doğrudan da qeyd edilən ərazidə  hər gün pik saatlarda tıxac problemi yaşanır. Bu ərazidə şəhərin ən yüklü yerlərindən biri hesab edilir. Bakının giriş və çıxışı olmaqla yanaşı, ərazidə xeyli sayda otellər, idarələr, qurumlar və eləcə də əyləncə mərkəzləri yerləşir. Ona görə də şəhərdə xarici qonaqlar olduğu zaman ərazidəki sıxlıq bir qədər də artır. Bundan Bakıda keçirilən “Formula-1" yarışları zamanı da mərkəzi yollar bağlandığı üçün Bayıl ərazisində yaşayan sakinlər çətinlik çəkirlər. Bütün bu xüsusları nəzərə alan ekspertlər də hesab edirlər ki, Bakıda dəniz və ya gəmi yolunu ərsəyə gətirməyin zamanıdır.

 

Bir zamanlar Bakıda sıxlığı azaltmaq üçün asma körpü salmaq istəyirdilər. Lakin sonradan devalvasiyanın baş verməsi və yaranan maddi sıxıntılar bu kimi iri layihələrin kağız üzərində qalmasına səbəb oldu. Kağız üzərindəki layihəyə görə, uzunluğu 26 km olacaq körpünün 17 kilometri dənizin altı ilə salınacağı nəzərdə tutulub. Körpü Bakı şəhərinin mərkəzi hissəsinə daxil olmadan şimal və cənub hissələrini birləşdirəcəkdi. Ancaq olmadı...

 “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat katibi Mehman Mehdiyev “Yeni Müsavat”a bildirib ki, onlar hazırda yalnız yükdaşımaları həyata keçirirlər: “Təklif kimi bu fikirlər tez-tez səsləndirilir. Yəqin ki, gələcəkdə bu kimi təkliflər nəzərdən keçiriləcək. Hazırda biz Xəzər dənizində yük daşımalarına və  neft-qaz hasilatında dənizçilik xidmətinə köməklik göstəririk”.

Nəqliyyat ekspert  Elməddin Muradlı “Yeni Müsavat”a bildirib ki, bu cür layihənin həyata keçirilməsi nəqliyyatın yükünün azaldılması baxımdan müsbət hal olar: “Bu ideya uzun illərdir ki, gündəmdədir. Bir çox çərçivələrdə məsələ müzakirə edilir. Əslində dənizdə gəmi yolunu da yaratmaq olar, yol çəkib, avtomobilin də hərəkətini təmin etmək mümkündür. Çünki dənizə, okeana yaxın olan ölkələr bu cür marşrutlardan istifadə edirlər. O baxımdan da bizdə də mümkün ola bilər. Hətta sovet dönəmində belə bir marşrut olub. Yəni hazırkı ”Əhmədli" metrostansiyası yaxınlığından Bayıl ərazisinə belə daşımalar həyata keçirilib. Hazırda elə bir dövrdür ki, bundan bəhrələnmək mümkündür. Lakin bu zaman da qiymətlər nəzarətdə saxlanmalıdır. “Komfortlu gəmidir” deyib, baha qiymət də tətbiq etmək olmaz. Əgər qiymətlər normal olarsa, o zaman layihə kifayət qədər uğurlu alınar. Çünki taksi sürücülərinin kobud münasibətini görməkdənsə, sürücü elə dəniz yolunu üstün tutar. Ona görə də müvafiq qurumlar bunu müzakirə edib, müvafiq addım ata bilərlər. Bu, həm də turizm baxımından da uğurlu addım ola bilər".

Məlumat üçün bildirək ki,  Bakı Xəzər hövzəsində ən böyük limandır. Ona görə yüklərin və sərnişinlərin əsas hissəsi buradan daşınır. Bakı - Mahaçqala, Bakı- Həştərxan, Bakı- Ənzəli, Bakı - Aktou, Bakı - Manqıstan dəniz xətləri ilə neft, neft məhsulları, ərzaq, meşə materialları daşınır. Bakıdan gəmi ilə Qara dənizə çıxmaq üçün aşağdakı su yollarında keçmək lazımdır: Bakı - Həştərxan, Volqa çayı, Volqa - Don kanalı, Don çayı, Azov dənizi və Kerç boğazı və Qara dəniz. Kür və Araz çaylarından daxili su nəqliyyatından istifadə etmək olar. Kür çayı 600 km məsafədə Yevlaxa qədər gəmiçiliyə yararlıdır. Lakin bu imkanlardan istifadə edilmir.

Dəniz nəqliyyatı Xəzər hövzəsi ölkələri ilə əlaqə saxlanmasında və onlarda çıxarılan neftin Azərbaycandan keçməklə dünya bazarına çıxarılmasında böyük əhəmiyyət kəsb edir. Bakı-Türkmənbaşı, Bakı-Bekdaş və Bakı-Aktau gəmi-bərələri yük və sərnişin daşıyır. Bakı-Türkmənbaşı gəmi-bərə xətti 1962-ci ildən işləyir.

Azərbaycanın Xəzərsahili ölkələrlə əlaqələr saxlamasında Bakı-Mahaçqala, Bakı-Həştərxan, Bakı-Ənzəli, Bakı-Aktau və Bakı-Atırau dəniz yolu xətlərinin əhəmiyyəti böyükdür. Onlar vasitəsilə neft, neft məhsulları, ərzaq, taxta-şalban daşınır.

Reaksiya.az

Advertisement Banner

Şərhlər

Çox oxunanlar